Auditorlar Palatası Pakistan ilə audit və kadr hazırlığı sahəsində əməkdaşlıq edəcək - AZƏRTAC

Bakı, 8 oktyabr, AZƏRTAC

Auditorlar Palatasında Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye və Pakistan-Azərbaycan Ticarət Palatasının rəhbəri Xurram Bati ilə görüş keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, qurumun sədri Vahid Novruzov Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd etməklə, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim ölkəmizin yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini vurğulayıb. O, 44 günlük II Vətən müharibəsində də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında audit və mühasibatlıq sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqların tövsiyələri əsasında Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında audit və kadr hazırlığı sahəsində qısa vaxt ərzində əməkdaşlığa dair Sazişin imzalanması məsələləri nəzərdən keçirilib.

Daha sonra Vahid Novruzov Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyinə dair cari ilin sentyabr ayında keçirilmiş beynəlxalq elmi-praktik konfransdan bəhs edərək Prezident İlham Əliyevin müstəqil auditə göstərdiyi diqqət və qayğını vurğulayıb, Azərbaycanda həyata keçirilən şəffaf strategiyada müstəqil auditin oynadığı rol barədə qonaqları məlumatlandırıb.