Azərbaycan Respublikasının Auditorlar Palatasında “MHBS 16. İcarə müqavilələri üzrə təlim” və “MHBS və BAS tətbiqi zamanı əsas yol verilən səhvlərin araşdırılması və praktiki izahların verilməsi” mövzularında ustad dərsi keçirilmişdir

2022-ci ilin 27 may tarixində “MHBS 16. İcarə müqavilələri üzrə təlim” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi – “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit şöbəsinin meneceri Ziya Mikayılov) və “MHBS və BAS tətbiqi zamanı əsas yol verilən səhvlərin araşdırılması və praktiki izahların verilməsi” (moderator –  Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi –  “Alfa-Audit” Qapalı Səhmdar Cəmiyyətinin auditoru Aygün Səfərova) mövzularında ustad dərsi keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “MHBS 16. İcarə müqavilələri üzrə təlim” mövzusunda ustad dərs haqqında geniş məlumat verərək icarə müqavilələri “İcarələr” adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı ilə tənzimləndiyini və standartın icarələrin tanınması, ölçülməsi, təqdimatı və məlumatın açıqlanması üzrə prinsipləri müəyyən etdiyini bildirdi.

O, bu standartı tətbiq edərkən müəssisənin müqavilələrin müddəalarını və şərtlərini və bütün müvafiq faktları və halları nəzərə almasını və faydalı qazıntı, neft, təbii qaz və digər bərpa olunmayan təbii ehtiyatların kəşfiyyatı və ya istifadəsi ilə bağlı icarə müqavilələri, 41 №-li Kənd Təsərrüfatı adlı MUBS-nın əhatə dairəsinə daxil olan, icarəçilərin sərəncamında olan bioloji aktivlər, BMHŞK-nın Xidmət üzrə Konsessiya Müqavilələri adlı 12 №-li Şərhinin əhatə dairəsinə daxil olan, xidmət üzrə konsessiya müqavilələri, 15 №-li Müştərilərlə Müqavilələr üzrə Gəlirlər adlı MHBS-nın əhatə dairəsinə daxil olan, əqli mülkiyyət hüququ ilə bağlı icarədar tərəfindən verilən lisenziyalar, 38 №-li qeyri-maddi Aktivlər adlı MUBS-nın əhatə dairəsinə daxil olan, lisenziya müqavilələri üzrə icarəçiyə məxsus kinofilmlər, video yazılar, tamaşalar, əlyazmalar, patentlər və müəllif hüquqları kimi obyektlər üzrə hüquqlar istisna olmaqla, sub-icarə vasitəsilə istifadəetmə hüququ olan aktivlərin icarəsi də daxil olmaqla bütün icarələrə tətbiq etməli olduğunu qeyd edərək sözü məruzəçi Ziya Mikayılova verdi.

Ziya Mikayılov mövzu ətrafında çıxış edərkən 16 saylı MHBS-nin icmalı və əhatə dairəsi, icarə müqaviləsinin müəyyən edilməsi, icarəçi tərəfindən uçot, icarədar tərəfindən uçot, qüvvəyə minmə və yeni standarta keçid tarixi kimi vacib məsələlərə toxundu.

O, pərakəndə satışda ticarət və anbar sahələrinin icarəsi, topdansatışda - əsasən anbar sahələrinin icarəsi, telekommunikasiyada - baza stansiyaları üçün meydançaların icarəsi, nəqliyyat sənayesində - təyyarə və gəmilərin icarəsi; bank sektorunda - binaların, özünəxidmət mərkəzləri üçün meydançaların, nəqliyyat vasitələrinin, telekommunikasiya avadanlıqlarının (məlumatların ötürülməsi üçün xətlər və tezliklərin) icarəsi, sənayedə - binaların və torpaq sahələrinin icarəsi əməliyyatlarının geniş yayıldığını bildirdi.

Məruzəçi bildirdi ki, icarəçi tərəfindən uçotun aparılması zamanı icarənin başlanğıcı tarixinə icarəçi aktivi icarə üzrə istifadə hüququ və öhdəlik kimi tanımalı, icarənin başlanğıcı tarixinə icarəçi aktivi ilkin dəyər üzrə istifadə hüququ kimi qiymətləndirməli və icarənin başlanğıcı tarixinə icarəçi icarə üzrə öhdəliyi həmin tarixə hələ aparılmamış icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri üzrə qiymətləndirməlidir.

Daha sonra moderator Qəşəm Bayramov “MHBS və BAS tətbiqi zamanı əsas yol verilən səhvlərin araşdırılması və praktiki izahların verilməsi” mövzusunda ustad dərsinə keçid etdi. O, Maliyyə Hesabatlarının Beynəlxalq  Standartlarının tələblərinə uyğun olaraq Maliyyə Hesabatlarının hazırlanmasına və ədalətli  təqdimatına görə  müəssisənin  rəhbərliyi və  məsul şəxslərinin, auditorun isə audit apararkən Beynəlxalq  Audit Standartlarının tələblərinin düzgün tətbiqinə görə  məsuliyyət  daşıdığını qeyd etdi.

O, bildirdi ki, auditor  auditi zamanı BAS-ın tələblərinə uyğun olaraq etik  normalara əməl etməli və auditi  elə bir şəkildə planlaşdırmalı  və aparmalıdır  ki, maliyyə  hesabatlarında əhəmiyyətli  təhriflərin olmadığına ağlabatan əminlik əldə edə bilsin.

Q.Bayramov  auditorun əsas vəzifəsi apadığı audit əsasında maliyyə hesabatlarına rəy verməkdən ibarət  olduğunu və audit nəticəsində  aşkar etdiyi nöqsan və çatışmazlıqlar barədə müəssisənin rəhbərliyinə məlumat verməsinin zəruri olduğunu qeyd  edərək sözü məruzəçi Aygün Səfərovaya verdi.

Məruzəçi “MHBS və BAS tətbiqi zamanı əsas yol verilən səhvlərin araşdırılması və praktiki izahların verilməsi” mövzusu ətrafında çıxış edərək mühasibat uçotunun subyekti olan ictimai əhəmiyyətli qurumlarda, iri və orta sahibkarlıq subyektlərində, mikro sahibkarlıq subyektlərində, publik hüquqi şəxslərdə, qeyri-kommersiya təşkilatlarında Maliyyə Hesabatlarının Beynəlxalq standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün MHBS-nın və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi, mühasibat uçotu subyektlərinin əsasən BMHS-nı, auditor təşkilatları və ya sərbəst auditorların isə BAS-nı tətbiq edərkən nə zaman səhvlərə və ya pozuntulara yol verdikləri və yoxlanılan təşkilatın şəxsi heyətinin və rəhbərliyinin qanunsuz hərəkətlərinin təsnifatı barədə geniş məlumat verdi.

Daha sonra məruzəçi A.Səfərova 210 saylı “Audit tapşırığı şərtlərinin razılaşdırılması”, 230 saylı “Auditin sənədləşdirilməsi”, 240 saylı “Maliyyə Hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, 250 saylı ”Maliyyə Hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması” və 300 saylı “Maliyyə Hesabatlarının auditinin planlaşdırılması” adlı BAS-ların tətbiqindən danışdı.

Sonda o 1-ci “Audit işinin qəbulu”, 2-ci “Planlaşdırma”, 3-cü “Auditin aparılması”,  4-cü “Yekun işlər” mərhələlərini misallarla geniş şərh etdi.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 117 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası