Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auditorlar Palatasında olmuşdur

 

2021-ci il oktyabrın 7-də Azərbaycan Respublikası Auditorlar Palatasında Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan Azərbaycan Ticarət Palatasının rəhbəri Xurram Bati ilə görüş keçirilmişdir.

Qonaqları salamlayaraq Palatanın sədri Vahid Novruzov Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd etməklə, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini vurğulamaqla, 44 günlük II Vətən müharibəsində də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirmişdir.

Görüşdə iki ölkə arasında audit və mühasibatlıq sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmış, qonaqların tövsiyələri ilə Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında audit və kadr hazırlığı sahəsində qısa vaxt ərzində əməkdaşlığa dair Sazişin imzalanması məsələləri nəzərdən keçirilmişdir.

Daha sonra Vahid Novruzov Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyinə dair cari ilin  sentyabr ayında keçirilmiş beynəlxalq elmi-praktik konfransdan bəhs edərək ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil auditə göstərdiyi diqqət və qayğını vurğulamış, Azərbaycanda həyata keçirilən şəffaf strategiyada müstəqil auditin oynadığı rol barədə qonaqları məlumatlandırmışdır.

Sonda səfirlə xatirə fotoşəkilləri çəkilmişdir.

 

   

 

   

 

 

 

Qalareya