Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili barədə” seminar və “Audit zamanı daxili nəzarətin effektliyinin qiymətləndirilməsi” mövzusunda növbəti “ustad dərsi”keçirilmişdir

 

2022-ci ilin 29 mart tarixində saat 1100-da onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili barədə” seminar (moderator:  Nəcəf Talıbov – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, məruzəçi: Vasif Cavadov – Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi) və “Audit zamanı daxili nəzarətin effektliyinin qiymətləndirilməsi” mövzusunda  növbəti “ustad dərsi” (moderator:  Nəcəf Talıbov – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, məruzəçi: Səftər Vəlizadə - “SR AUDİT SOLUTİONS” MMC-nin direktoru-auditor) keçirildi.

Moderator Nəcəf Talıbov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili barədə” mövzusunda növbəti seminar barədə qısa məlumat verərək sözü məruzəçi Vasif Cavadov verdi.

Vasif Cavadov  “Auditorun şəxsi kabineti” sistemindən istifadə zamanı Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında təlimat”ın müddəalarının tələblərinin icrasının məcburi xarakter daşımasını, auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların müqavilələrin və rəylərin qeydiyyatının bu təlimata uyğun olaraq düzgün və vaxtında aparılmasının onlardan tələb edildiyini qeyd edərək 2020-2021-ci illər ərzində yerinə yetirilmiş müqavilələr üzrə aparılan auditlərin nəticələrinə dair verilmiş rəylərin növlərinin statistikası barədə ətraflı məlumat verdi.

O, eyni zamanda Auditorlar Palatasının strukturunda yeni yaradılmış Haqsız rəqabətə qarşı mübarizə və Audit sistemində icra intizamı və daxili nəzarət şöbələri tərəfindən auditorların auditor xidməti göstərilməsinə dair bağladıqları müqavilələrin gündəlik təhlili aparılaraq həmin müqavilələrdə Palatanın tövsiyə etdiyi minimum hədlərə əməl olunmama və yol verilmiş dempinq və haqsız rəqabət halları barədə icmalın, təklif və tövsiyələrin hazırlanması üçün müvafiq komissiyaya təqdim edilməsi haqqında da məlumat verdi.

Daha sonra moderator Nəcəf Talıbov “Audit zamanı daxili nəzarətin effektliyinin qiymətləndirilməsi” mövzusunda keçirilən seminar barədə qısa məlumat verərək sözü məruzəçi Səftər Vəlizadəyə verdi.

Səftər Vəlizadə ilk öncə daxili nəzarət haqqında məlumat verərək daxili nəzarətin obyektin resurlarının qənaətli, səmərəli, effektiv, məqsədəuyğun istifadə edilməsinə, işlərin, əqdlərin qanunvericiliyə uyğunluğuna, fəaliyyəti haqqında müntəzəm, vaxtında, etibarlı hesabatvermə, aktivləri qorumaq, korrupsiya, hüquq pozuntularının qarşısının alınmasına kifayət qədər və əsaslı təminat verən idarəetmə vasitəsi olmasını bildirərək daxili nəzarətin növləri, daxili nəzarətin komponentləri, nəzarət mühiti, risklərin qiymətləndirilməsi, nəzarət fəaliyyətləri, informasiya sistemi və kommunikasiya, nəzarət elementlərinin monitorinqi, daxili audit funksiyası, daxili nəzarət sisteminin öyrənilməsi, daxili nəzarət sisteminin öyrənilməsində istifadə olunan rəhbərlik, işçi heyyətindən yazılı və ya şifahi məlumatların toplanması, sənəd və hesabatların öyrənilməsi, fəaliyyətlərin, xüsusi nəzarət elementlərinin tətbiqinin müşahidə olunması, iş axışı və vaxtla bağlı tənzimləyici sənədlərin öyrənilməsi, daxili auditorlarla görüş, üçüncü şəxslərdən təsdiqləmə, yerlərə fiziki baxış, maliyyə hesabatı ilə bağlı olan məlumat sistemi vasitəsilə əməliyyatların izlənilməsi, daxili nəzarət mexanizmlərinin qabaqcıl (mütərəqqi) təcrübələrlə üzləşdirilməsi kimi metodlar, nəzarət riskinin qiymətləndirilməsi ətrafında geniş çıxış etdi.

O daxili nəzarətin rəhbərliyə obyekti idarə etməyə, məqsədlərinə çatmağa imkan verən, idarəetmənin bünövrəsini təşkil edən vasitələrdən biri olduğunu və müvafiq hədəfləri həyata keçirmək üçün riskləri idarə etmək, kafi əminlik əldə etmək üçün təşkil olunduğunu, daxili nəzarətin obyektin rəhbərliyi, işçi heyəti tərəfindən həyata keçirilən, bir-birini tamamlayan bir proses olduğunu və obyektin idarə olunmasına dair qaydalar toplusu sayılan daxili nəzarətin tətbiq olunmasına həm rəhbərlik, həm də işçilərin cəlb edilməsinin mütləqliyini vurğuladı.

Sonda məruzəçi daxili nəzarət mühitinin obyekt daxilindəki insanlar arasında nəzarətə dair sağlam düşüncə formalaşdırıldığını, zəif nəzarət mühitinin konkret məsələlərdən daha çox ümumilikdə obyektin şəffaflığı, hesabatlılığı, əhatəliliyinə təsir etdiyini, daxili nəzarətin həm auditin planlaşdırılması, həm də audit predmeti olaraq ayrıca müəyyən edilərək audit prosesində öyrənildiyini qeyd etdi.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 40 nəfər auditor təşkilatının nümayəndələri, 18 nəfər sərbəst auditor və 6 nəfər Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası