2022-ci ilin 17 may tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Audit sübutu”, “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr”, “Kənar mənbədən təsdiqləmələr”  mövzularında “ustad dərsi” keçirilmişdir

2022-ci ilin 17 may  “Audit sübutu”, “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr”, “Kənar mənbədən təsdiqləmələr” (moderator – Auditorlar Palatası  Aparatının rəhbəri Qəşəm Bayramov, məruzəçi – Namiq Abbaslı – “ANR Audit” MMC-nin direktor-auditoru) mövzularında “ustad dərsi”  keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Audit sübutu”, “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr”, “Kənar mənbədən təsdiqləmələr” mövzularında seminar haqqında məlumat verdi.

O, qeyd etdi ki, “Audit sübutu” 500 saylı, “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr” 501 saylı, “Kənar mənbədən təsdiqləmələr” isə 505 saylı Beynəlxalq Audit Standartları ilə tənzimlənir.

500 saylı “Audit sübutu” beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditində audit sübutlarının nədən ibarət olduğunu izah edir və auditor rəyini əsaslandırmaq üçün kafi nəticələr çıxara bilmək məqsədilə yetərli münasib audit sübutları əldə etmək üçün audit prosedurlarını planlaşdırıb yerinə yetirməklə bağlı auditorun məsuliyyətindən bəhs edir.

Auditorun məqsədi auditor rəyini əsaslandırmaqdan ötrü məntiqi nəticələr çıxara bilmək məqsədilə yetərli münasib audit sübutları əldə etmək üçün audit prosedurlarını planlaşdırıb yerinə yetirməkdir.

501 saylı “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr” beynəlxalq audit standartı (BAS) müəssisənin mal-material ehtiyatlarının və cəlb edildiyi məhkəmə prosesləri və iddiaların müəyyən aspektləri, eləcə də maliyyə hesabatlarının auditində seqmentlər üzrə məlumatla bağlı 330 saylı, 500 saylı və digər BAS-lara müvafiq olaraq yetərli münasib audit sübutunun əldə edilməsində auditorun xüsusi mülahizələrindən bəhs edir. 

Auditorun məqsədi aşağıdakılarla bağlı yetərli münasib audit sübutunun əldə edilməsidir:

(a)     Mal-material ehtiyatlarının mövcudluğu və vəziyyəti;

(b)     Müəssisənin cəlb olunduğu məhkəmə proseslərinin və iddiaların təqdimatının tamlığı; habelə

(c)   Seqmentlər üzrə məlumatın maliyyə hesabatlarının tətbiq olunan çərçivələrinə uyğun hazırlanması və açıqlanması.

505 saylı “Kənar mənbədən təsdiqləmələr” beynəlxalq audit standartında (BAS) 330 saylı BAS-ın və 500 saylı BAS-ın tələblərinə müvafiq olaraq audit sübutları əldə etmək üçün kənar təsdiqləmə prosedurlarının tətbiqi məsələləri nəzərdən keçirilir. Bu standart 501 saylı BAS-da nəzərdən keçirilən məhkəmə prosesləri və iddialar ilə əlaqədar sorğuları tənzimləmir.

Müvafiq surətdə audit şəraitlərindən asılı olaraq, auditorun təsdiqləyici tərəflərdən birbaşa kənar mənbədən təsdiqləmələr formasında əldə etdiyi audit sübutları müəssisənin daxilində əldə edilmiş sübutlarla müqayisədə daha dürüst ola bilər.

Bu BAS-ın məqsədi münasib və etibarlı audit sübutları əldə etmək üçün kənar təsdiqləmə prosedurları hazırlayıb həyata keçirməkdə auditora kömək etməkdir.

Daha sonra moderator sözü məruzəçi Namiq Abbaslıya verdi.

Məruzəçi “Audit sübutu” 500 saylı, “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr” 501 saylı, “Kənar mənbədən təsdiqləmələr” isə 505 saylı Beynəlxalq Audit Standartları haqqında geniş məlumat verdi.

O, 500 saylı “Audit sübutu” Beynəlxalq Audit Standartından bəhs edərkən əldə edilmə mənbəyinə görə audit sübutlarının daxili, kənar, qarışıq növlərini, yoxlanılan maliyyə hesabatlarına nəzərən sübutların birbaşa və dolayı növlərini, təqdim edilmə üsuluna görə sübutların yazılı və şifahi növlərinin olduğunu qeyd etdi.

Məruzəçi riskin xarakteri və həcminə dair auditor qiymətləndirməsinin, yoxlanılan maddələrin əhəmiyyətliliyinin, auditorun təcrübəsinin, auditor prosedurlarının nəticələrinin, alınan məlumatların mənbəyi və etibarlılığının audit sübutlara dair auditorun mühakimələrinə təsir etdiyini, maliyyə hesabatlarında təhriflər riskinin (risk nə qədər yüksək olarsa, daha çox sübut tələb olunur), audit sübutlarının keyfiyyətinin (sübutların keyfiyyəti nə qədər yüksək olarsa, daha az sübut tələb olunur) audit sübutlarının yetərliliyinə təsir etdiyini, məlumatın mənbəyinin(kənar, daxili), məlumatın təqdim edilmə formasının (sənədli, vizual, şifahi ), məlumatın alınma şəraitinin audit sübutlarının münasibliyinə təsir etdiyini vurğuladı.

Məruzəçi 501 saylı “Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr” Beynəlxalq Audit Standartından bəhs edərkən auditorun məqsədinin mal-material ehtiyatlarının mövcudluğu və vəziyyəti, məhkəmə işləri və iddialar üzrə təqdimatın tamlığı, seqmentlər üzrə məlumatın maliyyə hesabatının tətbiq olunan prinsiplərinə uyğun hazırlanması və açıqlanması ilə bağlı yetərli münasib audit sübutlarını əldə etməkdən ibarət olduğunu qeyd etdi.

Sonda o, 505 saylı “Kənar mənbədən təsdiqləmələr” Beynəlxalq Audit Standartından bəhs edərkən Kənar mənbədən təsdiqləmə - kağız, elektron və ya digər daşıyıcıda üçüncü tərəfdən (təsdiqedici tərəfdən) auditorun birbaşa yazılı cavab formasında aldığı audit sübutu; Müsbət təsdiqləmə tələbi – təsdiqedici tərəfin birbaşa auditora tələbdə olan məlumatla razı olması və ya olmamasını və ya tələb edilən məlumatın təqdim edilməsini göstərən tələb; Mənfi təsdiqləmə tələbi – təsdiqedici tərəfin birbaşa auditora tələbdə təqdim edilən məlumatla yalnız razı olmadığı halda verilən cavab; Cavabın olmaması – təsdiqedici tərəfin müsbət təsdiqedici tələbə cavabının, yaxud tam cavabının olmaması və ya belə tələbin çatdırılmamış tələb kimi geri qaytarılması; Etiraz – təsdiq edilməsi tələb edilən informasiya və ya müəssisənin sənədlərində olan informasiya ilə təsdiqedici tərəfin təqdim etdiyi informasiya arasında fərqlərin olduğunu göstərən cavab kimi anlayışlar haqqında məlumat verərək çıxışını başa çatdırdı.

Keçirilən ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 109 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

 

Qalareya