Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditor təşkilatlarında daxili nəzarət sistemi” və “Müasir şəraitdə hesabatlılıq və audit: etimadın necə gücləndirilməsi barədə” mövzularında seminar keçirilmişdir

2022-ci ilin 12 may tarixində  onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Auditor təşkilatlarında daxili nəzarət sistemi” və “Müasir şəraitdə hesabatlılıq və audit: etimadın necə gücləndirilməsi barədə” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditor təşkilatlarında daxili nəzarət sistemi” mövzusunda seminar haqqında məlumat verdi.

O, bildirdi ki, auditor təşkilatlarında daxili nəzarət sisteminin düzgün təşkil edilməsi və həyata keçirilməsi yüksək keyfiyyətli auditor xidmətləri göstərilməsində və bu sahəyə nəzarət edilməsində mühüm rol oynayır.

Hər bir auditor təşkilatında yüksək keyfiyyətli auditor xidmətləri göstərilməsi və bu işə nəzarət edilməsi üçün nəzarət prosedurları işlənib hazırlanmalı və tətbiq edilməlidir.

Daxili nəzarət sisteminin prinsipləri və onların reallaşdırılması prosedurları auditor təşkilatının şirkətdaxili standartlarına əsaslanmalıdır.

Daxili nəzarət sistemi qarşılıqlı əlaqədə olan bir sıra etik prinsipləri və elementləri, o cümlədən müstəqillik, tamlıq, obyektivlik, peşəkar səriştə və müvafiq yanaşma, məxfilik, peşəkar davranış, işçi heyətinin idarə edilməsi, sifarişçidən tapşırığın qəbulu və davam etdirilməsi, qarşılıqlı əlaqələrin səmərəliliyi, monitorinqi özündə ehtiva edir.

Auditin keyfiyyətinə daxili nəzarət sistemində auditor təşkilatlarının rəhbərinin, tərəfdaşların (partnyorların), qrup rəhbərinin və əməkdaşların konkret olaraq məsuliyyətləri müəyyən edilmişdir.

Daha sonra moderator sözü məruzəçi Nəcəf Talıbova verdi.

Nəcəf Talıbov mövzu ətrafında geniş çıxış edərək, Auditor təşkilatında əməkdaşların işinin qiymətləndirilməsi və mükafatlandırılması; Auditor təşkilatında peşəkar inkişafa dair tələblər; Metodik Şura haqqında Əsasnamə; Auditor yoxlaması prosesində istifadə edilməsi üçün   sorğular; Auditor təşkilatında əməkdaşların işə qəbulu üzrə prosedurlara dair  Qaydalar; Daxili nəzarət prosedurlarının səmərəliliyinin izlənilməsinə; Daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə ekspert xidmətinin göstərilməsi barədə müqavilə; Sifarişçilərin məmnunluq dərəcələrinin qiymətləndirilməsi metodikası haqqında geniş məlumat verdi.

O daha sonra Auditorların ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və Auditorların Müstəqillik Qaydalarının tələblərinə əməl etmələrinin səmərəli monitorinqini aparmağa qadir olan daxili nəzarət sisteminin işlənib hazırlanmasının və həyata keçirilməsinin, nəzarətin müstəqilliyinin və səmərəliliyinin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Sonda məruzəçi bildirdi ki, beynəlxalq təcrübə göstərir ki, auditin keyfiyyətinə kənar nəzarətin gücləndirilməsi ilə bərabər auditor təşkilatlarında (auditor fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları nəzərdə tutulur) keyfiyyətə daxili nəzarət işinin düzgün təşkili və həyata keçirilməsi səriştəli xidmət göstərilməsində və bu sahəyə nəzarət edilməsində böyük rol oynayır. Metodik Göstərişin məqsədi “Azərbaycan Respublikasında auditor fəaliyyətinin İnkişafı  Konsepsiyasına  (2021-2030-cu  illər)”,  1  saylı  “Maliyyə  hesabatlarının  auditini  və təhlilini, habelə digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətə nəzarət” (bu standart 15 dekabr 2022-ci ilədək qüvvədədir. Həmin tarixdən sonra növbəti standartlar qüvvədə olacaq: •International Standard on Quality Management 1; •International Standard on Quality Management 2), 220 saylı “Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət”, 265 saylı “Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetməyə məsul şəxslərə və rəhbərliyə bildirilməsi”, 610 saylı "Daxili auditorların işindən istifadə edilməsi" Beynəlxalq Audit Standartlarına və Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 3.6-cı “Auditor təşkilatlarında effektiv daxili nəzarətin təmin edilməsi" bəndinə müvafiq olaraq tərtib edilmiş və auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsi istiqamətində vahid yanaşmanın təmin olunmasından və keyfiyyətə daxili nəzarət sisteminin tətbiqinin beynəlxalq təcrübəyə müvafiq olaraq təşkil edilməsindən ibarətdir..                

Qəşəm Bayramov “Müasir şəraitdə hesabatlılıq və audit: etimadın necə gücləndirilməsi barədə” mövzusunda  növbəti seminar haqqında məlumat verərək, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar tərəfindən ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Qaydalarının tələblərinə düzgün riayət etməklə keyfiyyətli auditor xidmətlərinin göstərilməsinin hesabatlılıqda şəffaflığın təmin edilməsində və auditə ictimai etimadın gücləndirilməsində mühüm rol oynadığını bildirərək sözü məruzəçi Nəcəf Talıbova verdi.

Nəcəf Talıbov mövzu ətrafında geniş çıxış edərək auditə ictimai etimadın mahiyyəti və mövcud durumu, Ictimai etimad qazanmaq üçün auditorun yol verməməli olduğu məqamlar, auditə ictimai etimadın gücləndirilməsinin istiqamətləri, etik tələblər və ictimai etimad kimi məsələlərə toxundu.

Məruzəçi ictimai etimad qazanmaq üçün auditorun keyfiyyətsiz audit xidməti göstərməməyinin, öz peşə vəzifələrinə və öhdəliklərinə səhlənkar yanaşmağının,  həqiqətə uyğun olmayan rəylər verməməyinin, sifarişçi ilə münasibətlərdən öz şəxsi mənafeyi üçün istifadə və bu məqsədlə sifarişçini əlavə xidmətlər göstərilməsinə məcbur etməməyinin, müfaviq sənədlərin sifarişçiyə verilməsini gecikdirməməyinin, xidmət göstərdiyi sifarişçinin nüfuzuna mənfi təsir göstərən hər hansı hərəkətlərə yol verməməyinin vacibliyini vurğuladı.

Daha sonra o bildirdi ki, auditin inkişafında və şəffaflığın artırılmasında yüksək nəticələr qazanmış ölkələrin təcrübəsi göstərir ki, ictimai etimadın möhkəmləndirilməsi üçün ilk növbədə auditor xidmətinin Beynəlxalq Audit Standartlarının tələblərinə və yüksək meyarlara uyğunluğuna, Auditorların Peşəkar Mühasiblərin Etika Məcəlləsinə əməl edilməsinə, auditorların müstəqilliyinin təmin olunmasına, xidmətin peşəkarlıqla göstərilməsinə, auditor və onun təmsilçiləri tərəfindən düzgünlük prinsipinin qorunmasına, xidmətin planlaşdırılmasında, göstərilməsində, yekunlaşdırılmasında və sənədləşdirilməsində obyektivliyin təmin olunmasına, sifarişçilərə və üçüncü şəxslərə münasibətdə məxfiliyin qorunmasına, audit və onun nəticələrinin qiymətləndirilməsi zamanı maraqların uzlaşmasına nail olunmalıdır.

Tədbir zamanı mövzular ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 84 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası