2022-ci ilin 24 may tarixində “Korrupsiya hüquq pozmalarının aşkar edilməsində və profilaktikasında auditorların yol verdikləri tipik təşkilati və prosedur səhvlərin şərhi” (moderator – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) və “Şirkətin maliyyə-mühasibat sahəsindəki nöqsanlardan azad olunması istiqamətində əlaqəli auditor xidmətinin göstərilməsi” (məruzəçi – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.
Moderator Nəcəf Talıbov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Korrupsiya hüquq pozmalarının aşkar edilməsində və profilaktikasında auditorların yol verdikləri tipik təşkilati və prosedur səhvlərin şərhi” mövzusunda seminar haqqında məlumat verərək sözü məruzəçi Elnur İbrahimov verdi.
Mövzu ətrafında çıxış edən məruzəçi auditorların korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı maarifləndirilməsi, auditorların nəzərə alması və izləməsi zəruri olan hallar, korrupsiya halları aşkar edildikdə auditorların hərəkətləri, audit zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi və izlənilməsi haqqında geniş məlumat verdi.
Auditorlar Palatası sədrinin 2016-cı il 1 avqust tarixli 10 saylı əmri ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizədə auditin təşkilinə dair Metodik Göstəriş”in əhəmiyyətindən danışan məruzəçi auditorlar tərəfindən korrupsiya faktı aşkar edildikdə və ya şübhə yarandıqda, bu barədə məlumatlar, müraciətlər və materiallar daxil olduqda müvafiq hüquq mühafizə orqanlarına birbaşa və ya Auditorlar Palatası vasitəsi ilə məlumat verildiyini qeyd etdi.
Məruzəçi eyni zamanda bildirdi ki, auditor qanun və qaydalara riayət olunmaması haqqında məlumat əldə edərsə, onun baş verməsi halları və yerinə yetirilən fəaliyyət haqda ümumi biliyə və maliyyə hesabatlarına göstərdiyi mümkün təsirlərin qiymətləndirilməsində digər əhəmiyyətli məlumata malik olmalıdır. Auditorun mühakiməsinə əsasən, qanun və qaydalara riayətetməmə ciddi və ya qəsdən törədilmiş hesab olunarsa, o, bu haqda dərhal məlumat verməlidir. Auditor tərəfindən qanun və qaydalara riayət etməməyin maliyyə hesabatlarına ciddi təsirə malik olması və eyni zamanda, maliyyə hesabatlarında müvafiq qaydada əks etdirilməməsi aşkar edilərsə, bu barədə o, şərti müsbət və ya mənfi rəy verməlidir.
Daha sonra məruzəçi Nəcəf Talıbov “Şirkətin maliyyə-mühasibat sahəsindəki nöqsanlardan azad olunması istiqamətində əlaqəli auditor xidmətinin göstərilməsi” mövzusunda seminara keçid edərək mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.
Mövzu ətrafında çıxış edən məruzəçi maliyyə-mühasibat sahəsindəki səciyyəvi nöqsanlar, mühasibat uçotu standartları Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları, kommersiya təşkilatlarının mühasibat uçotu və maliyyə hesabatları, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu, Auditorlar Palatası Şurasının 2015-ci il 30 sentyabr tarixli 266/2 saylı qərarı ilə təsdiq edilmiş əlaqəli auditor xidmətlərinin göstərilməsinə dair metodik göstəriş, maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər, əlaqəli xidmətlərin göstərilməsinin ümumi qaydaları, tələblər, tərəflərin məsuliyyəti və əlaqəli xidmətlərin göstərilməsinin və onun nəticələrinin rəsmiləşdirilməsi haqqında geniş məlumat verdi.
O, əlaqəli auditor xidmətlərinin maliyyə hesabatlarının auditi aparılan subyektlərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər və maliyyə hesabatlarının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olmayan əlaqəli xidmətlər haqqında məlumat verərək mühasibat uçotonun qurulmasının, uçotun aparılması və hesabatların tərtib edilməsinə nəzarətin (idarətməyə dair qərarlar verilməməsi şərtilə), vergilərin və digər məcburi ödəmələrin hesablanması və ödənilməsinə nəzarətin, maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin, investisiya layihələrinin qiymətləndirilməsinin, daxili nəzarət sisteminin qiymətləndirilməsinin, muhasibat uçotu sisteminin iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin, vəkalətnamə əsasında üçüncü şəxslər qarşısında iqtisadi subyektin mənafelərinin təmsil edilməsinin, iqtisadi subyektin heyətinin təlimi və treninqlərin aparılmasının maliyyə hesabatlarının auditi aparılan subyektlərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlərə aid olduğunu, mühasibat uçotunun aparılması və bərpasının, ilkin uçot məlumatlarının əsasında auditor tərəfindən müstəqil olaraq vergi bəyannamələrinin tərtibinin, auditor tərəfindən müstəqil olaraq maliyyə hesabatlarının tərtibinin, daxili auditor funksiyasının yerinə yetirilməsinin maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olmayan əlaqəli xidmətlərə aid olduğunu bildirdi.
Sonda N.Talıbov əlaqəli xidmətlərin göstərilməsi zamanı auditorlardan sifarişçinin tapşırığının yazılı formada rəsmiləşdirilməsi (müqavilə, məktub-öhdəlik, texnki tapşırıq və ya razılaşma formasında), xidmətin göstərilməsi qaydasının formalaşdırılması, xidmətin göstərilməsinin sənədləşdirilməsi, ekspert və ya digər auditor cəlb edildiyi hallarda onların məsuliyyətinin və funksiyalarının dəqiq müəyyənləşdirilməsi, əlaqəli xidmətlərin göstərilməsini təsdiq edən yekun sənədlərin hazırlanması, əlaqəli xidmətlərin göstərilməsi üzrə daxili nəzarət tədbirlərinin tətbiqi kimi tələblərin tələb olunduğunu qeyd etdi.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminar və ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 82 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Qalareya