Azərbaycan Respublikasnın Auditorlar Palatasında “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”na həsr edilmiş hibrid yığıncaq keçirildi

2022-ci ilin 06 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında Palata Şurası üzvlərinin, Palatanın Şurası yanında komitə sədrlərinin və Palata əməkdaşlarının iştirakı ilə Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində imzalanmış “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”na həsr edilmiş yığıncaq keçirildi.

Yığıncaq iştirakçıları tərəfindən insan hüquqlarından və azadlıqlarından, qanunun aliliyindən, biznesdə insan haqlarının qorunması – kənar ekspertlərin cəlb edilməsindən, hesabatlılıqdan, sosial auditdə istehsalatda insan hüquqlarının qorunmasının təsdiqindən, tövsiyələrin verilməsindən, xarici tərəfdaşların cəlbindən, şəffaflıq və qeyri – maliyyə hesabatlılığından, sosial hesabatlılıqdan, rəqəmsal iqtisadiyyat şəraitində sahibkarların hüququndan bəhs edildi.

Bildirildi ki, Auditorlar Palatasının işinin mühüm bir hissəsi insan hüquqlarının tərkib hissəsi olan sahibkarların, mülkiyyətçilərin hüquqlarının  qorunmasına yönəlib və “Auditor xidməti haqqında Qanun”dakı mülkiyyətçilərin, o cümlədən auditorların hüquqlarının qorunması insan hüquqlarının qorunmasının ayrılmaz hissəsidir. Mülkiyyətçilərin hüquqlarının qorunmasının təminatçısı dövlətdir. Lakin mülkiyyətçilərə, vergi ödəyicilərinə, mühasibat uçotu subyektlərinə, audit sifarişçilərinə qarşı hər hansı bir qurumun, orqanın və ya istənilən bir təsirin qarşısını alan, peşə baxımından onların hüquqlarının keşiyində duran məhz müstəqil auditorlardır.

Mövzu ətrafında çıxışlarda Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatasının Şurası yanında Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin  sədri, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin sədri, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva, Auditorlar Palatasının Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri, “VXA - Audit” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Elçin Qurbanov, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədri, “ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı, Auditorlar Palatasının Şurası yanında Haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin  idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov və Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin müdiri  Rövşən Cəfərli çıxış edərək insan hüquqlarının qorunması ilə əlaqədar Auditorlar Palatası tərəfindən son dövrlərdə görülən təqdirəlayiq işlərdən bəhs etdilər.

Tədbirin sonunda ölkəmizdə audit sahəsində insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, problemlər barədə geniş müzakirələr aparıldı və bu barədə hesabatın hazırlanıb Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına təqdim olunmasına dair qərar qəbul edildi.

 

 

 

Qalareya