2022-ci il 05 may tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması” mövzusunda növbəti “ustad dərsi”keçirilmişdir

2022-ci ilin 05 may tarixində  onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması” (moderator – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, məruzəçi – “Davud Mamedov” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin direktoru-auditor Davud Məmmədov) keçirildi.

Moderator Vəli Rəhimov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması” mövzusunda növbəti “ustad dərsi” barədə qısa məlumat verərək sözü məruzəçi Davud Məmmədova verdi.

Davud Məmmədov çıxışa başlayaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatın strukturu, birbaşa və dolayı metod və hesabatın hazırlanması haqqında geniş məlumat verərək çıxışa başladı.

O ilkin olaraq pul hərəkətinin 3 növündən: biznesin gündəlik işlərindən yaranan ödəniş və mədaxillərin daxil olduğu əməliyyat fəaliyyətindən; biznesin uzun-müddətli aktivləri ilə bağlı yaranan ödəniş və mədaxillərin daxil olduğu investisiya fəaliyyətindən; və biznesin səhmdarlar və kreditorlarla hesablaşmalarının daxil olduğu maliyyələşmə fəaliyətindən danışdı.

Məruzəçi daha sonra əməliyyat fəaliyyətinə müştərilərdən alınmış pulların, malsatanlara ödəmələrin, işçilərə ödəmələrin, digər əməliyyat xərcləri üzrə ödəmələrin daxil olduğunu, investisiya fəaliyyətinə əsas vəsaitlərin alınmasına yönəlmiş vəsaitlərin, onların satılmasından əldə olunan pulların, digər şirkətlərə yatırılan investisiyalar və alınan dividendlərin daxil olduğunu, maliyyələşmə fəaliyyətinə kapital qoyuluşlarının, ödənilən dividendlərin, götürülən uzunmüddətli kreditlər və onların geri qaytarılmasının, ödənilən faizlərin daxil olduğunu qeyd etdi.

Davud Məmmədov eyni zamanda pul vəsaitlərinin hərəkəti haqqında hesabatın strukturuna daxil olan brüt qazanc, əməliyyat qazancı, vergidən əvvəlki mənfəət, xalis mənfəət, uzunmüddətli aktivlər, qısamüddətli aktivlər və kapital haqqında məlumat verdi.

Sonda məruzəçi pul hərəkətləri hesabatında yer alan komponentləri, əməliyyat fəaliyyəti üzrə pul hərəkətlərinin hesablanmasına dair bəyanatın növlərini, maliyyə hesabatlarının hazırlanmasını və mövzu ilə əlaqəli digər məsələləri müxtəlif nümunələr üzərində izah edərək çıxışını başa çatdırdı.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 97 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası