Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "ÖZƏL SEKTORDA ANTİ-KORRUPSİYA STANDARTLARI" mövzusunda seminar-müşavirə keçirilmişdir
Ulu öndər Heydər Əliyev tərəfindən başlanılan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması sahəsində görülən tədbirlər sahibkarlığın inkişafına süni maneələri aradan qaldırmaqla iqtisadi islahatların yeni mərhələsinə təkan vermiş, kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə üçün zəmin yaratmışdır. Dövlət idarəçilik sistemində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur. Ölkə Prezidentinin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirilmişdir. Həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai nəzarətin gücləndirilməsi və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin müsbət nəticələrindəndir. Ölkəmizdə maliyyə şəffaflığının əsas təminatçılarından olan müstəqil audit də bu sahədə mühüm rol oynamaqdadır. Azərbaycan Respublikasının Auditorlar Palatası cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və korrupsiyaya qarşı mübarizədə öz tərəfdaşları ilə, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə məhsuldar əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkəmizdə biznes mühitinin inkişafına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin tövsiyyəsi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi altında "Özəl sektorda anti-korrupsiya standartları" adlı vəsaitin hazırlanması da bu mübarizədə diqqətəlayiq bir sənəd olmaqla, özəl sektor nümayəndələri, müvafiq peşəkar qurumlar və o cümlədən müstəqil audit üçün də maraqlı və faydalıdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2021-ci il 17 dekabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil ocaqları, sahibkarlıq subyektləri, o cümlədən digər qurumların 300-dən artıq nümayəndəsinin iştirakı ilə hibrid formatda "Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirin açılışında çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində maliyyə şəffaflığının və azad rəqabətin tam bərqərar olunduğunu, bürokratik əngəllərin aradan qaldırıldığını qeyd edərək, mövcud nailiyyətlərin əldə edilməsində vahid strateji yanaşmanın ayrılmaz tərkib hissəsi kimi effektiv korrupsiyaya qarşı mübarizə siyasətinin də önəmli payı olduğunu bildirmiş, eləcə də bu istiqamətdə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan belə maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra çıxış edən Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ölkəmizdə sahibkarlığın inkişafına və fəaliyyətinə hər hansı formada müdaxilənin qarşısının alınması ilə bağlı görülən tədbirlərin iqtisadi islahatların yeni mərhələsinə təkan verməsinə, habelə kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı daha kəsərli mübarizəyə zəmin yaratdığını bildirmiş, auditorların özəl sektordakı rolundan, eləcə də cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsindəki əhəmiyyətindən bəhs etmişdir.
Tədbirin davamında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli “Özəl sektorda anti-korrupsiya standartları” vəsaitinin təqdimatını həyata keçirərək materialda əks etdirilmiş sahibkarlıq subyektlərində korrupsiyaya qarşı mübarizə, korrupsiya risklərinin idarə edilməsi, maraqlar toqquşması hallarının qarşısının alınması, qeyd olunan sahədə audit yoxlamalarının əhəmiyyəti və hüquqi şəxslərin cinayət məsuliyyəti kimi mövzular üzrə geniş məlumat vermişdir.
Sonra çıxışlara başlanılmış və Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov “Özəl sektorda audit yoxlamaları zamanı korrupsiya və dələduzluq hallarının aşkar olunmasının metod və üsulları”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbir kimi risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində auditin əhəmiyyəti”, Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi Elnur İbrahimov “Auditorlar Palatası tərəfindən korrupsiyaya qarşı mübarizə məqsədilə hazırlanmış normativ-metodiki vasitələr və onların tətbiqi təcrübəsi”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Vəlixan Allahverdov “Korrupsiyaya qarşı mübarizə sahəsində audit yoxlamalarının əhəmiyyəti”, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru Anar Əliyev “Korrupsiya cinayətlərinin istintaqında audit yoxlamalarının əhəmiyyəti və meydana çıxan problemlər”, Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov “Yerli özünü idarəetmə orqanlarında korrupsiya hallarını yarada biləcək tipik qanun pozuntuları”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Vasif Musayev “Korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi”, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə “Auditor sübutu və onlardan səlahiyyətli dövlət orqanlarının araşdırmalarında istifadə olunması” mövzularında məruzələrlə çıxış etmişlər.
Tədbir zamanı səmərəli fikir mübadiləsi aparılmaqla iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Qalareya