2022-ci ilin 03 iyun tarixində “İqtisadi subyektin maliyyə sabitliyi, ödəmə qabiliyyətliyi və likvidliyi” (moderator – Qəşəm Bayramov, məruzəçilər – Nəcəf Talıbov, Vəli Rəhimov, Namiq Abbaslı) mövzusunda seminar və “Auditdə psixoloji məqamlar” (moderator – Qəşəm Bayramov, məruzəçi – Nəcəf Talıbov) mövzusunda “ustad dərsi” keçirildi.
Moderator Qəşəm Bayramov “İqtisadi subyektin maliyyə sabitliyi, ödəmə qabiliyyətliyi və likvidliyi” mövzusunda seminar haqqında geniş məlumat verərək müəssisə və təşkilatların maliyyə sabitliyinin xarici təzahürü onun ödəmə qabiliyyətliliyi olduğunu və əgər müəssisə və təşkilatların pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları (qiymətli kağızlar, digər müəssisə və təşkilatlara müvəqqəti maliyyə yardımı) və aktiv hesablaşmaları (debitorlarla hesablaşmalar) onun qısamüddətli öhdəliklərini ötürsə, onda müəssisə və təşkilatların ödəmə qabiliyyətli hesab olunduğunu bildirdi.
O, qeyd etdi ki, müəssisə və təşkilatların maliyyə sabitliyinin iqtisadi mahiyyəti ehtiyat və xərclərin formalaşma mənbələri ilə təmin olunmasından ibarətdir. Maliyyə sabitliyinin təhlili üçün vəsait mənbələrinin miqdarı (kəmiyyəti) ilə ehtiyatların miqdarı (kəmiyyəti) arasındakı fərq kimi hesablanan ehtiyatların və xərclərin formalaşması üzrə vəsaitlərin artıqlığı və ya çatışmazlığı göstəricisini hesablamaq lazımdır. Ona görə də təhlil üçün, hər şeydən əvvəl, müəssisə və təşkilatların ehtiyat və xərclərinin formalaşması üzrə mövcud olan vəsait mənbələrinin həcmini müəyyənləşdirmək lazımdır.
Moderator, müəssisə və təşkilatların kredit sisteminin, həmçinin, digər müəssisələrlə qarşılıqlı əlaqə prosesində daim yaranan borcları üzrə kreditödəmə qabiliyyətinin təhlilinin aparılmasına ehtiyac duyulduğunu, kreditödəmə qabiliyyəti - müəssisə və təşkilatların öz borclarını, öhdəliklərini vaxtlı-vaxtında və tamamilə ödəmə qabiliyyətli olduğunu söylədi.
Daha sonra o qeyd etdi ki, kreditödəmə qabiliyyətinin təhlilinin gedişində müəssisə və təşkilatların aktivlərinin likvidliyinin və balansının likvidliyinin müəyyənləşdirilməsi üzrə hesablaşmalar aparılır. Aktivlərin likvidliyi aktivlərin pula çevrilməsi üçün lazım olan müddətdir. Yeni aktivlərin pula çevrilməsinə nə qədər az vaxt sərf olunarsa, o qədər də onlar likvidlidir. Balansın likvidliyi pula çevrilməsi müddəti öhdəliklərin ödənilməsi müddətinə uyğun gələn aktivlərin müəssisə və təşkilatın öhdəliklərini örtməsi dərəcəsini göstərir. Balansın likvidliyi müəssisə və təşkilatın öhdəlikləri və aktivləri arasında bərabərliyin bərqərar edilməsi ilə əldə olunur.
Sonda moderator balansın likvidliyinin təhlilinin texniki cəhəti aktiv üzrə vəsaitlərin passiv üzrə öhdəliklərlə tutuşdurulmasından (müqayisə edilməsindən) ibarət olduğunu və balansın likvidliyini müəyyənləşdirmək üçün hesablanmış aktivlər qruplarını öhdəliklər qrupları ilə müqayisə etməyin zəruri olduğunu bildirərək sözü məruzəçi Nəcəf Talıbova verdi.
Məruzəçi öhdəliklərin ödəmə müddətlərinin artması dərəcəsinə görə balansın öhdəlikləri qruplaşdırılması, likvidlik əmsallarının hesablanması, sürətli (aralıq və ya təcili) likvidlik, mütləq likvidlik, maliyyə sabitliyi, ödəmə qabiliyyətliliyi, ödəniş qabiliyyəti əmsalı və cari öhdəliklərin məbləği haqqında geniş məlumat verdi.
O, likvidliyin aktivlərin bazara yaxın qiymətə tez satılma (pula çevrilmə) qabiliyyəti olduğunu, balansda şirkətin aktivlərinin likvidliyinin azalan ardıcıllığı ilə yerləşdiyini, öhdəliklərin ödəmə müddətlərinin artması dərəcəsinə görə balansın öhdəliklərinin ən təcili öhdəliklər, ortamüddətli öhdəliklər, uzunmüddətli öhdəliklər, daimi öhdəliklər olmaqla qruplara bölündüyünü söylədi.
Sonda məruzəçi ödəmə qabiliyyətinin təsərrüfat subyektinin sərəncamında olan pul vəsaitləri hesabına qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş pul öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyəti olduğunu, müəssisənin ödəmə qabiliyyətinin müəyyən bir tarixdə müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün cəlb etdiyi mövcud və potensial maliyyə resurslarını nəzərə alan və növbəti hesablaşma dövrü üçün onun maliyyə sabitliyi/qeyri-sabitlik dərəcəsini göstərən ödəmə qabiliyyəti əmsalı ilə müəyyən edildiyini qeyd etdi.
Daha sonra moderator Qəşəm Bayramov “Auditdə psixoloji məqamlar” mövzusunda “ustad dərsi”nə keçid edərək keyfiyyətin idarə edilməsində və audit tapşırığının keyfiyyətinin təhlilində psixoloji məqamların düzgün qiymətləndirilməsinin çox böyük əhəmiyyəti olduğunu (xüsusilə maliyyə hesabatlarının auditində əhəmiyyətli təhriflərin aşkar edilib-edilməməsində) bildirdi.
O, “Auditdə psixoloji məqamlar” mövzusunun tədris predmeti olmadığını, müddəaların tətbiqi könüllü olduğunu, informativ xarakter daşıdığını və bu mövzunun yalnız fərdi təcrübəyə arxalandığını və mübahisə predmeti olmadığını bildirərək sözü məruzəçi Nəcəf Talıbova verdi.
Məruzəçi mövzu ətrafında çıxış edərkən sifarişdən imtina etmək baryeri, emosional mənfi və ya müsbət rəy bildirilməsi, sifarişçinin ailə üzvü, yaxını ilə təmasda olmaq və ya tanışlığı barədə məlumat vermək, aşkar edilmiş nöqsanları nümayişkəranə bəyan etmək, danışıqlar və ya müzakirələr zamanı telefon zənglərinə cavab vermək (başqaları ilə emosional danışmaq), xüsusilə başqa şirkətlə problemlər haqqında danışmaq (kənarda danışmaq)), şəxsi problemlərdən danışmaq, xəstəlik və ya neqativ hadisələr barədə söhbət açmaq, qonorarlardan, gəlirlərdən, danışmaq, suallara ekspromt cavab verməmək (reqlament və ya rəqəmli cavablardan başqa), auditin dəyərinin təcili ödənilməsini tələb etmək kimi məsələlərə toxundu.
O bildirdi ki, yalnız təklif olunan xidmət haqqı audit tapşırığının həcminə müvafiq olmadıqda, audit tapşırırığının şərtləri auditin prinsiplərinə açıq aşkar zidd olduqda, Audit tapşırırığının şərtləri qanunveiciliyə və etik tələblərə zidd olduqda sifarişdən imtina etmək peşəkarlıq əlamətidir.
Sonda məruzəçi bildirdi ki, aşkar edilmiş nöqsanları nümayişkəranə bəyan etməyin məxfilik prinsipinə ciddi təhdid yaratdığını və auditorun imicinə xələl gətirdiyini, danışıqlar və ya müzakirələr zamanı telefon zənglərinə cavab verməyin (başqaları ilə emosional danışmaq), xüsusilə başqa şirkətlə problemlər haqqında danışmağın (kənarda danışmaq)) danışıqlar və ya müzakirələr zamanı telefon zənglərinə cavab verməyin (başqaları ilə emosional danışmaq), xüsusilə başqa şirkətlə problemlər haqqında danışmağın (kənarda danışmaq)) şəxsi problemlərdən danışmaq, xəstəlik və ya neqativ hadisələr barədə söhbət açmağın, qonorarlardan, gəlirlərdən, danışmağın auditorun məxfilik prinsipinin pozulmasına səbəb olduğunu, auditorun imicinə xələl gətirdiyini bildirdi.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminar və ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 97 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Qalareya