Auditorlar Palatası beynəlxalq elmi-praktik konfransda təmsil olunub
İyunun 10-da Zabaykal İqtisadi İnkişaf Nazirliyi və Zabaykal Dövlət Universitetinin Ali İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Məktəbinin təşkilatçılığı ilə onlayn formatda “Cəmiyyət – yeni dövrün çağırışları şəraitində” mövzusunda “Kiçik sahibkarlığın iqtisadiyyat məktəbi: Kölgə iqtisadiyyatı üzrə fəaliyyətin qarşısının alınmasına dair dövlət tədbirlərinin nəzəri və praktiki əsaslarının qurulması və inkişafı” elmi məktəbinin 12-ci yekun beynəlxalq elmi-praktik konfransı keçirilib.
Beynəlxalq elmi-praktik konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov iştirak ediblər. Konfransın keçirilməsində məqsəd müasir çağırışlar kontekstində cəmiyyətin inkişafı proseslərinin araşdırılması sahəsində beynəlxalq elmi və praktik əməkdaşlığın aktivləşdirilməsi, artan kənar çağırışlar fonunda iqtisadiyyat, pandemiyanın iqtisadi böhrana təsiri, kölgə iqtisadiyyatının miqyasının təyin edilməsi və ona qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin tətbiqi, bu sahədə elmi tədqiqatların nəzəri və praktiki əsaslarından istifadənin müzakirəsi olub.
İclasda çıxış edən Auditorlar Palatasının sədri, professor V.Novruzov Azərbaycan Prezidentinin rəhbərliyi ilə kölgə iqtisadiyyatına qarşı aparılan iqtisadi islahatlardan, dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş və kölgə iqtisadiyyatının azaldılmasına yönəlik tədbirlərdən, o cümlədən kölgə iqtisadiyyatının minimuma endirilməsi, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsinin ən yüksək standartlara çatdırılması, korrupsiya ilə mübarizənin gücləndirilməsi, dövlət şirkətlərinin borclarına nəzarətin gücləndirilməsi, qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi və qarşısının alınması, gəlirlərin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, vergi və gömrük siyasətinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəldilməsi, dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın səviyyəsinin artırılması zərurəti kimi vəzifələri şərh edib.
V.Novruzovun sadalanan istiqamətlər üzrə Azərbaycanda əldə olunan nəticələrdən çıxışı konfrans iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıb.
Daha sonra auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov palata tərəfindən hazırlanmış “Kölgə iqtisadiyyatının səviyyəsinin ölçülməsinə dair yeni metodik yanaşma” barədə geniş məruzə edib və konfrans iştirakçılarının suallarını cavablandırıb.
Konfransın tövsiyələrində azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış kölgə iqtisadiyyatına qarşı mübarizəyə dair metodikanın digər ölkələrdə tətbiqini təmin məqsədilə beynəlxalq reytinqli “Теневая экономика” jurnalında dərc etdirilməsi nəzərdə tutulub.