Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin olunmasına nail oldu. Böyük qələbənin şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 2021-ci il 5 noyabr tarixində Auditorlar Palatasında Zəfər Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə Palatanın kollektivi və üzvləri iştirak etmişlər. Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Vətən savaşında – II Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin çoxəsirlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırdı. O, həmçinin qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir. Vahid Novruzov demişdir: “Şanlı qələbənin ardınca Qarabağa və ətraf bölgələrə Böyük Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Prezident cənab İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların-toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır. Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atmış, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır”. Sonra Vahid Novruzov vurğuladı ki, II Qarabağ müharibəsində Auditorlar Palatasının əməkdaşları və üzvlərinin övladları da iştirak etmiş və böyük şücaətlər göstərmişlər. Onlardan Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimovun oğlu baş leytenant Kamil Rəhimov şəhid olmuşdur və ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onlar dərin ehtiramla bir dəqiqəlik sükütla yad edildi. Eyni zamanda, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun oğlu Peyman Gülməmmədov da II Qarabağ müharibəsində iştirak etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə tətif edilmişdir. Auditorlar Palatasının üzvü Nazim Axundovun oğlu tibb xidməti leytnantı Murad Axundov da həmçinin, II Qarabağ müharibəsində iştirak etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Laçının azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə tətif edilmişdir. Tədbirdə çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, Palatanın aparatının rəhbəri Qəşəm Bayramov, Palata sədrinin müşaviri Fəqan Qarayev, Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi Elnur İbrahimov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdiri Şəfəq Əliyeva, Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr və intizam komissiyasının sədri, sərbəst auditor Aftandil Əliyev, Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr və intizam komissiyasının sədri, sərbəst auditor İbiş Əliyev, “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Şirvan Abbasov “Qarabağ Azərbaycandır!” şüarı ilə 44 günlük qəhrəmanlıq savaşımızın tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını qeyd etmişlər.
Sonda tədbir Zəfər Gününə həsr olunmuş videofilmin nümayişi ilə davam edib.
Qalareya