Azərbaycan auditi - 2021: uğurlar və perspektivlər - İqtisadiyyat qəzeti

“Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir”.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturu olan auditor xidmətinin təşkili və təşəkkülü ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il 16 sentyabr tarixində imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Ötən 2021-ci il Azərbaycan Respublikasının Auditorlar Palatası üçün fərqli bir cəhətlə səciyyəvi olmuşdur. Belə ki, bizim üçün çox əhəmiyyətli hesab edilən işlər sırasında Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə silsilə tədbirlərin həyata keçirilməsini qeyd etmək olar. Həmçinin, Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 16 sentyabr 2021-ci il tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans xüsusi vurğulanmalıdır.
Ölkə auditorları üçün böyük fəxarət doğuran hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına 2021-ci il 15 sentyabr tarixli 1/518 nömrəli təbrik məktubunun ünvanlaması olmuşdur. Həmçinin, Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyev 2021-ci il 15 aprel tarixində “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalamış və Palatanın 11 nəfər əməkdaşı və üzvü təltif edilmişdir.
Konfransın sonunda beynəlxalq elmi-praktik konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir. Eyni zamanda, beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair konfransa təqdim edilmiş məruzələr əsasında tövsiyələr işlənib hazırlanmış və həmin tövsiyələr müvafiq qurumlara göndərilmişdir.
Qeyd edilənlərlə yanaşı, əhəmiyyətli hesab edilən tədbirlər sırasında ötən 2021-ci ildən etibarən “Azərbaycan Respublikasında auditor fəaliyyətinin İnkişaf Konsepsiyasının (2021-2030-cu illər)” nəşr etdirilməsi və tətbiqinə başlanılması xüsusi vurğulanmalıdır. Konsepsiya çərçivəsində biz qarşımıza statik tədbirlərin hazırlanmasını yox, dinamik, çevik və gələcəyə hesablanmış tövsiyə və proqramların müəyyən edilməsini məqsəd qoymuşuq. Ona görə də Konsepsiyada 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının konseptual istiqamətləri öz əksini tapmış və bu istiqamətdə işlər qeyd olunan dövr ərzində davam etdiriləcəkdir.
Məlumdur ki, yeni dövrün çağırışları auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə uyğun olaraq,beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini, auditdə innovasiyaların və yeni texnologiyaların tətbiqi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir. Bu məqsədlə Auditorlar Palatasında “Auditorun şəxsi kabineti sistemi” yaradılmış və tətbiqinə başlanılmışdır. Palatanın üzvləri üçün çox böyük əhəmiyyət daşıyan auditorun şəxsi kabineti sisteminin məqsədi auditor xidmətlərinin həyata keçirilməsində yüksək texnologiyalardan istifadə, İT proqramlarının əldə edilməsi və tətbiqinə nail olunması, auditdə innovasiyaların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, auditorun şəxsi kabineti sisteminin tətbiqinə dair təlimatın hazırlanması, auditorlara çatdırılması və şəxsi kabinetdən səmərəli istifadə edilməsindən ibarətdir.
Ölkə iqtisadiyyatının dayanıqlı və hərtərəfli inkişafının mühüm amili kimi müəyyən edilmiş bir sıra məsələlər, o cümlədən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi, rəqəmsallaşmaya keçid, rəqəmsallaşmanın mühasibat uçotu, audit və daxili nəzarətə təsiri, korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınması, auditdə yeni innovasiyaların və texnologiyaların tətbiqi, auditin keyfiyyətinin yaxşılaşdırılması, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının, korporativ idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi, maarifləndirmə və əməkdaşlıq məsələləri üzrə uğurlu addımlar atılmaqdadır.
Eyni zamanda, auditor təşkilatları və sərbəst auditorların auditor xidmətləri üzrə fəaliyyətləri üzrə 2021-ci il ərzində 55 sərbəst auditorun və 142 auditor təşkilatının (o cümlədən 4 böyük dördlük və 14 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olmuşdur.
2021-ci il ərzində 5 auditor təşkilatı və 4 sərbəst auditor öz ərizələrinə əsasən, 6 auditor təşkilatı və 2 sərbəst auditorun isə Şura qərarına əsasən auditor fəaliyyətini həyata keçirmək hüququ verən icazələri müvəqqəti olaraq dayandırılmış, 5 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququ verən icazələri bərpa edilmiş, 19 auditor təşkilatına və 8 sərbəst auditora auditor fəaliyyətini həyata keçirmək hüququ verən icazə verilmiş, 1 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququ verən icazənin müddəti bitmişdir.
2021-ci il üzrə 55 sərbəst auditor və 142 auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 100,0 mln. manat məbləğində 5956 müqavilə bağlanmışdır.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 5056-dan 5956- ya qədər, yəni 900 ədəd və ya 17,8% artmış, məbləği isə 77,0 mln. manatdan 100,0 mln. manata qədər, yəni 23,0 mln. manat və ya 29,9% artmışdır.
Auditorlar Palatasının şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələri dövlət sifarişləri formasında 2021-ci ildə də davam etdirilmişdir. Belə ki, həmin orqanlardan daxil olmuş 35 müraciət əsasında yoxlamaların aparılmasına sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri cəlb olunmuş, başa çatmış yoxlamaların nəticələrinə dair tərtib olunmuş materialların aidiyyatı orqanlara təqdim edilməsi təmin edilmişdir.
Auditorlar Palatası Şurasının 2021-ci il 23 fevral tarixli 328/7 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2021-ci il üçün Plan-qrafik”ə əsasən Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin müfəttişləri tərəfindən 2021-ci ildə 29 auditor təşkilatının və 21 sərbəst auditorun apardıqları auditlərin keyfiyyətinin Beynəlxalq Audit Standartlarının tələblərinə uyğunluğunun araşdırılmasının monitorinqi aparılmışdır.
Aparılan yoxlamaların nəticələrinə Palata Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitədə, bəzilərinə isə Palatanın Şurasında baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri Palatanın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.
Azərbaycan Respublikası Auditorlar Palatası sədirinin “Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün imtahanların onlayn qaydada keçirilməsi barədə” 2020-ci il 14 iyul tarixli 1/19 saylı sərəncamına uyğun olaraq, Auditorlar Palatasının İmtahan Komissiyası və Kadr hazırlığı idarəsi tərəfindən 2021-ci il 30 aprel tarixində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazənin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar və auditor adı almaq üçün ilk onlayn imtahan keçirilmişdir.
Növbəti auditor adı almaq üçün müraciət etmiş 8 nəfər və auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazənin qüvvədəolma müddəti başa çatmış 17 nəfər şəxsə 2021-ci il 30 iyul tarixində onlayn şəkildə imtahan təşkil edilmişdir. Auditor adı almaq üçün müraciət etmiş şəxslərdən 1 nəfər, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazənin qüvvədəolma müddəti başa çatmış 8 nəfər imtahanda iştirak etməmişdir. Ümumi olaraq 16 nəfər müvəffəq balla imtahanı bitirmişdir.
Növbəti auditor adı almaq üçün müraciət etmiş 15 nəfər və auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazənin qüvvədəolma müddəti başa çatmış 4 nəfər şəxsə 2021-ci il 27 dekabr tarixində onlayn şəkildə imtahan təşkil edilmişdir. Auditor adı almaq üçün müraciət etmiş şəxslərdən 1 nəfər, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazənin qüvvədəolma müddəti başa çatmış 1 nəfər imtahanda iştirak etməmişdir. Ümumi olaraq 17 nəfər müvəffəq balla imtahanı bitirmişdir.
Təsdiq edilmiş siyahı üzrə I, II və III qrup 102 nəfər auditorlar üçün 2021-ci il 01 sentyabr tarixindən 24 sentyabr tarixinədək, IV, V, VI, VII qrup 135 nəfər auditorlar üçün isə 01 oktyabr tarixindən 27 oktyabr tarixinədək ixtisasartırma kursları təşkil edilmişdir. Kursların yekununa dair keçirilmiş imtahanlarda müvəffəq bal toplamış auditorlara sertifikatlar təqdim olunmuşdur.
2020-ci il 08-30 dekabr tarixlərində “Daxili audit və daxili nəzarət” proqramı üzrə keçirilmiş vebinar formatda Təlimin 2021-ci il 18 yanvar tarixində onlayn formatda imtahanı keçirilmişdir. İmtahanda 6 nəfər iştirak etmiş və müvəffəq bal toplamışdır. Təlimin başa çatması və iştirakçılara sertifikatların təqdim olunması ilə bağlı məlumatlar 2021-ci il 13 aprel tarixli xidməti məktubla Palatanın rəhbərliyinə təqdim edilmişdir. İmtahanı müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikat təqdim edilmişdir.
Növbəti 2020-ci il 09-28 dekabr tarixlərində “Daxili audit testləri və sübutların toplanması” proqramı üzrə keçirilmiş vebinar formatda Təlimin 2021-ci il 28 yanvar tarixində onlayn formatda imtahanı keçirilmişdir. İmtahanda 4 nəfər iştirak etmiş və müvəffəq bal toplamışdır. Təlimin başa çatması və iştirakçılara sertifikatların təqdim olunması ilə bağlı məlumatlar 2021-ci il 13 aprel tarixində xidməti məktubla Palatanın rəhbərliyinə təqdim edilmişdir. İmtahanı müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikat təqdim edilmişdir.
Növbəti “Daxili audit və daxili nəzarət” proqramı üzrə Təlimin başlanması ilə əlaqədar məktublar hazırlanaraq dövlət qurumlarının, təsərrüfat subyektlərinin, müəssisələrin və s. elektron poçt ünvanlarına göndərilmiş, 2021-ci il 19 yanvar tarixində Palatanın internet səhifəsinin “Elanlar” bölməsində, Palatanın “Facebook” və “İnstagram” sosial şəbəkələrində məlumat yerləşdirilmişdir. Müraciətlərə əsasən, 2021-ci il 22 fevral - 21 mart tarixlərində Təlim keçirilmişdir.
Ötən il Auditorlar Palatasında müxtəlif mövzulara dair, o cümlədən Auditorların Müstəqillik Qaydalarına dair, İFAC yenilikləri və BAS-lara edilmiş dəyişikliklər barədə, Korrupsiya, PL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəlikləri barədə, Auditə ictimai etimadın gücləndirilməsi və auditin təşviqinə dair, MONEYVAL Komitəsinin V raund qiymətləndirilməsinə hazırlıq çərçivəsi barədə vebinarlar keçirilmişdir.
Vebinarlar işgüzar şəraitdə keçirilmiş, müzakirələr edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Həmçinin, Auditorlar Palatasında 2021-ci il 19 mart tarixində ən yaxşı “Müxbir yazısı” müsabiqəsinin qaliblərinə diplomların təqdimetmə mərasimi və 2021-ci il 5 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
Qeyd olunanlarla yanaşı, Auditorlar Palatasında 2021-ci il 13 aprel tarixində Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair onlayn vebinar, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında 2021-ci il 15 aprel tarixində onlayn formatda işgüzar görüş və 2021-ci il 24 iyun tarixində “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin onlayn təqdimetmə mərasimi, Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 2021-ci il 16 sentaybr tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2021-ci ilin 22 oktyabr tarixində Palatada Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov və “SR AUDİT SOLİTİONS” MMC-nin direktoru, auditor Səftər Vəlizadə tərəfindən hazırlanmış və nəşr etdirilmiş “Maliyyə Hesabatları” Mahiyyəti / Formaları / Hazırlanması / Təhlil olunması praktik vəsaitinin onlayn təqdimat mərasimi, 2021-ci il 25 noyabr tarixində auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar üçün “Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərə riayət olunub-olunmaması, dem­pinq və haqsız rəqabət hallarına yol verilib-verilməməsi” və “Auditorların şəxsi kabineti sistemindən istifadəsi qaydası” mövzusunda onlayn vebinar keçirilmişdir. Auditorlar Palatasının kollektivi 2021-ci il 01 noyabr tarixində “Zəfər” yarmarkasında iştirak etmişdir.
Ötən ilin yadda qalan hadisələrindən biri də Auditorlar Palatasının beynəlxalq əlaqələrinin genişləndirilməsindən ibarət olmuşdur. Belə ki, 2021-ci il ərzində təşkil olunmuş bir çox beynəlxalq tədbirlərdə Palata təmsilçilərinin iştirakı təmin olunmuşdur. Həmin tədbirlər sırasında 2021-ci il aprelin 15-də Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn formatda keçirilmiş işgüzar görüşü, 2021-ci il aprelin 21-22-də “MDB ölkələrində auditor peşəsinin inkişafının əsas istiqamətləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransı, 2021-ci il iyunun 10-da Zabaykal İqtisadi İnkişaf Nazirliyi və Zabaykal Dövlət Universitetinin Ali İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Məktəbinin təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “Cəmiyyət – yeni dövrün çağırışları şəraitində” mövzusunda “Kiçik sahibkarlığın iqtisadiyyat məktəbi: Kölgə iqtisadiyyatı üzrə fəaliyyətin qarşısının alınmasına dair dövlət tədbirlərinin nəzəri və praktiki əsaslarının qurulması və inkişafı” elmi məktəbinin 12-ci yekun beynəlxalq elmi-praktik konfransını, 2021-ci il 13 iyul tarixində keçirilmiş “Peşəkar mühasibatlıq təşkilatlarının rolu: perspektivlər və məsuliyyətlər” mövzusunda beynəlxalq vebinarı və s. qeyd etmək olar.
2021-ci il ərzində Auditorlar Palatası Şurasının yanında 10 komitə və 1 komissiya fəaliyyət göstərmişdir.
Ötən il ərzində Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 12 iclası (fəaliyyətə başladığı dövrdən hesabat ilinin sonunadək üç yüz otuz doqquz iclas) keçirilmişdir.
İnformasiya-təbliğat və nəşriyyat fəaliyyəti üzrə hesabat ilində Palatanın 25 illik yubileyi münasibətilə “1996-2021-ci illərdə Auditorlar Palatasının Azərbaycanda auditin inkişafına dair önəmli faktlar barədə yığcam məlumatların əks olunduğu “Faktlar” kitabı, Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə Palatanın ünvanına daxil olmuş ölkənin dövlət və özəl qurumlarından, qeyri-hökumət təşkilatlarından, səfirliklərdən, ali təhsil müəssisələrindən, habelə Palatanın üzv olduğu beynəlxalq peşəkar qurumlardan və xarici həmkarlarımızdan çoxsaylı təbrik məktubları və video müraciətlərin öz əksini tapdığı “Yubiley təbrikləri” kitabı və 25 ildə Azərbaycan auditinə öz töhfələrini vermiş Auditorlar Palatasının rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və üzvləri barədə yığcam məlumatların verildiyi “Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri – 1996-2021” kitabı və “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildi, Maliyyə Hesabatları” Mahiyyəti / Forması / Hazırlanması / Təhlil olunması praktik vəsaiti nəşr olunmuşdur.
Azərbaycan İqtisadçılar İttifaqı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2021-ci ilin 16 sentyabr tarixində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən elmi-praktik konfransın nəticələrinə dair tövsiyələr hazırlanıb nəşr etdirilmişdir. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin müntəzəm olaraq məlumatlandırılması ilə əlaqədar Palatanın rəhbərliyi, əməkdaşlarları, üzvləri və müxbirlər tərəfindən 2021-ci il ərzində KİV-də ümumilikdə 47 məqalə, müsahibə, elan və digər materiallar dərc olunmuş və Palatanın internet səhifəsində yerləşdirilmişdir. 2021-ci il ərzində Palatanın internet səhifəsində 343 (xəbərlər: 87, elanlar: 55, mətbuat: 25, əmr, şura qərarları, hesabat və sərəncamlar: 78, təbriklər: 13, üzvlər: 14, yubilyar: 5, bizə yazırlar: 5 və əlavə: 61) məlumat, Facebook sosial şəbəkəsində 69 məlumat, İnstagram sosial şəbəkəsində 51 məlumat, Twitter sosial şəbəkəsində 27 məlumat, Youtube sosial şəbəkəsində isə 17 video yerləşdirilmişdir.
Hesabatdan da göründüyü kimi, yeni strateji çağırışlar nəzərə alınmaqla, dayanıqlı iqtisadi inkişafın reallaşması kontekstində biz öz üzərimizə düşən vəzifələrin, xüsusilə ölkədə maliyyə nəzarəti sisteminin gücləndirilməsi, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, dövlətin və mülkiyyətçilərin mənafelərinin qorunması və sahibkarlığın inkişafının təmin edilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətə Azərbaycan auditorları olaraq, hər zaman öz töhfəmizi verir və bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə davam etdirmək əzmindəyik.

 

Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının icraçı direktoru

 

Qəşəm BAYRAMOV,
Azərbaycan Respublikası
Auditorlar Palatası Aparatının rəhbəri