Azərbaycan Respublikasının Auditorlar Palatasında “Maliyyə Hesabatları” Mahiyyəti/Formaları/Hazırlanması/Təhlil olunması praktik vəsaitinin onlayn təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm bir istiqaməti kimi şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və sahibkarlığın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Şəffaflığın artırılması, iqtisadi səmərəliliyin yüksəldilməsi, tərəfdaşlarla və dövlət qurumları ilə münasibətdə etibarlılığın və ictimai etimadın gücləndirilməsi hər bir müəssisədən beynəlxalq standartlara və ölkə qanunvericiliyinə uyğun hesabatların, o cümlədən maliyyə hesabatlarının hazırlanmasını və müvafiq qaydada təqdim olunmasını tələb edir.

 Bu sahədə reallaşdırılan siyasətdə yaxından dəstək olmaq məqsədi ilə 2021-ci il 22 oktyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında müəlliflər tərəfindən hazırlanmış və nəşr etdirilmiş “Maliyyə Hesabatları” Mahiyyəti/Formaları/Hazırlanması/Təhlil olunması praktik vəsaitinin onlayn təqdimat mərasimi keçirilmişdir.

Müəssisə rəhbərləri, mühasibat və maliyyə xidməti mütəxəssisləri üçün nəzərdə tutulmuş kitabda maliyyə hesabatlarının mahiyyəti, növləri və prinsipləri sadə dildə şərh olunmaqla , beynəlxalq meyarlara, milli qanunvericiliyə və normativ tələblərə cavab verən maliyyə hesabatlarının tərtib edilməsi, təqdimatı və nəşri qaydaları konkret misallarla izah edilir.

Təqdimat mərasimində iştirak edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar ittifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə,  AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt ərazilərin bərbası” Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının müdiri Sifariz Səbzəliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tədris mərkəzinin rəisi Mirəli Kazımov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, dosent Pərvin Muxtarova, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə olunması” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev və Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimovun çıxışlarından da göstərildiyi kimi Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, onun səmərəliliyinin yüksəldilməsi zərurəti günün tələblərinə çevrildikcə və dünya iqtisadiyyatına inteqrasiyası genişləndikcə xarici investisiyaların daha geniş cəlb edilməsi, müəssisələrin fəaliyyəti barədə daha dolğun, obyektiv və operativ, eyni zamanda  idarəetməyə və proqnozlaşdırmaya yararlı informasiya sisteminin mövcudluğu  mühüm əhəmiyyət kəsb edir.

Praktik vəsaitdə konkret misallar əsasında müəssisənin Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tələblərinə cavab verən maliyyə hesabatlarının tərtib edilməsi yolları şərh olunur. Kitabın müvafiq fəsillərində müəssisənin maliyyə vəziyyəti haqqında hesabatın, maliyyə nəticələri haqqında, kapitalda dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında hesabatların tərtibatı metodikaları təhlil olunur. Maliyyə hesabatlarının təhlilinə likvidliyin, ödəmə qabiliyyətinin, maliyyə sabitliyinin, müflisləşmə ehtimalının və digər göstəricilər əhatə olunmaqla ayrıca fəsil həsr edilmişdir.

Maliyyə hesabatlarının potensial əhəmiyyətindən bəhrələnmək təsərrüfat subyektləri rəhbərlərindən, menecerlər və sahibkarlar tərəfindən həmin hesabatların səriştəli “oxunmasını zəruri edir, məhz bu yolla şirkətlərin cari fəaliyyətlərinin geniş təhlili düzgün idarəetmə qərarları qəbul etmək imkanı yaradır. Kitabda bu istiqamətdə də şərhlər konkret misallarla göstərilmişdir. Başqa sözlə, bu kitab təkcə maliyyə hesabatlarının hazırlanması prosedurlarını və mərhələlərini yox, həm də həmin  hesabatları “oxumaqla” yanaşı orada əks olunmuş rəqəm və ifadələri dərk etməyə kömək edə bilər.

Tədbir iştirakçılarının ümumi rəyinə görə praktik vəsait geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaq və mühasiblərə, maliyyəçilərə, iqtisadçılara, idarə rəhbərlərinə, auditorlara, iqtisadiyyat təmayüllü ali məktəblərin tələbə və müəllimlərinə maliyyə və hesabatlılıq sahəsində müasir biznesin incəliklərinə daha yaxşı bələd olmağa yardım edəcəkdir.

 

     

    

Qalareya