Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın yüksəldilməsi, o cümlədən ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına nail olunması məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və nəşr olunmuş “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə metodik materiallar Toplusu” kitabının 2022-ci ilin 20 may tarixində onlayn qaydada təqdimat mərasimi keçirilmişdir.
Dünya təcrübəsi göstərir ki, auditin keyfiyyətinə kənar nəzarətlə bərabər daxili nəzarət işinin düzgün təşkili və həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Auditor təşkilatında daxili nəzarət sisteminin təşkili və səmərəli fəaliyyəti ilk növbədə göstərilən auditor xidmətlərinin keyfiyyətinin təminatçısı olmaqla nəticə etibarı ilə auditi aparılan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının şəffaflığının artırılmasına xidmət edir ki, bu da öz növbəsində səhmdarlara və təsisçilərə, habelə menecmentə düzgün iqtisadi qərarlar qəbul etməyə imkan verir. Səmərəli daxili nəzarət sistemi bir tərəfdən baş verə bilən nöqsan və çatışmazlıqların qarşısının alınmasına, digər tərəfdən belə neqativ halların aşkar edilməsinə və aradan qaldırılmasına şərait yaradır. Beləliklə, daxili nəzarət sistemi bütövlükdə cəmiyyətdə müstəqil auditə inamın artırılmasını təmin etməklə ictimaiyyətin maraqlarına xidmət edir. Daxili nəzarət sistemi hər bir auditor təşkilatının ölçüsündən, sifarişçi kontingentinin xüsusiyyətlərindən, aparılan auditlərin mürəkkəbliyindən asılı olaraq bu sahədə idarəetmə siyasətinin məziyyətlərini, o cümlədən müstəqillik, tamlıq, obyektivlik, peşəkar səriştə və müvafiq yanaşma, məxfilik, peşəkar davranış, işçi heyətinin idarə edilməsi, sifarişçidən tapşırığın qəbulu və davam etdirilməsi, qarşılıqlı əlaqələrin səmərəliliyi və monitorinq proseslərini özündə əks etdirməlidir.
Auditor təşkilatları qarşısında bu sahədə duran vəzifələrin yerinə yetirilməsi onların üzərində ciddi öhdəliklər və məsuliyyət yaradır. Bunu nəzərə alaraq Auditorlar Palatası Şurasının 2021-ci il 18 iyun tarixli 331/6 nömrəli qərarı ilə auditor təşkilatlarında daxili nəzarət sisteminin yaradılması məcburi hesab edilmişdir.
Həmin vəzifələrin yüksək səviyyədə icrasına və auditor xidmətlərinin keyfiyyətlə yerinə yetirilməsinə nail olunması məqsədilə, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərliyi altında Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən "Auditor təşkilatında daxili nəzarət təşkili və həyata keçirilməsi üzrə metodik materiallar Toplusu" hazırlanmış və bu topluya daxil edilmiş çoxsaylı sənəd nümunələri tərtib edilmişdir.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq iştirakçıları salamladı və "Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə metodik materiallar Toplusu"nun əhəmiyyətini xüsusi vurğuladı. O, Toplunun şirkətdaxili nəzarəti, insan resursları ilə iş istiqamətini, auditorların peşəkar inkişafına dair tələblərini, sifarişçilərin məmnunluq səviyyəsinin qiymətləndirilməsini, daxili nəzarət prosedurlarının səmərəliliyini, işçi heyətin əmək ödənişlərini və mükafatlandırılmasını müəyyən edən metodik materialları özündə ehtiva etməsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Təqdimat mərasimində çıxış edən Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramovun, Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun, AMEA İqtisadiyyat İnstitutunun Maliyyə və pul-kredit şöbəsinin müdiri Yaşar Məmmədovun, “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslının, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadənin, sərbəst auditorlar İlqar Əlizadənin, Aftandil Əliyevin və Nigar Alxaszadənin çıxışlarından da göstərildiyi kimi, göstərilən materiallardan istifadə edilməsi auditor təşkilatlarına və sərbəst auditorlara daxili nəzarət sisteminin yaradılmasına, günün tələbləri səviyyəsində təşkilinə və uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.
Qalareya