Azərbaycan auditorları Ukrayna auditinin 30 illik yubileyi tədbirində iştirak ediblər - AZƏRTAC

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Ukrayna auditinin 30 illiyinə həsr olunmuş “Audit və peşədə baş verən dəyişikliklər: təcrübə və peşənin yeni dövrün çağırışlarına cavabı” mövzusunda beynəlxalq elmi-praktik konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov iştirak ediblər.

Palatadan AZƏRTAC-a bildirilib ki, Ukrayna Auditorlar İttifaqı tərəfindən təşkil edilmiş və onlayn formada keçirilən yubiley konfransında Ukrayna auditinin 30 ildə keçdiyi yola nəzər salınıb, auditin keyfiyyətinin müasir tələblər baxımından yüksəldilməsi, problemlər, ənənəvi auditə yeni yanaşmalar və metodlar, rəqəmsal audit mövzularında panel müzakirələr keçirilib. Azərbaycan auditorları “Auditorun şəxsi” kabineti sisteminin yaradılması və fəaliyyəti təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda, konfrans iştirakçılarına Azərbaycan auditinin təkmilləşdirilməsi istiqamətində ölkədə həyata keçirilən kompleks tədbirlər haqqında geniş məlumat verilib və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan şəffaflıq strategiyasında müstəqil auditin qarşısında duran vəzifələr və inkişaf perspektivlərinə dair həyata keçirilən tədbirlər və auditorlara göstərilən dövlət qayğısı barədə verilən məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Qalareya