Azərbaycan Respublikasının Auditorlar Palatasında “Korrupsiya, PL/TM-ə qarşı mübarizə və kölgə iqtisadiyyatının azaldılması ilə bağlı Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) müddəalarında nəzərdə tutulmuş auditorların öhdəliklərinin şərhi” mövzusunda seminar keçirilmişdir
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzovun 2021-ci ilin 30 dekabr tarixində təsdiq etdiyi «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 14 yanvar tarixində saat 10.00-da onlayn qaydada Auditorlar Palatasının üzvləri üçün «Korrupsiya, PL/TM-ə qarşı mübarizə və kölgə iqtisadiyyatının azaldılması ilə bağlı Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) müddəalarında nəzərdə tutulmuş auditorların öhdəliklərinin şərhi» mövzusunda seminar keçirildi (Moderator: Qəşəm Bayramov – Aparatın rəhbəri, məruzəçilər: Nəcəf Talıbov – sədrin elmi-metodik məsələlər üzrə müşaviri, Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, Üzeyir Fətiyev – sərbəst auditor, haqsız rəqabətə və dempinqə qarşı mübarizə üzrə komitənin sədri).
Seminarın moderatoru Q.Bayramov seminarın iştirakçısı olan Auditorlar Palatasının üzvlərini salamlayaraq qeyd etdi ki, həmin qrafikə uyğun olaraq Auditorlar Palatası tərəfindən 2022-ci il ərzində 37 tədbir keçiriləcək və həmin tədbirlərin keçirilməsinin əsas məqsədi ölkəmizdə auditor xidmətinin inkişafının təmin olunmasından, auditorlar tərəfindən göstərilən auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, auditorların peşəkarlıq və bilik səviyyələrinin artırılmasından ibarətdir. O, auditorları həmin tədbirlərdə fəal iştirak etməyə çağırış etdi.
Q.Bayramov «Korrupsiyaya qarşı mübarizə haqqında» və «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının qanunlarında və «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) müddəalarında korrupsiya, PL/TM-yə qarşı mübarizə və kölgə iqtisadiyyatının azaldılması ilə bağlı nəzərdə tutulmuş auditorların öhdəlikləri barədə ümumi məlumat verdi.
N.Talıbov və Ü. Fətiyev öz çıxışlarında qeyd etdilər ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli 580-IIQ №-li Qanunu korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Həmin Qanunun 2.1.1 – 2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün auditorlar da vəzifəli şəxs hesab edilirlər.
Onlar Qanunun tətbiq dairəsi, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti barədə geniş məlumat verdilər.
Məruzəçilər qeyd etdilər ki, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 2009-cu il 10 fevral tarixli 767-IIIQ №-li Qanunu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmişdir.
Monitorinqdə iştirak edən digər şəxslərdən biri də auditor xidməti göstərən şəxslərdir. Monitorinqdə iştirak edən digər şəxslər qismində auditor xidməti göstərən auditorlar üçün bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən orqan öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Auditorlar Palatasıdır.
Monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər.
Daha sonra məruzəçilər Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Azərbaycan Respublikasında kölgə iqtisadiyyatının azaldılmasına dair strateji Yol xəritəsi, korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu barədə ətraflı çıxış etdilər.
Çıxışların mətni Auditorlar Palatasının internet səhifələrində və Auditorun şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Qalareya