2022-ci ilin 7 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Hesablaşma əməliyyatlarının auditi və bu məlumatların digər audit bölmələrində istifadəsi” mövzusunda növbəti “ustad dərsi”keçirilmişdir

 

2022-ci ilin 7 aprel tarixində saat 1100-da onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Hesablaşma əməliyyatlarının auditi və bu məlumatların digər audit bölmələrində istifadəsi” mövzusunda  növbəti “ustad dərsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçilər – sərbəst auditor Nazim Axundov, “NZA Audit” MMC-nin direktoru-auditor Nihad Axundov)  keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Hesablaşma əməliyyatlarının auditi və bu məlumatların digər audit bölmələrində istifadəsi” mövzusunda növbəti “ustad dərsi” barədə qısa məlumat verərək sözü məruzəçi Nazim Axundova verdi.

Nazim Axundov ilkin olaraq hesablaşmaların müxtəlif növlərindən: malsatan, podratçı və xidmət göstərn şəxslərlə hesablaşmalar, alıcı və sifarişçilərlə hesablaşmalar, vergilər üzrə hesablaşmalar (o cümlədən sosial vergilər), əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmalar, təhtəlhesab şəxslərlə hesablaşmalar, birgə fəaliyyətlə əlaqədar hesablaşmalar, alınmış (verilmiş) borclar və kreditlər üzrə hesablaşmalar, təsisçilərlə hesablaşmalar, icra vərəqələri, sığorta, lizing və sair əməliyyatlar üzrə hesablaşmalardan bəhs edərək, “Malsatan, podratçı və xidmət göstərn şəxslərlə hesablaşmalar” (kreditor borcları) haqqında geniş məruzə ilə çıxış edidi.

Məruzəçi  Malsatan, podratçı və xidmət göstərən şəxslərlə (kreditor borcları) hesablaşmaların auditi zamanı müxtəlif  prosedurların yerinə yetirilməsinin zəruriliyini vurğulayaraq 1.Malsatan, podratçı və xidmət göstərən şəxslərin siyahısının alınması; 2. Qaldırılmış iddiaların olub olmaması barədə rəhbərlikdən məlumat əldə edilməsi, iddiaların nə dərəcədə əsaslı olduğuna qiymət verilməsi, bu əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə diqqət yetirməsi; 3. Analitik və sintetik uçot arasında fərq olmadığına əmin olmaq məqsədi ilə riyazi düzgünlüyün yoxlanılması; 4. Daha çox maddi əhəmiyyət kəsb edən dövriyyə və borcların müəyyən edilməsi; 5. Daha çox maddi əhəmiyyətli dövriyyələr və borclar üzrə qarşı tərəfə dövriyyə və qalıqların təsdiqi üçün məktubların göndərilməsi (məktub forması). Əgər üzləşmə aktları dövrü olaraq tərtib edilirsə və auditorda onların düzgünlüyü əminlik yaradırsa, bu halda, üzləşmə aktlarının surətləri iş sənədi kimi götürülür və digər prosedurlar haqqında məlumat verdi.

Daha sonra moderator sözü məruzəçi Nihad Axundova verdi.

Məruzəçi Alıcı və sifarişçilərlə (debitor borcları) hesablaşmaları zamanı                1. Malsatan, podratçı və xidmət göstərən şəxslərin siyahısının alınması; 2. Analitik və sintetik uçot arasında fərq olmadığına əmin olmaq məqsədi ilə riyazi düzgünlüyün yoxlanılması; 3. Daha çox maddi əhəmiyyət kəsb edən dövriyyə və borcların müəyyən edilməsi; 4. Alıcı və sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinin öyrənilməsi (müqavilənin predmeti, malların, işlərin spesifikasiyası tərəflərin hüquq və vəzifələri, ödəmə şərtləri və s.); 5. Məhsulun, malın göndərilmə, çatdırılma şərtləri, növləri və çeşidlərinin, tətbiq edilən qiymətlərin öyrənilməsi; 6. Daha çox maddi əhəmiyyət kəsb edən, vaxtında ödənilməyən debitor borları üzrə üzləşmə aktlarının tələb edilməsi, qalıqların təsdiqi barədə digər tərəfə təsdiq məktubunun göndərilməsi; 7. Xarici valyutadа aparılmış hesablaşma əməliyyatları üzrə gömrük bəyannamələri, təqdim edilən invoyslər, malların çatdırılma şərtləri (E,F,C,D qrupları üzrə), müqavilə üzrə qiymətlərin düzgün tətbiq edilməsi, müqavilələrə əsasən və ödəniş sənədlərinə, göstərilmiş valyutanın məzənnəsinə uyğun olaraq əməliyyatın mühasibat uçotunda düzgün əks etdirilməsi, məzənnə fərqlərinin düzgün hesablanmasının təhlili; 8. Alıcı və sifarişçi təşkilatlardan alınmış avansların hesabatlarda düzgün əks etdirilməsi, alınmış avanslara üzrə ƏDV-nin hesablanıb ƏDV bəyannamələrində göstərilməsi, mallar təqdim edildiyi, xidmətlərin göstərildiyi vaxtı alınmış avansların məbləğlərinin yaranmış kreditor borcları hesabı ilə silinməsi; 9. Alıcı və sifarişçi təşkilatlarla hesablaşmalar nəticəsində ƏDV öhdəliyi yarandığı üçün təqdim edilən ƏDV bəyannamələrində 301-ci “ƏDV - yə cəlb edilən dövriyyə” sətrində satışın həcminin düzgün göstərilməsi ilə tutuşdurulması kimi həyata keçirilən vacib presedurlar haqqında danışdı.

O sonda hesablaşma əməliyyatları zamanı rast gəlinən xüsusi hallar haqqında məlumat verərək məruzəsini başa çatdırdı.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 35 nəfər auditor təşkilatının nümayəndələri, 16 nəfər sərbəst auditor, 1 nəfər maraqlı tərəf və 6 nəfər Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası