Auditorlar Palatasında “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildi təqdim olunub
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Auditorlar Palatasında “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin onlayn təqdimetmə mərasimi keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bu toplunun I cildinin 23 il əvvəl, qurumun fəaliyyətə başlamasından 2 il sonra - 1998-ci ildə nəşr olunduğunu deyib. Qeyd edilib ki, toplu ənənəvi olaraq iki fəsildən ibarət tərtib edilir. Toplunun I fəslində Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarında müstəqil auditin normativ hüquqi təminatına dair sənədlər yer alıb, II fəslində isə Auditorlar Palatasının normativ sənədləri, metodiki göstərişləri, qaydaları və tövsiyələri əks olunub.
Cəmi 505 səhifədən ibarət olan “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin 240 səhifəsi ölkə qanunvericiliyində müstəqil auditin təşkili və tənzimlənməsinə dair müddəaları ehtiva edən Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından çıxarışlar toplanaraq sistemləşdirilib. Yalnız bu faktın özü də ona dəlalət edir ki, müstəqil auditin inkişafı ölkəmizdə uğurla reallaşdırılan sistemli iqtisadi islahatların və şəffaflıq strategiyasının mühüm istiqaməti olmaqla Prezidenti İlham Əliyevin diqqət mərkəzində saxladığı və tətbiqinə getdikcə daha böyük əhəmiyyət verilən bazar infrastrukturu kimi dəyərləndirilməkdədir.
V.Novruzov bildirib ki, müstəqil auditin hüquqi normativ bazasının təkmilləşdirilməsi yeni dövrün çağırışları nəzərə alınmaqla indinin özündə də davam etdirilir və Auditorlar Palatasının qanunvericiliklə müəyyən olunmuş vəzifələri və səlahiyyətləri daxilində tədbirlər həyata keçirilir. Yalnız son ildə “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası” (2021-2030-cu illər) hazırlanıb təsdiq edilib, “Peşəkar Mühasiblərin Beynəlxalq etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və “Auditorların müstəqillik qaydaları” kitabları, habelə “Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar Toplusu” tərcümə edilərək nəşr olunub. 2021-ci ilin iş planında konsepsiyada nəzərdə tutulmuş qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlər işlənib hazırlanıb.
Sonra Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, professor Bəyalı Ataşov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin sədri, “ANR Audit” MMC-nin direktoru, auditor Namiq Abbaslı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Hesablama Palatasının auditoru Cəfər Həsənov, Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, Auditorlar Palatasının üzvü, “Azel - Audit” MMC-nin direktoru, auditor Elzadə Süleymanova toplu haqqında ürək sözlərini söyləyiblər.
Toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, iqtisadiyyatyönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulub.