Azərbaycan auditorları İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbərliyi ilə görüşüb

24 yanvar 2022-ci il tarixində 1904-cü ildə təsis edilmiş, baş ofisi Londonda yerləşən, Sertifikatlı Mühasib ixtisasını təklif edən və dünya üzrə 233.000 üzvü olan qlobal peşəkar mühasibatlıq qurumu – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbərliyi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında mövcud əlaqələrin gücləndirilməsi istiqamətində hər iki qurumun rəhbərliyinin və üzvlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Onlayn görüşdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə Komitənin sədri Fəqan Qarayev, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov, ACCA-nın ölkəmizdən üzvləri olan “KPMC Audit Azərbaycan” MMC-nin direktoru Nəsibə Muradxanova, “BDO Azərbaycan” MMC-nin direktoru Yunis Salayev, “Davud Mamedov” MMC-nin direktoru Davud Məmmədov, ACCA-nın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbəri Filiz demiröz və Bazarın inkişafı üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak ediblər.

Görüşdə Auditorlar Palatasının ACCA-nın İmtiyazlı Təlim Partnyoru statusunu əldə etməsi, ACCA-nın Davamlı Peşəkar İnkişafa dair təlim materiallarının Auditorlar Palatasının üzvlərinə və assistentlərə tədris olunması istiqamətində tədbirlərin görülməsi, Azərbaycan auditorlarının ACCA-nın Peşəkar Təqdiqatçılar qrupuna qoşulması, həmçinin Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında mövcud olan Anlaşma Memorandumunun yenilənməsi və imzalanma mərasiminin həyata keçirilməsi kimi mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov auditor peşəsinin inkişafı və onun keyfiyyətinin arıtılması, korrupsiyaya, çirkli pulların yuyulmasına və ümumilikdə kölgə iqtisadiyyatına qarşı mübarizədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik nəzərə alınmaqla ölkəmizdə tətbiqinin müasir çağda böyük əhəmiyyət daşıdığını vurğulayaraq hər iki qurum arasında bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qalareya