Azərbaycan Respublikasının Auditorlar Palatasında 2022-ci il 06 may tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş onlayn tədbir keçirilmişdir.
Tədbirdən öncə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Səbuhi Gülməmmədov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Daha sonra Səbuhi Gülməmmədov dövlət və hökumət rəhbərlərinin, tanınmış siyasi xadimlərin, məşhur yazıçıların Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırdığını, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirərək onların ulu öndər haqqında söylədikləri sitatlardan misallar gətirdi.
O, Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir oğulun yetişdirməsini və həmin layiqli varisin 19 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğuladı.
Daha sonra o bildirdi ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir.
Səbuhi Gülməmmədov vurğuladı ki, Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər!”. Əslində, bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə ilə təmin etməsi, bu gün də davam edən və günü-gündən daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ümummilli Liderin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq.
O, bir tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü qeyd edərək, Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözlərini yada saldı:
“Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”
Çıxışının sonunda Səbuhi Gülməmmədov qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Daha sonra tədbirdə geniş məruzə ilə Aparatın rəhbəri Qəşəm Bayramov və məruzə ətrafında “Azərbeynəlxalq audit xidməti” MMC-nin direktoru-auditor Misir Əhmədov, Auditorlar Palatası sədrinin müşaviri Yaşar Namazəliyev, “AZƏRUÇOT” MMC-nin direktoru-auditor Eldar Təhməzov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, “LŞ Audit” MMC-nin direktoru-auditor Fərhəddin Hüseynov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Roman Hüseynov, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, Aparat rəhbərinin müavini Fatma Kamalova, Palatanın bölmə müdiri Şəfəq Əliyeva və Sərbəst auditor Nigar Alxaszadə çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs etdilər.
Qalareya