Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü təltif edilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, üzvləri və bütün əməkdaşları adından Palatanın üzvü, “Kaspian Audit Kompani” MMC-nin direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadəni – Ukrayna Respublikasının Prezidenti cənab Vladimir Zelenskinin Sərəncamı ilə Ukraynanın III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.

Əlibala Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. Əlibala Məhərrəmzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Ukrayna Milli Elmlər AkademiyasınınUkrayna Yazıçılar Birliyinin fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanı olduqca maraqlı süjet xəttinə malik, dramatizmlə dolu ata-oğul münasibətinə, ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə və bu uçurumun yox edilməsi yollarına görə diqqət çəkmişdir. Olduqca maraqlı bir şəxs olan Əlibala Məhərrəmzadə həm də iqtisad elmləri doktoru, professordur. Ə.Məhərrəmzadə eyni zamanda motivasiya spikeri, həm də yazıçı, Rəsul Rza mükafatı laureatıdır.

Əlibala Səttar oğlu Məhərrəmzadə 2006-2021-ci illər ərzində “Kaspian Audit Kompani” məhdud məsuliyyətli cəmiyyətinin direktor-auditor fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyətdə olduğu illərdə, Palata ilə sıx əməkdaşlıq etmiş, Palatanın keçirdiyi tədbir və seminarlarda hər zaman yüksək səviyyədə iştirak etmişdir. Bu gün Azərbaycanda  bazar  infrastrukturları sistemində  özünəməxsus  yer  tutan  milli auditin təşəkkülündə və inkişafında müstəsna xidmətləri olan  mütəxəssislərdən biridir. Auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif tədbirlərin dəfələrlə iştirakçısı olaraq, hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir. Azərbaycandakı uğurlarıyla yanaşı, digər   ölkələrlə də sıx əlaqədə olaraq, Vətənimizin gələcəyi naminə bütün imkanlarını səfərbər etmişdir.

Belə ki, Azərbaycan və Ukraynanın arasındakı dostluq münasibətlərini möhkəmləndirmək üçün, qəbul edilmiş iqtisadi, mədəni və strateji əməkdaşlıq konsepsiyasına uyğun olaraq Azərbaycandakı "Ukrayna Ticarət Evinin" ("UTE") və Ukraynadakı "Azərbaycan Ticarət Evinin" yaradılması təşəbbüsü, hələ 2016-cı ildə hər iki ölkə Prezidenti tərəfindən irəli sürülmüşdü. Sonradan bu məsələ müvafiq nazirliklərin rəhbərlərinin görüşlərində daha ətraflı müzakirə edilmiş və praktiki nəticə olaraq Bakı və Kiyev paytaxt şəhərlərində "Ticarət  Evləri" yaradılmışdır. Azərbaycandakı “Ukrayna Ticarət Evi”-nin təqdimatı, Ukrayna Prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana 2019-cu ilin rəsmi səfəri zamanı baş tutub. Azərbaycan Respublikasındakı "Ukrayna Ticarət Evi"-nin təsisçisi və Baş direktoru iqtisad elmləri doktoru, professor Əlibala Səttar oğlu Məhərrəmzadədir.

Bir daha Əlibala Məhərrəmzadəni Ukraynanın III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ölkəmizin ictimai-siyasi həyatında malik olduğu böyük hörmət və nüfuzu daim qoruyub artırmağı, vətənimizin işıqlı sabahı naminə şərəfli peşə fəaliyyətində yeni-yeni uğurlar, bu müvəffəqiyyətin davamlı olmasını, Azərbaycan və Ukrayna  dostluq və tərəfdaşlıq münasibətlərinin daim qorunub saxlanmasını arzulayırıq.

Azərbaycan Respublikası Auditorlar

Palatasının İctimaiyyətlə əlaqə və

İnformasiya şöbəsi

 

 

Qalareya