Azərbaycan Respublikasının Auditorlar Palatasında “Bələdiyyələrdə auditin təşkili və aparılma təcrübəsi” mövzusunda növbəti “ustad dərsi”keçirilmişdir

2022-ci ilin 15 aprel tarixində saat 1100-da onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Bələdiyyələrdə auditin təşkili və aparılma təcrübəsi”  mövzusunda  növbəti “ustad dərsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov)  keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Bələdiyyələrdə auditin təşkili və aparılma təcrübəsi” mövzusunda növbəti “ustad dərsi” barədə qısa məlumat verərək bələdiyyələrdə auditin aparılması zamanı Beynəlxalq audit standartlarının və bu sahədə Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə ciddi riayət edilməsini vurğulayaraq sözü məruzəçi Vəli Rəhimova verdi.

Vəli Rəhimov ilkin olaraq Bələdiyyələrdə auditin aparılmasının əsasları olan Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu” – Maddə 39-1, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu – Maddə 13, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasinin Qanunu – Maddə 12 haqqında geniş məruzə ilə çıxış etdi.

Məruzəçi daha sonra Bələdiyyələrdə auditin təşkili və aparılması təcrübəsi zamanı bələdiyyələrlə tanışlıq, audit tapşırığının qəbulu, müqavilənin bağlanması, auditin planlaşdırılması, auditin aparılması mərhələlərindən, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda yerli büdcənin gəlirlərindən, yerli büdcənin xərclərindən, yerli büdcəyə nəzarətdən danışdı.

O, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bələdiyyələrin Nümunəvi Reqlamenti»nə uyğun olaraq, bələdiyyə iclaslarının ayda bir dəfədən az olmayaraq keçirilməli olduğunu və bu iclaslar zamanı baxılan məsələlərdən və iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından danışdı.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 74 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası