2022-ci ilin 23 may tarixində “Auditor xidmətinin sifarişçiləri və onların tənzimləyici qurumları ilə auditor seçiminə dair müsabiqə prosedurlarının təkmilləşdirilməsi” (moderator – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov, məruzəçilər – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) mövzusunda seminar və “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”, “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı” (moderatorlar – Aparatın rəhbəri Qəşəm Bayramov, Vəli Rəhimov, məruzəçilər – “Deloitte&Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin meneceri Zahid Qədimli, “Deloitte&Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin baş auditoru Nəriman Niftəliyev) mövzularında ustad dərsi keçirildi.
Moderator Elnur İbrahimov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditor xidmətinin sifarişçiləri və onların tənzimləyici qurumları ilə auditor seçiminə dair müsabiqə prosedurlarının təkmilləşdirilməsi” mövzularında seminar haqqında məlumat verərək sözü məruzəçi Vəli Rəhimova verdi.
Məruzəçi Auditor seçiminə olan mövcud tələblər barədə “Dövlət satınalmaları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasinin Qanunları, Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 nömrəli qərarı ilə bəyənilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”, Auditorlar Palatası Şurasının 2019-cu il 31 oktyabr tarixli 313/3 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər” haqqında geniş məlumat verdi.
Vəli Rəhimov Auditor xidmətlərinə dair müsabiqələr keçirilməsi üçün normativ hüquqi bazanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (27 dekabr 2001-ci il, № 245-IIQ), "Auditor xidməti haqqında" Azərbaycan Respublikasinin Qanunu (16 sentyabr 1994-cü il, № 882), Beynəlxalq Audit Standartları, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) kimi hüquqi sənədlərin təşkil etdiyini qeyd etdi.
Mövzu ətrafında geniş çıxışdan sonra moderator Qəşəm Bayramov “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında ustad dərsi haqqında məlumat verdi.
O, 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” beynəlxalq audit standartının (BAS) maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan dələduzluq faktları ilə bağlı auditorun məsuliyyətindən bəhs etdiyini, xüsusilə, 315 saylı (düzəliş edilmiş) BAS və 330 saylı BAS-ın dələduzluq üzündən baş vermiş əhəmiyyətli təhriflər riski ilə bağlı necə tətbiq olunmasını ətraflı şəkildə açıqladığını bildirərək maliyyə hesabatlarındakı təhriflərin ya dələduzluq, ya da səhv üzündən baş verə bildiyini və dələduzluq və səhvi bir-birindən ayıran amilin maliyyə hesabatlarında təhrifin baş verməsi ilə nəticələnən əsas hərəkətə qəsdən və ya bilməyərəkdən yol verilməsi olduğunu bildirdi.
Moderator 320 saylı “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditinin planlaşdırılması və yerinə yetirilməsində əhəmiyyətlilik konsepsiyasını tətbiq etməklə bağlı auditorun məsuliyyətindən bəhs etdiyini, 450 saylı BAS müəyyən edilmiş təhriflərin auditə və əgər olarsa, düzəliş edilməmiş təhriflərin maliyyə hesabatlarına təsirinin qiymətləndirilməsinə əhəmiyyətliliyin necə tətbiq olunmasını izah etdiyini və maliyyə hesabatı çərçivələrində çox vaxt əhəmiyyətlilik konsepsiyasının maliyyə hesabatlarının hazırlanması və təqdim olunması kontekstində təsvir edildiyini qeyd etdi.
Sonra moderator sözü məruzəçi Nəriman Niftəliyevə verdi. O, mövzular ətrafında geniş məruzə ilə çıxış etdi.
Məruzəçi 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” BAS-dan bəhs edərkən dələduzluq riskləri üzrə auditorun məqsədlərinin əhəmiyyətli təhriflər riskinin aşkarlanması və qiymətləndirilməsindən, qiymətləndirilmiş risklərə uyğun cavab tədbirlərinin hazırlanmasından və audit zamanı müəyyən olunmuş və ya ehtimal olunan dələduzluğa qarşı cavab verməkdən ibarət olduğunu bildirdi.
O, əhəmiyyətli təhrif risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi zamanı maliyyə hesabatları səviyyəsində rəhbərliyin nəzarət vasitələrinə məhəl qoymamasını, hesab qalıqları, əməliyyat kateqoriyaları və qeydlər səviyyəsində gəlirlərin təhrif olunmasını, dələduzluqla bağlı müəyyən olunmuş bütün əhəmiyyətli risklərin mühüm risklər kimi baxılmalı olduğunu vurğuladı.
320 saylı “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” beynəlxalq audit standartından bəhs edən məruzəçi təhriflərin maliyyə hesabatları əsasında qəbul olunmuş iqtisadi qərarlara təsir edərsə əhəmiyyətli hesab olunduğunu və əhəmiyyətliliyin auditin planlaşdırılmasında (əhəmiyyətli təhriflər risklərinin müəyyən olunması), auditin icrasında (prosedurlarının xüsusiyyəti, müddəti və həcminə təsir edir), təhriflərin auditə və audit rəyinə təsirinin müəyyən olunmasında istifadə olunduğunu bildirdi.
Məruzəçi maliyyə hesabatlarının elementlərinin, maliyyə hesabatlarının əsas istifadəçiləri və onların diqqətini cəlb edən maddələrin, müəssisənin fəaliyyət xüsusiyyətləri, mülkiyyət strukturu və maliyyələşməsinin, əsas meyarın nisbi dəyişkənliyinin əsas meyarın seçilməsinə təsir edən amillər olduğunu söylədi.
Daha sonra moderator Qəşəm Bayramov “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı” mövzusunda ustad dərsinə keçid edərək 570 saylı “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı” beynəlxalq audit standartı (BAS) müəssisənin fəaliyyətinin fasiləsizliyi və auditor hesabatı üçün nəticələr ilə əlaqədar maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyətindən bəhs etdiyini, müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalına əsasən, müəssisənin yaxın gələcəkdə öz fəaliyyətini davam etdirəcəyi nəzərdə tutduğunu, ümumi təyinatlı maliyyə hesabatları rəhbərliyin müəssisəni ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyəti, yaxud belə etmək üçün real alternativi olmadıqda, fəaliyyətinin fasiləsizliyi ehtimalına əsasən hazırlandığını, müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı müvafiq olduqda, müəssisə biznes fəaliyyətinin normal gedişində öz aktivlərini reallaşdıra və öhdəliklərini icra edə biləcəyi ehtimalına əsaslanaraq aktivlər və öhdəliklərin nəzərə alındığını bildirərək sözü məruzəçi Zahid Qədimliyə verdi.
Məruzəçi müəssisənin fəaliyyətinin fasiləsizliliyi ehtimalından bəhs edərkən maliyyə hesabatları müəssisənin yaxın gələcəkdə öz faəliyyətinin davam etdirəcəyi ehtimalı ilə hazırlandığını, 1 saylı MUBS rəhbərliyin müvafiq qiymətləndirmə aparmasını tələb etdiyini, müəssisənin fəaliyyətinin fasiləsizliyinin əsas prinsip olduğu halda müəssisə rəhbərliyinin müvafiq qiymətləndirmə aparmalı olduğunu qeyd etdi.
O, 540 saylı standarta uyğun olaraq auditorun məqsədinin maliyyə hesabatlarının hazırlanmasında faəliyyətin fasiləsizliyinin prinsipindən istifadənin məqsədəuyğunluğunu yoxlamaqdan, fəaliyyətin fasiləsizliyinə əhəmiyyətli şübhələr olub-olmaması barədə nəticə çıxarmaqdan və bu BAS-a uyğun hesabat verməkdən ibarət olduğunu bildirdi.
Sonda məruzəçi fəaliyyətin fasiləsizliyinə xalis cari öhdəliklər, təcili borclar, kreditorların imtinası, pul vəsaitlərinin mənfi hərəkəti, davamlı mənfi maliyyə nəticələri və s. kimi maliyyə əlamətlərinin, rəhbərliyin ləğvetmə niyyəti, əvəzetmə olmadan rəhbər işçilərin itirilməsi, rəqibin meydana çıxması və s. kimi əməliyyat əlamətlərinin və kapital normasına, digər qanun tələblərinə əməl olunmaması, qaydalarda, dövlət siyasətində dəyişiklik, təbii fəlakətlər və s. kimi digər göstəricilərin təsir etdiyini deyərək məruzəsini başa çatdırdı.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminar və ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator Q.Bayramov tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 109 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Qalareya