Azərbaycan Respublikasının Auditorlar Palatasında 2022-ci ilin 02 fevral tarixində “Gənclər Günü”nə həsr edilmiş onlayn tədbir keçirilmişdir

Tədbir Azərbaycan dövlətinin gənclərə qayğısına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov dövlətimiz və Prezidentimiz tərəfindən gənclərə göstərilən diqqət, qayğı və gənclərin inkişafı uğrunda edilən islahatlardan ətraflı danışdı. Belə ki, o 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılmasından, 1997-ci il 02 fevral tarixində ulu öndərimiz Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsindən, 1997-ci ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra Gənclər və İdman Nazirliyi ilə birlikdə regionlarda yaratdığı olimpiya kompleksləri və gənclər mərkəzlərindən, ölkə Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamına əsasən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaqları ilə bağlı Dövlət Proqramının təsdiq olunmasından, 2011-ci il 19 dekabr tarixində Gənclər və idman Nazirliyi yanında Gənclər Fondunun təsis edilməsindən, gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətindən və müvafiq dövlət strukturlarında gənclərimizin rəhbər vəzifələrə təyin edilməsindən bəhs etdi.

O, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın da rəhbərliyi və təşəbbüsü əsasında gənclərə göstərilən diqqətdən, gənclərin inkişafı üçün həyata keçirilən tədbirlərdən, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin yetişdiriilməsinə, onların ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün atdığı addımlardan danışdı.

O, eyni zamanda Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun da Palatada fəaliyyət göstərən gənclərə göstərdiyi diqqət və dəstəyindən danışaraq Palatada fəaliyyət göstərən 24 gəncdən 9-nun rəhbər vəzifələrə, 15-nin isə müvafiq strukturlara təyin olunmasından və günü-gündən gənc Palata üzvlərinin artmasından bəhs etdi. 

Sonra o, 2022-ci il 01 fevral tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Azərbaycan Gəncliyinin Milli İdeoloji İnkişaf Modeli” mövzusunda keçirilən  konfransdan danışdı və son illərdə dövlətimizin gənclərə olan diqqətini və qayğısını bir daha tədbir iştirakçılarına çatdırdı.

Tədbirdə Palata sədrinin müşaviri Fəqan Qarayevin əsas məruzəsi dinlənildi. O,  gənclər günü münasibətilə iştirakçıları təbrik etdikdən sonra gənclərə dövlət səviyyəsində xüsusi önəm verildiyini qeyd etdi.

O, 44 günlük II Vətən müharibəsində Azərbaycan gənclərinin bir daha öz dövlətinin, millətinin və Prezidentinin yanında olduğunu sübut etdiyini, onların canları və qanları bahasına torpaqlarımızın azad edilməsi uğrunda döyüşərək ölkəmizin, millətimizin azadlığı naminə öz gəncliklərini fəda etdiklərini vurğuladı.

Daha sonra Fəqan Qarayev Ulu Öndər Heydər Əliyevin uzaqgörənlik siyasətindən bəhs edərək, onun Fərmanı ilə MDB və Şərqi Avropa ölkələrində ilk olaraq Azərbaycanda Gənclər gününün təntənəli qeyd edilməsini, yalnız 2 il sonra, yəni    1999-cu ildə BMT-nin qətnaməsi ilə 12 avqust “Beynəlxalq Gənclər” günü elan olunmasını, Heydər Əliyevin siyasətinin uğurlu davamçısı İlham Əliyevin də gənclərə böyük önəm verdiyini, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 7 mart tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılmasından, gənclərin öz ideyalarını reallaşdırması üçün yeni və innovativ  “Gənclər portalının” istifadəyə verilməsindən bəhs etdi.

Daha sonra o, Auditorlar Palatası sədrinin gənclərə və gənc auditorlara göstərdiyi diqqət və qayğını, Palatanın bir çox əməkdaşlıq etdiyi ali təhsil müəssələrindəki tələbələrə Palatada təcrübə keçmələrinə imkan yaradılmasını və onlardan bəzilərinin artıq Palatada yüksək məsul vəzifə tutduqlarını, eləcə də Palata sədrinin əmri ilə audit sistemində yenilikləri özündə ehtiva edən “Auditin innovativ inkişafı” idarəsinin yaradılmasını  vurğuladı.

Sonra tədbirdə Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov, Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdiri Şəfəq Əliyeva, Şəxsi heyət üzrə menecer Nərgiz Abdullayeva, Auditorlar Palatasının üzvü, sərbəst auditor Nigar Alxaszadə, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Rəna Qəfərova, Aparatın rəhbəri Qəşəm Bayramov və Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov da mövzu ətrafında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan və daim Prezidentimizin siyasətini rəhbər tutan Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun gəncləri dəstəkləməsindən bəhs etdilər.

Sonda Səbuhi Gülməmmədov Palata əməkdaşlarının və üzvlərinin də ölkədə gedən ictimai-siyasi, iqtisadi, sosial fəaliyyətində yaxından iştiraklarını və hər birimizin millətimizin, ölkəmizin, Prezidentimizin yanında olduğunu vurğulayaraq bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

Son olaraq o, Auditorlar Palatasının üzvlərini Yeni Azərbaycan Partiyasının Palatada fəaliyyət göstərən ərazi təşkilatına üzv olmağa, partiyanın fəal üzvü olmağa və ölkəmizin ictimai-sayasi proseslərində yaxından iştirak etməyə səslədi.

 

 

Qalareya