2022-ci ilin 23 fevral tarixində “Mal-material, xammal ehtiyatlarının auditi” mövzusunda növbəti “ustad dərsi” (moderator – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, məruzəçi –Sərbəst auditor Altay Cəfərov) və “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti və ya necə korrupsiya qurbanına çevrilməmək istiqamətləri?” mövzusunda seminar (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, məruzəçi – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov) keçirilib.
Moderator Vəli Rəhimov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Mal-material, xammal ehtiyatlarının auditi” mövzusunda keçirilən “Ustad dərsi” barədə qısa məlumat verərək sözü məruzəçi Altay Cəfərova verib.
Altay Cəfərov auditin ilkin mərhələsində mal-materialların, xammal ehtiyatlarının auditi faylının formalaşdırılması, audit üzrə ilkin məlumatların əldə edilməsi, auditin planlaşdırılması və yerinə yetirilməsi mərhələləri, mal-materialların, xammal ehtiyatlarının auditinin son hesabatlılıq və rəyin ifadə edilməsi mərhələsinə təsirinin şərhi barədə geniş məlumat verib.
Belə ki, o auditin ilkin mərhələsində mal-materialların, xammal ehtiyatlarının audit faylının formalaşdırılmasında auditin aparılmasının 4 mərhələsindən, standartların tələblərindən, auditin ilkin mərhələsində məlumatların əldə edilməsindən və məlumat mənbələrindən, yerinə yetirilən audit prosedurları və alt prosedurlarından, ilkin mərhələ üzrə qəbul edilən audit qərarlarının sənədləşdirilməsi və audit faylına işlənilməsindən, auditin planlaşdırılması mərhələsində əhəmiyyətli sahələrin müəyyənləşdirilməsi və bununla bağlı audit posedurlarının yerinə yetirilməsindən, əhəmiyyətlilik üzrə audit risklərinin müəyyən edilməsi və həmin audit riskləri üzrə cavab tədbirlərinin görülməsi və bununla bağlı posedurların yerinə yetirilməsindən, auditin yerinə yetirilməsi mərhələsində auditi aparmaq üçün atılan addımlar, tələb edilən sənədlər və məlumatlardan, inventarizasiyanın aparılmasından, audit sübutlarının əldə edilməsi, lazımı hallarda auditin seçmə üsulu ilə yerinə yetirilməsindən, riyazi hesablamaların, müqayisələrin həyata keçirilməsindən, dələduzluq hallarının müəyyənləşdirilməsindən, kənar mənbələrdən audit sübutlarının əldə edilməsindən, yerinə yetirilmə mərhələsi üzrə auditin son hesabatlılıq və rəyin ifadə edilməsi mərhələsinə təsirində bütün mərhələr üzrə qəbul edilmiş qərarların müqayisəsindən, aparılmış sənədləşdirmələrin yenidən araşdırılmasından, çatışmamazlıqların, dələduzluq hallarının, mexaniki səhvlərin təhlili və bununla bağlı konkret qərarların qəbulu və sənədlədirilməsindən, yekun qərarın audit hesabatına təsirinin olub-olmaması barədə auditor hesabatında lazım olduqda xüsusi paraqraf kimi açıqlanmasını qeyd edib.
Daha sonra moderator Nəcəf Talıbov “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti və ya necə korrupsiya qurbanına çevrilməmək istiqamətləri?” mövzusunda keçirilən seminar barədə qısa məlumat verərək sözü məruzəçi Vəli Rəhimova verib.
Vəli Rəhimov dələduzluğun xüsusiyyətləri, dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə məsuliyyət, dələduzluq nəticəsində yol verilmiş əhəmiyyətli təhriflər riskinin müəyyən edilməsi və qiymətləndirilməsi, dələduzluq nəticəsində aşkar əhəmiyyətli təhriflər riskinə qarşı cavab tədbirlərinin görülməsi, audit sübutlarının dəyərləndirilməsi, tapşırığı davam etdirə bilməyən auditor, rəhbərlik və idarəetməyə məsul şəxslərlə əlaqə, tənzimləyici və hüquq mühafizə orqanları ilə əlaqə və sənədləşdirmə barədə geniş məlumat verib.
Belə ki, o dələduzluğun xüsusiyyətləri bölməsində yanlış maliyyə hesabatlılığından irəli gələn təhriflər və aktivlərin qeyri-qanuni mənimsənilməsi üzündən baş verən təhriflərdən, dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə rəhbərliyin və auditorun məsuliyyətindən, dələduzluq nəticəsində aşkar edilmiş əhəmiyyətli təhriflər riskinə qarşı cavab tədbirləri bölməsində tapşırıq üçün işçi heyətinin təyin edilməsi və onlara nəzarət edilməsindən, müəssisə tərəfindən uçot siyasətinin, xüsusilə subyektiv qiymətləndirmələr və mürəkkəb sövdələşmələrlə bağlı uçot metodunun seçilməsi və tətbiq olunmasının rəhbərliyin gəlirləri idarə etmək cəhdinin nəticəsi olaraq maliyyə hesabatlılığının saxtalaşdırılmasına dəlaət edib-etmədiyinin müəyyənləşdirilməsindən, təsdiqləmələr səviyyəsində dələduzluq nəticəsində yol verilmiş əhəmiyyətli təhriflər riskini aradan qaldırmaq üzrə tətbiq edilən audit prosedurlarından, audit sübutlarının dəyərləndirilməsi bölməsində auditin sonuna yaxın yerinə yetirilmiş analitik prosedurların dələduzluq nəticəsində baş vermiş və əvvəllər aşkar edilməmiş əhəmiyyətli təhriflər riskinə işarə edib-etməməsinin dəyərləndirilməsindən, tapşırığı davam etdirə bilməyən auditorun auditi yerinə yetirməyi davam etdirmə imkanını sual altına alan müstəsna hallardan, müvafiq səviyyədən olan rəhbərliklə və idarəetməyə məsul şəxslərlə auditorun tapşırığın yerinə yetirilməsindən imtina etməsi və bu imtinanın səbəblərindən danışıb.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırıb.
Keçirilən ustad dərsinin və seminarın mövzuları ilə ətraflı tanış olmaq üçün çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderatorlar tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış edib.
Tədbirdə Auditorlar Palatasının üzvləri, əməkdaşları və ali təhsil müəssisələrinin professor, müəllim və tələbə heyəti iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası
Qalareya