PREZİDENT  İLHAM  ƏLİYEV – MİLLİ  MARAQLARIMIZIN TƏMİNATÇISI  “Güclü iqtisadiyyat ən önəmli şərtdir”. - XALQ QƏZETİ

24.12.2021-ci il Xalq qəzeti

 

 PREZİDENT  İLHAM  ƏLİYEV – MİLLİ  MARAQLARIMIZIN TƏMİNATÇISI

  1.                                                                     “Güclü iqtisadiyyat ən önəmli şərtdir”.                                                                               

                                                                                                        Prezident İlham Əliyev

Tarixən qısa müddət ərzində keçid iqtisadiyyatını arxada qoymağa nail olmuş  ölkədə  həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və  bu model  dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyinə rəvac verməkdədir. Xüsusi vurğulanmalıdır ki, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, iqtisadiyyatın müasirləşməsi sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir. Ölkəmizin artan maliyyə imkanlarından bəhrələnərək hərbi büdcəmizin nəzərəçarpacaq dərəcədə artırılması, Azərbaycanın bütün regionlarında  təbiətin  qorunması və ekoloji təhlükəsizliyin təmin olunması, Bakı və Abşeron yarımadasının üzləşdiyi ekoloji problemlərin həllinə yönəlmiş dövlət  proqramlarının və bu tipli digər mühüm tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, intellektual mülkiyyətin qorunması və insan amilinə  hərtərəfli diqqət yetirilməsi Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi  daxili siyasətin uğurlu  təzahürləridir. Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün  iqtisadi siyasətinin  təməl prinsipi kimi dəyərləndirən  Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulamışdır: «Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək». Prezident İlham Əliyevin «Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək  üçün ilk növbədə iqtisadiyyat güclü  olmalıdır» – sözləri iqtisadiyyatın müstəsna rolunun qiymətləndirilməsi baxımından xüsusi məna kəsb etməklə Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik kəlamının məntiqi davamı kimi dəyərləndirilə bilər.                                                                                      

Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirməyi nəzərdə tutur.  İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta  bazarında sabit və  proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə  artırılması, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Prezidentin müdrik siyasəti sayəsində neft və qaz gəlirlərindən asılılıq nəticəsində yarana biləcək qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə aparılan siyasət  iqtisadiyyatın  çoxşaxəliliyinin təşviqinə yönəldilmişdir. Məhz  bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf və iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi istiqamətində yeni-yeni nailiyyətlər əldə edilməkdədir.  Heç kimə sirr deyildir ki, Azərbaycanın dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli investisiya mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və  korporativ idarəetmənin  təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün sərmayədarlar üçün əlverişli rəqabət mühitinin yaradılması, sərmayə qoyuluşunun qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində  xüsusi diqqət çəkir. Azərbaycanın tranzit  ölkə kimi potensialının gücləndirilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsi və informasiya-telekommunikasiya sistemlərinin inkişaf etdirilməsi, habelə daxili təhlükəsizliyin təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə cavab vermə qabiliyyətinin gücləndirilməsi, şəffaflığın artırılması, cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdir.                                                    

  Cənab İlham Əliyev xarici  aləmlə də  balanslaşdırmanı qoruyub saxlamış,  heç bir dövlətin və ya alyansın təsiri altına düşməmiş, yaxud onlara qollarını geniş açmamış, eyni zamanda, ölkəsinə  düşmənlər də qazandırmamışdır. Çoxvektorluluq, çevik alyanslar strategiyası quruca sözlər deyildir. Bütün bunlar  əvvəlkitək uzunmüddətli  inkişaf üçün nəhəng potensialı təmin edir və özlüyündə  müstəqil xarici siyasətin həyata keçiriməsinə etibarlı təminat verir. Çoxvektorluluq – geosiyasi  qruplaşmalardan heç birinə qoşulmadan, çevik xəttə malik olmaq imkanı yaxın qonşularla və daha uzaq xariclə dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirmək deməkdir.                             

Cənab İlham Əliyevin cəsarətli, milli mənafelərimizin qorunmasına və ölkəmizin müstəqilliyinin  gücləndirilməsinə təminat verən  uzaqgörən siyasəti imkan vermişdir ki: «Baxmayaraq ki, bölgədə yaranmış böhranlı vəziyyət bizim iqtisadi  maraqlarımıza ziyan vurmuşdur, ancaq Azərbaycan dövləti və xalqı  bunu hiss etmədi. Yəni bu,  insanların gündəlik həyatında  özünü göstərmədi. Düzdür,  Azərbaycanın ixrac imkanları qısa müddət müəyyən dərəcədə  məhdudlaşdı, ancaq bizim çevik hərəkətlərimiz və mövcud olan bütün  infrastruktur layihələrimiz və  artıq güclü imkanlarımız yol verdi  ki, biz bu vəziyyətdən  minimum  itkilərlə çıxaq. Bu, bir  daha onu  göstərdi ki, bizim həm güclü  iqtisadi imkanlarımız var, həm çox güclü siyasi sistem mövcuddur və həm də Azərbaycanda dövlətçilik  prinsipləri çox möhkəmdir.  Yəni hətta bizim  ərazimizin, hüdudlarımızın yaxınlığında yaşanan  böhranlı vəziyyət bizə təsir etmədi. Bu, bir daha onu göstərir ki,  apardığımız siyasət düzgün siyasətdir və biz yalnız və yalnız daxili  resurslara istinad edərək, ölkəmizi inkişaf etdiririk. Azərbaycanda artıq çox güclü sənaye potensialı, çox güclü  infrastruktur yaradılıbdır. İqtisadiyyat şaxələndirilir və beləliklə, istənilən böhranlı vəziyyət Azərbaycana  az təsir edir».                                        

Azərbaycanda get-gedə möhkəmlənən siyasi sabitlik ölkənin investisiya mühitinin cəlbediciliyini artırmış, xarici investisiyaları cəlb etmək baxımından imkanları xeyli genişləndirmişdir. Sevindirici haldır ki, bu tendensiya bu günkü Böyük Qayıdış dövründə özünü daha parlaq biruzə verməkdədir.                                                                                    

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Prezident səlahiyyətlərinin icrasına başladığı vaxtdan az sonra cənab İlham Əliyevin ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərini daha da sürətləndirmək məqsədilə imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli fərmanı mühüm əhəmiyyətli sənəd oldu. Bu sənəddə qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, ixrac qabiliyyətli müəssisələrin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi kimi məsələlər geniş əksini tapmışdı. “Daxili resurslara istinad etmək və ilk növbədə, daxili məsələləri həll etmək, ölkə daxilində bütün sosial, iqtisadi, infrastruktur layihələrini həll etmək, heç kimdən asılı olmamaq, özümüzü təmin etmək, Azərbaycan xalqının rahat, firavan, təhlükəsiz yaşamasını təmin etmək - bunlar bizim prioritet  məsələlərimizdir” - cənab İlham Əliyevin bu sözləri dövlətimizin daxili siyasətinin təməl prinsiplərindən xəbəb verir. Fikrimizcə, Prezident İlham Əliyevin daxili dövlət siyasətinin əsas istiqamətləri qismində aşağıdakıları qeyd etmək olar:

  • qloballaşmanın bütün pozitiv  səmərəsindən istifadə etmək və milli  özgünlüyü, dövlət suverenliyini və rəqabət qabiliyyətliliyini qoruyub saxlamaq;
  • dövlət idarəetməsinin açıqlığını təmin etmək;
  • ölkənin inkişafının innovasiyalı  modelinə keçid;
  • milli sərvətlərin (büdcə, dövlət fondları, dövlət mülkiyyəti, intellektual resurslar və s.) düzgün idarə olunması;
  • insan kapitalının inkişafı və biliklərə geniş tələbat üçün şəraitin  yaradılması;
  • insana investisiya  qoyuluşu - biliklərə əsaslanan iqtisadiyyata keçid;
  • insan və vətəndaş  hüquqlarına tam təminat;
  • düzgün ənənə və “modern” balansını qoruyub saxlamaqla, ölkənin özünün milli identikliyini qoruyub saxlamaq;
  • iqtisadiyyatın “xammal-ixrac” modelindən “postsənaye innovasiyalı iqtisadiyyat” modelinə  keçid;
  • korrupsiya ilə mübarizə və şəffaflıq: məmuru cəmiyyətin - dövlət xidmətləri  “istehlakçı”larının nəzarəti altına almaq;
  • iqtisadi müstəqillik və risklərin idarə edilməsi;
  • regionların sosial-iqtisadi inkişafını davamlı və tarazlı etmək;
  • sahibkarlığın inkişafına nail olmaq.

Aradan illər keçəndən sonra birmənalı demək olar ki, düzgün müəyyən edilmiş iqtisadi siyasət prioritetləri dinamik inkişafı təmin etməklə, Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına, regionun lider ölkəsi mövqeyinə çıxarmışdır. İqtisadi inkişafın sürətləndirilməsinə hesablanan müxtəlif dövlət proqramlarının qəbul edilməsi və ardıcıllıqla  həyata keçirilməsi ötən müddət ərzində iqtisadiyyatımızın bütün sahələrində nəzərəçarpacaq tərəqqinin əldə edilməsi naminə həyata keçirilən siyasi kursun düzgünlüyünü sübuta yetirmişdir.                                                                                              

Ölkə Prezidenti cənab İlham Əliyevin aşağıdakı sözlərinə xitab etmək istərdim: “Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər – iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır”.                     

Şübhə yoxdur ki, ölkəmizdə  islahatları davamlı şəkildə aparmağa və xarici investisiyaları cəlb etməyə imkan yaratmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 18 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, işğal altında olan torpaqlarını azad edən ölkəmizə bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləməyə və sosial-iqtisadi inkişafın bütün sahələrində böyük uğurlar qazanmaqda mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev  ölkəmizə böyük imic qazandıran, səmimi olduğu qədər də kəsərli, şəffaf olduğu qədər də şərəfli və xeyirxah dövlət siyasətimizi bu cür  səciyyələndirir:                                                                                                              

“... Biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.

  1. Ən başlıcası - Milli maraqlar

 “Biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki,  sevincli günləri görə bilirik”.                                                                                                           Prezident İlham Əliyev

Səmimi etiraf etmək lazımdır ki, bütün bu xoşbəxtlik və sevinc üçün biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş  Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi  bütövlüyümüzün bərpa  edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasəti bizə bu sevincləri yaşatmağa imkan verdi. Eyni zamanda Əsrin müqaviləsinin tarixi əhəmiyyəti xüsusi vurğulanmalıdır.  Ölkəmizin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan neft strategiyasının zirvə   sənədi – 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal «Əsrin  müqaviləsi» kimi dəyərləndirilmiş ilk neft  sazişinin layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və  dövlətçilik maraqlarımıza tam uyğun  bir tərzdə işlənib hazırlanması  hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti olarkən İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Çox-çox sonralar Prezident İlham Əliyev özü «Əsrin müqaviləsi»nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdi: «Azərbaycan yeni müstəqil dövlətdir,  müstəqil həyatda ilk addımlarını atır... Təbii ki, biz neft kimi  bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu,  çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə  belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı,  istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də  mən həmişə  demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun». Bu müdrik siyasət ölkəmizin iqtisadi təhlükəsizliyi və milli maraqlarımızın qorunması sahəsində də öz həyatiliyini sübut etmişdir.   Bütün bunlar ona dəlalət edir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının  mənafeyini  yüksək tutmaq Prezident İlham Əliyevin iqtisadi  siyasətinin prioritet  istiqamətlərindən biridir. Hələ bir neçə il əvvəl çıxışlarının birində dövlət başçımız demişdir: “Azərbaycan çox uğurla inkişaf edən ölkədir... Eyni zamanda, öz  prinsipiallığını qoruyan və möhkəmləndirən, müstəqil siyasət aparan ölkədir. Öz siyasətini Azərbaycan xalqının  maraqları əsasında  quran bir ölkədir”. Milli iqtisadi  müstəqilliklə  dünyəvi proses olan qloballaşma  arasında  optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf  modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir.  Bu mənada Azərbaycan Prezidentinin Çinin CÇTN televiziyasına müsahibəsində söylədiyi fikirlər çox böyük önəm kəsb edir: “Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.                                                                              

Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara  gətirmiş və ölkəmizə iqtisadi, siyasi  və sosial  dividendlər qazandırmış daxili və xarici  siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan  iki bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır. Məhz unikallığı və universallığı eyni dərəcədə  vacib sayaraq cənab  İlham Əliyev onların hər birinin  prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrinin yaranmasına qarşı siyasət aparmaqla bütün sahələrdə  Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət  quruculuğu  siyasətində ya mütləq universallıq və ya mütləq unikallıq əvəzinə optimal universallıq  və optimal  unikallıq  yolu Azərbaycanı dünyada  sakitlik və stabillik adasına çevirməklə yanaşı, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi  tədbir  və  görüşlərin keçirildiyi təhlükəsiz məkanına  çevirmişdir.              

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə  bərabərhüquqlu və  qarşılıqlı əlverişli  əməkdaşlığa dair bir çox layihələr baş tutmuşdur və bu sahədə yeni-yeni addımlar atılmaqdadır. Müasir qlobaşlaşma şəraitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qayəsini bu prosesdə  daha  çox sosial ədalətə nail olmaqla yanaşı ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə  yol verilməməsi, ikili standartların  fəsadlarının azaldılmasına dair  ardıcıl, cəsarətli və həm də dərin düşünülmüş  mübarizə  təşkil edir.

  1. İqtisadi islahatlar və demokratiya

Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən və Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin ali məqsədinə çevrilən cəmiyyətin demokratikləşdirilməsi tendensiyası müstəqil Azərbaycan Respublikasını  bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində layiqli yerini tutması, beynəlxalq aləmdə gedən proseslərə fəal şəkildə inteqrasiya  olunması üçün möhkəm zəmin yaratmışdır.

Prezident İlham Əliyevin fikrincə, “İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi.

Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə inkişaf  etməlidir. Onlardan hər hansı birinin azacıq ləngiməsi, istər-istəməz, qeyri-sabitliyə və balansın pozulmasına gətirib çıxarır. Prezident İlham Əliyevin sözləri ilə desək, “iqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin  əsas elementləridir və  biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma  demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları  qorunmursa, uğur qazana bilməzsən”.

Dünya təcrübəsi göstərir ki, demokratikləşmə  prosesləri, ümumilikdə dövlətin sütunlarının möhkəm olması, ilk növbədə, iqtisadi inkişaf proseslərinin səviyyəsindən və çevikliyindən asılıdır. Sabitlik və iqtisadi  inkişafın olmadığı şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə hər hansı bir söhbət gedə  bilməz. İqtisadiyyat elə bir bünövrədir ki, istənilən tərəqqi və  sabitlik  onun üzərində bərqərar olur. İqtisadi inkişaf cəmiyyətin tədricən demokratikləşməsi  üçün başlıca zəmindir.                          

Cənab İlham Əliyevin Prezidentliyi dövründə də demokratiya  pərdəsi altında Azərbaycana təzyiq və təsir cəhdləri zaman-zaman özünü qabarıq göstərmişdir. Prezident belə cəhdləri zərərsizləşdirməklə yanaşı,  Avropa dəyərlərinin olduğu kimi respublikamızda tətbiqini düzgün  saymır: “Kortəbii şəkildə Avropada nə  var, gəlin, onu Azərbaycanda tətbiq edək, buna getmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaq. Amma müsbət nə  varsa, onu  gətirməli, tətbiq etməliyik”.                             

Dünya təcrübəsi göstərir ki, dövlət məmurları nəinki vətəndaşların iqtisadi təhlükəsizliyinə təminat verirlər, bəzi hallarda, əksinə, özləri də belə təhlükə mənbəyinə çevrilirlər (korrupsiya, «gizli» iqtisadiyyat, inhisarçılıq, yüksək vergilər, ekoloji çirkləndirmə və s.). Bütün bunlar sosial-iqtisadi və bir sıra hallarda isə siyasi  gərginliyin yüksəlməsi kimi arzuolunmaz nəticələrə gətirib çıxarır. Bunları nəzərə alaraq, ölkə Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)» korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı  üçün əlverişli şərait yaradılması, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsini nəzərdə tutmuşdur.

  1. Şəffaflıq və korrupsiyaya qarşı mübarizə

Müasir şəraitdə maliyyə intizamına ciddi əməl olunması, resurslardan səmərəli  istifadə edilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır. Ölkə Prezidentinin konseptual baxışları ondan ibarətdir ki, iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunması üçün maliyyə nəzarəti sahəsində  mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla tətbiqini genişləndirmək çox vacibdir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində nəzarət sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq sahəsində çox iş görülməlidir. Bütün dünyada büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. Çox xoşdur ki, Azərbaycanın indiyə kimi qazandığı iqtisadi uğurlar və hazırda həyata keçirdiyimiz islahatlar dünyanın nüfuzlu maliyyə  qurumları tərəfindən lazımınca qiymətləndirilir.   

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin söylədiyi bu “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür” məzmunda fikirləri Prezidentin hələ bir neçə il bundan əvvəlki “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” sözlərinin  məntiqi davamıdır desək yanılmarıq. Eyni zamanda ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.                                                                                                                                     

  Ölkə  iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının istiqamətlərindən biri  kimi beynəlxalq standartların  tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq  standartlar  dedikdə, istər Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartları, istərsə də  beynəlxalq nəzarət prosedur və qaydaları əhatə olunmalıdır. Bütün bunlar möhtərəm Prezidentimizin diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir. Bu mənada cənab Prezidentin aşağıdakı sözləri çox ibrətamizdir:                                                                                                                                

“Bizim bütün maliyyə sistemimiz  şəffaf olmalıdır. Bütün biznes  strukturları  şəffaf  olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki,  əgər onlar dünya  iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq  istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf  olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir”.                         

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xüsusən, büdcə xərclərində şəffaflıq daha da yüksək səviyyədə olmalıdır. Xərclərə nəzarət  güclənməlidir. O cümlədən də ictimai nəzarət. Ona görə ki, “bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan  xalqı qərar verməlidir ki,  o vəsait hansı  istiqamətə  yönəldilsin”. Azərbaycanda siyasi proseslərin  möhkəmlənməsi, demokratiyanın inkişafı, ictimai nəzarətin güclənməsi bizim ölkəmizin gələcəyinə  lazımdır, bizim  normal fəaliyyətimizə lazımdır. Bu baxımdan, bütün iri qurumlarda, o cümlədən ayrılmış məqsədli büdcə  vəsaitinin təyinatı üzrə istifadə  edilməsi üzərində nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarında daxili nəzarətin və onun təkmil forması olan daxili  auditin təşkili çox vacibdir. Şəffaflığın təmin edilməsinin tətbiq sahəsi genişləndirilməli,  ayrılmış vəsaitlərin  xərclənməsində olduğu kimi, gəlirlərin əldə edilməsində də şəffaflıq təmin olunmalıdır.

  1.  Böyük Qayıdış

Biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələr bundan ibarətdir ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat  yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlansın. Bütün bölgələrimiz bərpa  edilsin.                                              

Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq.                                                                                       

Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində  öz istiqamətimizi düzgün müəyyənləşdirərək və ölkəmizin, o cümlədən  işğaldan azad olunmuş  ərazilərimizin bərpa edilib  çiçəklənməsinə ən optimal  yol və vasitələrlə nail olaq. Bütün bu göstərilənlər Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır.                                                                                                                                         

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı bölmələri ilə yanaşı işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bölməsinin ehtiva olunması dediklərimizə sübutdur. Milli Priooritetlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın əsas istiqamətləri sırasında regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla dayanıqlı məskunlaşmaya nail olunması ilə yanaşı iqtisadi fəaliyyətə reinteqrasiyanın yolları da göstərilmişdir. O cümlədən, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi, bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payının işğaldan öncəki vəziyyətə çatdırılması və davamlı artırılması, bölgənin ölkədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi, bölgədə ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə nail olunması, bölgəyə sərmayə cəlbediciliyinin yüksəldilməsi, zəruri stimullaşdırma yolu ilə özəl təşəbbüslərin hərtərəfli təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi kimi vəzifələrin artıq yüksək sürətlə rellaşdırılması göz qabağındadır.                                                                                                                               

Hər birimiz bərpanın və sosial-iqtisadi islahatların necə tədricən və ardıcıllıqla həyata keçirilməsinin şahidləriyik. Əsas prioritet kimi özəl və xarici investisiyanın cəlb edilməsi, iqtisadi canlanmanı təmin edə biləcək vergi və maliyyə siyasətinin reallaşdırılması sahəsində konkret addımlar atılmaqdadır. Bütün növ sosial xidmətlərin bərpası, “ağıllı” kənd, qəsəbə və şəhərlərimizin salınması böyük qürur doğurur. Böyük Qayıdış strategiyasının həyata keçirilməsini təmin edən qurumun formalaşması və digər təşkilati işlər məntiqi ardıcıllıqla uğurla davam etdirilməkdədir.

  1. Yekun

Son olaraq, Dünya İqtisadi Forumunun Prezidenti cənab Borge Brendenin Prezident İlham Əliyevə ünvanladığı çox ürək açan sözləri xatırlatmaq istərdim: «Biz,  həmçinin  bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata  keçirirsiniz. Düşünürəm ki,  Azərbaycan dördüncü sənaye  inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq».  Fikrimizcə bu sözlərin düzgünlüyünü sübut etməyə ehtiyac yoxdur.

                                                                    

                          Vahid NOVRUZOV,     

Azərbaycan RespublikasıAuditorlar Palatasının sədri,

  iqtisad elmləri doktoru,  professor,

YAP Veteranlar Şurasının üzvü.