2022-ci il mayın 4-də Azərbaycan Respublikası Auditorlar Palatası ilə Belarus Respublikası Auditorlar Palatası arasında əldə edilmiş razılığa əsasən təcrübə mübadiləsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərində onlayn görüş keçirilib.
Görüşdə Azərbaycanın Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, icraçı direktor Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Palata sədrinin müşavirləri Fəqan Qarayev və Nəcəf Talıbov, idarə rəisləri Vəli Rəhimov, Elmira Behbudova, Qoşqar Əhmədov, Belarus Auditorlar Palatasının sədri Dmitriy Sıç, sədr müavini Anna Aboyşava, Palatanın idarə heyətinin üzvləri Aleksey Yevdakimoviç, Yelena Matus, Renata Kirslite, Olqa Şelmanova, Beynəlxalq Audit standartları üzrə komitənin mütəxəssisi Aleksandra Qriduşko iştirak ediblər.
Görüşdə Azərbaycanda və Belarusda auditor adı almaq üçün zəruri təhsil və kvalifikasiya üzrə tələblər, peşəkar audit qurumuna üzvlük tələbləri, auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarət üzrə qayda və prosedurlar, ölkələrimizin Auditorlar palataları arasında bağlanılması nəzərdə tutulan əməkdaşlıq sazişinin layihəsi məsələləri müzakirə olunub.
Vahid Novruzov tədbirdə çıxış edərək qonaqları müzakirə olunan məsələlərlə bağlı Azərbaycan təcrübəsi ilə məlumatlandırmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda auditor fəaliyyəti sahəsində əldə edilmiş nailiyyətlərdən, o cümlədən korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə, şəffaflığın artırılmasında və kölgə iqtisadiyyatının azaldılmasında ölkəmizdə uğurla həyata keçirilən islahatlarda auditin üzərinə düşən vəzifələrdən bəhs edib. Palatanın sədri auditorların maarifləndirilməsi, onların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Palata tərəfindən hər ilin əvvəlində təsdiq edilən qrafikə uyğun olaraq keçirilən ustad dərsləri və ixtisasartırma kurslarından bəhs edib. O, həmçinin öz fəaliyyətinə 2019-cu ildən başlamış Belarus Auditorlar Palatasının işinin səmərəli təşkili istiqamətində zəruri dəstəyin göstərilə biləcəyini də bildirib.
Daha sonra Belarus Auditorlar Palatasının sədri çıxış edərək Vahid Novruzova görüşün təşkilində göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib. O, Azərbaycan Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü olduğunu, MDB ölkələri arasında seçilən və zəngin təcrübəyə malik qurumlardan olduğunu vurğulayaraq iki qurum arasında əməkdaşlığın gücləndirilməsinin Belarus dövlətində auditor fəaliyyətinin tənzimlənməsində müsbət nəticələr verəcəyini bildirib. Sonda digər məsələlərlə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qalareya