Azərbaycan Respublikasının Auditorlar Palatasında «Audit. Qanunvericilik və normativ sənədlər» toplusunun X cildinin onlayn təqdimetmə mərasimi keçirilmişdir
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyi bu il eyni zamanda daha bir hadisə ilə “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin nəşri ilə əlamətdardır.
1998-ci ildən başlayaraq müntəzəm nəşr edilməyə başlayan bu silsilə toplunun işıq üzü görməsi ilk növbədə ulu öndər Heydər Əliyevin və onun siyasərinin uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin auditə olan qayğısının təzahürüdür. Azərbaycan Respublikasının Qanunlarında, ölkə Prezidentinin Fərman və Sərəncamlarında, Nazirlər Kabinetinin qərarlarında müstəqil auditlə bağlı çoxsaylı müddəaların mövcudluğu auditin fundamental normativ hüquqi bazasını təşkil etmiş, eyni zamanda bu sənədlərin bütün maraqlı tərəflərin istifadəsinə əlçatanlığını təmin etmək üçün toplunun nəşrini zəruri etmişdir.
Bu toplunu əvvəlki nəşrlərdən fərqləndirən bir cəhət da onun həcmidir. Əvvəlki cildlər adətən 250-270 səhifədən ibarət olduğu halda, X cild 500 səhifədən artıqdır. Bunun da səbəbi son illərdə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən auditlə əlaqəli çoxsaylı normativ aktların imzalanması, başqa sözlə, ölkə rəhbərliyinin auditə gündən-günə artmaqda olan önəmidir.
Toplunun Sizə təqdim olunan X cildinə auditə dair son illərdə qəbul edilmiş 18 qanun, ölkə Prezidentinin 47 Fərmanı və 5 Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 qərarı, digər orqanların 13 normativ aktı və Auditorlar Palatasının 16 metodik vəsaiti daxil edilmişdir.
Xüsusi qeyd edilməlidir ki, topluya müvafiq maddələri daxil edilən qanunlar yeni qəbul edilən normativ aktlar deyil, yəni mövcud olan qanunların təkmilləşdirilməsi baxımından onlara auditlə əlaqədar edilən müvafiq dəyişikliklərdir. Belə normativ aktlara "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Sosial sığorta haqqında”, “Daxili audit haqqında”, “Auditor xidməti haqqında” və digər Azərbaycan Respublikası Qanunlarını, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Vergi Məcəlləsini, İnzibati Xətalar Məcəlləsini göstərmək olar. Eyni zamanda daha spesifik olan “Türk Akademiyasının maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə və “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarında da müstəqil auditə dair müddəalar yer almışdır.
Topluda ölkə Prezidentinin 47 Fərmanının yer alması da diqqəti cəlb edir. Böyük əksəriyyəti ictimai əhəmiyyətli qurumların və publik hüquqi şəxslərin Nizamnamələrinin təsdiqi ilə əlaqədar olan bu fərmanlarda, demək olar ki, bütün belə qurumların maliyyə hesabatlarının dürüstlüyünun kənar (müstəqil) auditor tərəfindən təsdiqi ehtiva olunmuşdur ki, bu da həmin hesabatların şəffaflığının təminatının məhz auditə etibar olunmasının bir nümunəsidir. Nizamnamələrində auditin məcburiliyinin ehtiva olunduğu belə qurumlara misal olaraq Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini, Enerji Məsələlərini Tənzimləmə Agentliyini və onlarla digər ictimai əhəmiyyəli orqanları göstərmək olar.
Qeyd edilməlidir ki, Palatanın üzvləri və əməkdaşları tərəfindən hazırlanmış böyük həcmli bir sıra normativ sənədlər artıq tam həcmlı kitab şəklində nəşr edilərək işıq üzü gördüyü üçün bu topluya daxil edilməmişdir. Bu nəşrlərə Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar normativ sənədlərin daxil edildiyi toplunu, habelə “Auditorların müstəqillik qaydaları”nı gösrərmək olar.
Ən nəhayət nəzərə alınmalıdır ki, Palata tərəfindən toplunun əhatə etdiyi dövr ərzində, eyni zamanda Beynəlxalq Mühasiblər Federasiyasının razılığı əsasında iki cilddə “Keyfiyyətə Nəzarət, Audit, Təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar toplusu”, Peşəkar Muhasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və digər sənədlər tərcümə, redaktə və nəşr edilmişdir. Əminik ki, bu toplu da digər sənədlərlə birlikdə Auditorlar Palatasının intellektual bazasını zənginləşdirməklə həm auditorlara, həm də bütün maraqlı tərəflərə öz tohfəsini verəcəkdir.
Bu məqsədlə 2021-ci il 24 iyun tarixində Auditorlar Palatasında “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin onlayn təqdimetmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq iştirakçıları salamladı və xatırlatdı ki, bu toplunun I cildi 23 il əvvəl, Auditorlar Palatasının fəaliyyətə başlamasından 2 il sonra 1998-ci ildə nəşr olunmuşdur.
Toplu ənənəvi olaraq iki fəsildən ibarət tərtib edilir. Əgər toplunun I fəslində Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarında müstəqil auditin normativ hüquqi təminatına dair sənədlər yer alırsa, II fəsilində isə Auditorlar Palatasının normativ sənədləri, metodiki göstərişləri, qaydaları və tövsiyələri əks olunmuşdur.
Cəmi 505 səhifədən ibarət olan “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun X cildinin 240 səhifəsi ölkə qanunvericiliyində müstəqil auditin təşkili və tənzimlənməsinə dair müddəaları ehtiva edən Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından çıxarışlar toplanaraq sistemləşdirilmişdir. Yalnız bu faktın özü də ona dəlalət edir ki, müstəqil auditin inkişafı ölkəmizdə uğurla reallaşdırılan sistemli iqtisadi islahatların və şəffaflıq strategiyasının mühüm istiqaməti olmaqla ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində saxladığı və tətbiqinə getdikcə daha böyük əhəmiyyət verilən bazar infrastrukturu kimi dəyərləndirilməkdədir.
V.Novruzov bildirdi ki, müstəqil auditin hüquqi normativ bazasının təkmilləşdirilməsini yeni dövrün çağırışları nəzərə alınmaqla indinin özündə də davam etdirilir və Auditorlar Palatasının qanunvericiliklə müəyyən olunmuş vəzifələri və səlahiyyətləri daxilində tədbirlər həyata keçirilir. Yalnız son ildə «Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası» (2021-2030-cu illər) hazırlanıb təsdiq edilmiş, «Peşəkar Mühasiblərin Beynəlxalq etika Məcəlləsi» (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və «Auditorların müstəqillik qaydaları» kitabları, habelə «Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar Toplusu» tərcümə edilərək nəşr etdirilmişdir. 2021-ci ilin iş planında konsepsiyada nəzərdə tutulmuş qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlər işlənib hazırlanmışdır.
Sonra Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, professor Bəyalı Ataşov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin sədri, “ANR Audit” MMC-nin direktoru, auditor Namiq Abbaslı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cəfər Həsənov, Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “Azel - Audit” MMC-nin direktoru, auditor Elzadə Süleymanova toplu haqında öz ürək sözlərini söylədilər.
Toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Auditorlar Palatası

Qalareya