Bakı, 23 fevral, AZƏRTAC
Auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Auditorlar Palatası Şurasının iclasında 2022-ci ilin “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan olunması barədə qərar qəbul edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, qəbul edilmiş müvafiq qərara uyğun olaraq, haqsız rəqabətə qarşı mübarizə sahəsində hazırlanmış Tədbirlər Planında auditor fəaliyyəti ilə əlaqədar haqsız rəqabət və reklam qadağası haqqında Əsasnamənin hazırlanması və tətbiqi, haqsız rəqabətlə mübarizədə auditorların vəzifə və səlahiyyətlərinin gücləndirilməsi, rəqabətə dair kitabça və bukletlərin hazırlanıb nəşr etdirilməsi, seminar və dəyirmi masaların keçirilməsi, auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin təkmilləşdirilməsi, haqsız rəqabətə qarşı mübarizə sahəsində auditorlar arasında əməkdaşlığın genişləndirilməsi üçün əməli tədbirlərin işlənib hazırlanması, bu sahədə xarici təcrübənin öyrənilməsi, tətbiq edilməsi və digər tədbirlər nəzərdə tutulub.
Auditor fəaliyyətində haqsız rəqabətə qarşı mübarizənin daha məqsədyönlü və operativ aparılmasını təmin etmək üçün Auditorlar Palatasının aparatında “Haqsız rəqabətə qarşı mübarizə şöbəsi” və Palatanın Şurası yanında “Haqsız rəqabətə qarşı mübarizə üzrə komitə” yaradılıb və onların Əsasnamələri təsdiq edilib.