Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə Auditorlar Palatasının sədri,  professor Vahid Novruzovun   T Ə B R İ K İ

Hörmətli Palata üzvləri!

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi və kollektivi adından Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2022-ci il münasibətilə ürəkdən təbrik edirəm.                                                                         

Yola saldığımız 2021-ci ildə bizim üçün çox əhəmiyyətli hesab edilən işlər sırasına  Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinin tamam olması və bu münasibətlə silsilə tədbirlərin həyata keçirilməsi aid edilə bilər. Bu məqsədlə, 2021-ci il 05 aprel tarixində Auditorlar Palatasının yubileyinə həsr olunmuş və müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin, peşəkar qurumların, Palata kollektivi, üzvləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Silsilə tədbirlər sırasında “Auditorlar Palatası-25 il” adlı sənədli filmin hazırlanması və Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilməsi, 1996-2021-ci illərdə  Azərbaycanda auditin inkişafına dair önəmli faktlar barədə məlumatların əks olunduğu “Faktlar” kitabı, yubiley münasibətilə Palatanın ünvanına daxil olmuş ölkənin dövlət və özəl qurumlarından, qeyri-hökumət təşkilatlarından, səfirliklərdən, ali təhsil müəssisələrindən, eyni zamanda Palatanın üzv olduğu beynəlxalq peşəkar qurumlardan və xarici həmkarlarımızdan çoxsaylı təbrik məktubları və video müraciətlərin öz əksini tapdığı “Yubiley təbrikləri” kitabı və 25 ildə Azərbaycan auditinə öz töhfələrini vermiş Auditorlar Palatasının kollektivi və üzvləri barədə məlumatın əks etdirildiyi “Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri – 1996-2021” kitabının nəşr olunması da olmuşdur. Reallaşdırılan silsilə tədbirlər sırasında yubiley münasibətilə 16 sentyabr 2021-ci il tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Şəffaflıq və audit: yeni dövrün çağrışları, problemlər, vəzifələr” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans xüsusi qeyd olunmalıdır. Bizim üçün böyük fəxarət doğuran hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubunun ünvanlaması olmuşdur. Həmçinin Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamış və Palatanın 11 nəfər əməkdaşı və üzvü “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qeyd edilənlərlə yanaşı əhəmiyyətli hesab edilən tədbirlər sırasında bu ildən etibarən “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyasının (2021-2030-cu illər)” tətbiqinə başlanılması xüsusi vurğulanmalıdır. Konsepsiya çərçivəsində biz qarşımıza dinamik, çevik və gələcəyə hesablanmış tövsiyə və proqramların müəyyən edilməsini məqsəd qoymuşuq. Konsepsiyada 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının prioritet istiqamətləri öz əksini tapmış və bu sahədə işlər gələcək dövr ərzində davam etdiriləcəkdir. Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubundan irəli gələn öhdəlik və vəzifələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Bunlara misal olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2021-ci il 17 dekabr tarixində 300-dən artıq nümayəndənin iştirakı ilə "Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda seminar-müşavirənin keçirilməsini qeyd etmək istərdim.

Məlumdur ki, yeni dövrün çağırışları auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə müvafiq olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, auditdə innovasiyaların və yeni texnologiyaların tətbiqi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir. Bu məqsədlə Auditorlar Palatasında “Auditorun şəxsi kabineti sistemi” yaradılmış və tətbiqinə başlanılmışdır.  Auditorlar Palatası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də nəticəli tədbirlər həyata keçirməkdədir. Ötən il ərzində Palatanın nümayəndələri çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişlər. 2021-ci il xalqımız və o cümlədən, ölkə auditorları üçün ən əlamətdar hesab edilən hadisələr sırasında cənab Prezidentimizin 60 illik yubileyi dayanır. Bu münasibətlə, Auditorlar Palatasının kollektivi və üzvləri adından möhtərəm Prezidentimizə təbrik məktubu göndərilimiş, ölkə Prezidentinin uğurlu, Azərbaycan xalqının milli mənafelərinin qorunmasına yönəlmiş daxili və xarici siyasəti tərəfimizdən dövri mətbuatda və KİV-də ətraflı şərh edilmişdir. Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunda qeyd edilmişdir ki, Azərbaycan auditorları Zati-alilərinin ölkə auditorlarının qarşısına qoyduğu proqram xarakterli vəzifələrin məsuliyyətini çox yaxşı başa düşür, həmin vəzifələrə uyğun olaraq, daha məsuliyyətlə çalışmağı, bütün qüvvə və səylərini, bilik və bacarıqlarını ölkədə uğurla həyata keçirilən əzəmətli quruculuq işləri və Böyük Qayıdış naminə sərf etməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər.             

Hörmətli həmkarlar,

Qarşıdan 2022-ci il gəlir və istər ölkəmizin ictimai-siyasi həyatında, istərsə də Palatanın fəaliyyətində həlli vacib olan bir çox məsələlər öz həllini gözləyir. Yeni strateji mərhələdə yüksək şəffaflığa və güclü rəqabətə söykənən iqtisadi fəaliyyət istiqamətində uğurla həyata keçirilən siyasətə dəstəyimizi bundan sonra da davam etdirməliyik. 

Ölkə iqtisadiyyatının dayanıqlı və hərtərəfli inkişafının mühüm amili kimi müəyyən edilmiş bir sıra məsələlər, o cümlədən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, rəqəmsal iqtisadiyyata keçid, rəqəmsallaşmanın mühasibat uçotu, audit və daxili nəzarətə təsiri, korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınması, auditin keyfiyyətinin yüksəldilməsi, Beynəlxalq Audit Standartlarının, korporativ idarəetmə standartlarının tətbiqinin genişləndirilməsinə nail olunmalıdır.

Bu məqsədlə Auditorlar Palatasının 2022-ci il üzrə İş Planında müstəqil auditin ölkənin ictimai-iqtisadi həyatında rolunun gücləndirilməsi və ona ictimai etimadın artırılması istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur.

Əminəm ki, ötən 25 il ərzində olduğu kimi qarşıdakı illərdə də biz Sizinlə öz səylərimizi birləşdirərək ölkəmizin inkişafı naminə əlimizdən gələni edəcəyik və Ali Baş Komandanın rəhbərliyi ilə milli ordumuz şanlı tarix yazaraq Azərbaycanın torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edərək, Qarabağın yenidən ölkəmizin tərkibinə daxil olmasının təmin edildiyi Böyük Qayıdış dövründə daha mühüm əhəmiyyət kəsb edən ölkəmizin iqtisadi qüdrətinin və potensialının artması naminə üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

İnanıram ki, auditorlarımız bundan sonra da Azərbaycan auditinə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq ölkə rəhbərliyinin etimadını doğruldacaq, dövlətimizə, iqtisadiyyatımızın tərəqqisinə və mənsub olduqları şərəfli və məsul auditor peşəsinə sədaqətlə xidmət edəcəklər.

Əzizi dostlar,

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2022-ci il münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın inkişafı və tərəqqisi  naminə məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək!

     

 

Dərin hörmətlə,                                           

                                                                       

Auditorlar  Palatasının  sədri                                                                                   

Vahid Novruzov

          

30.12.2021-ci il