2022-ci ilin 16 mart tarixində saat 1100-da onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün “Korrupsiyaya və PL/TM qarşı mübarizə barədə Azərbaycan Respublikasının qanunvericiliyinin şərhi” (moderator – Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, məruzəçi – Auditorlar Palatasının Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri, “VXA-Audit” MMC-nin direktoru-auditor Elçin Qurbanov) və “Çirkli pullara və korrupsiyaya qarşı milli mübarizə sistemində auditorların rollarının gücləndirilməsi barədə” (moderator – Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) mövzularında seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Korrupsiyaya və PL/TM qarşı mübarizə barədə Azərbaycan Respublikasının qanunvericiliyinin şərhi” mövzusunda keçirilən seminar barədə geniş məlumat verdi.
O, Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 2004-cü il 13 yanvar tarixində qəbul edildiyini, 2005-ci il yanvar ayının 1-dən qüvvəyə mindiyini və bu qanun 14 maddədən ibarət olduğunu qeyd edərək bu Qanunun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəldiyini vurğuladı.
Moderator eyni zamanda 2005-ci ildə Palatanın sədri Vahid Novruzovun rəhbərliyi altında “Antikorrupsiya” (sənədlər toplusu) kitabının nəşr etdirildiyini və 2008-ci ildə 18-19 sentyabr tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirildiyini bildirərək sözü məruzəçi Elçin Qurbanova verdi.
Elçin Qurbanov BMT Baş Assambleyası tərəfindən 1994, 1996, 1997, 1998 –ci illərdə 9, 17, 15, 8 dekabr tarixlərində qəbul edilmiş Qətnamələrdə bütün terrorizm hərəkətlərini, metodlarını və təcrübəsini, o cümlədən də dövlətlər və xalqlar arasındakı dostluq münasibətləri üçün təhlükə törədən və dövlətlərin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən hərəkətləri cinayət əməli və haqq qazandırılması mümkün olmayan hərəkətləri, terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, - bu cür maliyyələşdirilmənin bilavasitə yaxud bilavasitə, -xeyriyyə, ictimai və ya mədəni məqsədlər güdən və ya güddüklərini iddia edən yaxud özləri də qeyri-qanuni silah göndərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və hədələməklə pul qoparmaq kimi cinayətlərlə mübarizə tədbirlərinə həsr olunduğunu bildirərək və qəbul olunmuş dörd qətnamə : 1.Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası, 2.Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında Konvensiya, 3.Birləşmiş Millətlər Təşkilatının korrupsiya əleyhinə Konvensiyası, 4.Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya haqqında geniş məlumat verdi.
Məruzəçi eyni zamanda FATF –in 40 Tövsiyəyə əlavə olaraq növbəti 9 vacib Tövsiyələri: “BMT-nin normativ aktlarının ratifikasiyası və implementasiyası”, “Terrorçuluğun maliyyələşdirilməsinin və onunla bağlı olan pulların yuyulmasının kriminallaşdırılması”, “Terrorçuların vəsaitlərinin dondurulması və müsadirə edilməsi”, “Terrorçuların maliyyələşdirilməsinə aid edilən şübhəli əməliyyatlar haqqında hesabatlar”, “Beynəlxalq əməkdaşlıq”, “Alternativ pul köçürmə sistemləri”, “Elektron köçürmələr”, “Qeyri–kommersiya təşkilatları”, “Nağd pul daşıyan şəxslər” haqqında da məlumat verdi.
Daha sonra moderator Qəşəm Bayramov “Çirkli pullara və korrupsiyaya qarşı milli mübarizə sistemində auditorların rollarının gücləndirilməsi barədə” mövzusunda növbəti seminar haqqında geniş məlumat verərək, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun 2009-cu il fevral ayının 10-dan qüvvəyə mindiyini və bu qanun 22 maddədən ibarət olduğunu qeyd etdi.
O, Bu Qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəldiyini vurğulayaraq, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasının cərimə məbləğləri, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzovun rəhbərliyi altında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu hazırlanmış kitab və Palatanın 2015-ci ilin 30 aprel tarixində Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda və 2019-cu ilin 13 sentyabr tarixində Azərbaycan İqtisadçılar İttifaqı və Respublikasının Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik keçirdiyi konfranslar haqqında geniş məlumat verdi.
Daha sonra moderator sözü məruzəçi Elnur Qurbanova verdi. O Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun, auditor xidməti göstərən şəxlərin hüquq və vəzifələri, müxtəlif hallara və əməliyyatlara dair məlumatların toplanıb maliyyə monitorinqinə təqdim olunması, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində qeyd olunan məsuliyyətlər barədə, korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri haqqında geniş məlumat verdi.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderatorlar tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 27 auditor təşkilatının 32 nəfər nümayəndələri, 16 nəfər sərbəst auditor, 24 nəfər digər maraqlı tərəflərin nümayəndələri və 6 nəfər Palatanın əməkdaşları iştirak etmişdir.