Bu günlərdə Gəncə şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, PAŞA Holdinq Şirkətlər Qrupunun baş sponsorluğu ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş və «Nizami Gəncəvi və Dayanıqlı İnkişaf» mövzusunda keçirilən III. İqtisadiyyat və İdarəetmə sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransının açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bu konfrans barədə fikirlərini bölüşmüşdür.
Professor Vahid Novruzov demişdir:
Dahi Nizaminin belə bir kəlamı mövcuddur ki, insan nəslinin ancaq özü üçün istehsal etməsi və istehlakı son məqsəd ola bilməz. Bu baxımdan konfransın mövzusunun təşkilatçılar tərəfindən çox uğurlu seçimini xüsusi qeyd etmək istərdim. Məhz mövzunun düzgün müəyyənləşdirilməsi Nizami irsində iqtisadi baxışların indinin özündə də böyük aktuallıq kəsb etdiyini açıqlamağa, maraqlı məruzə və çıxışların konfrans materiallarında dolğun əks olunmasına zəmin yaratmış, 35 ölkə təmsilçilərinin aktual mövzularla qatılması ilə reallaşmışdır. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları tərəfindən dayanıqlı və davamlı iqtisadiyyatın mahiyyəti barədə qəbul etdikləri anlayışları Nizami Gəncəvinin yuxarıda göstərdiyimiz müdrik sözləri ilə üst-üstə düşür. Yalnız təkcə bunun özü xalqımızın dahi mütəfəkkirinin ideyalarının əsrlər sonrası da aktual olaraq qaldığına dəlalət etməklə, onun dünya şöhrəti qazanmasının qanunauyğunluğunu göstərir.
Konfransın işinin yüksək dəyərləndirilməsinə imkan verən əsas xüsusiyyətlərdən danışarkən demək yerinə düşərdi ki, tədbirdə təqdim olunan çıxışların böyük əksəriyyətinin mövzusu dahi Nizaminin ictimai-iqtisadi baxışları ilə üzvi vəhdət təşkil edir.
Məlumdur ki, Nizami yaradıcılığında əməyə və əmək adamlarına yüksək dəyər verilir, əmək maddi və mənəvi sərvətlərin yaranmasının əsas amili kimi göstərilir.
Dahi şair əməyin azad olmasının, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunmasının vacibliyini dəfələrlə öz əbədiyaşar əsərlərində vurğulamışdır.
Çox ürək açandır ki, istər yerli, istərsə də xarici konfrans iştirakçıları tərəfindən əmək və əmək münasibətlərinə yeni dövrün çağırışları nəzərə alınmaqla böyük diqqət yetirilmiş, çox maraqlı elmi yanaşmalar ortaya qoyulmuşdur.
Dahi Nizaminin belə bir fəlsəfəsi də konfrans iştirakçılarının maraq dairəsində olmuşdur ki, sənətə və sənətkara daim qayğı göstərilməli, onların mənafeləri məmurlar tərəfindən ciddi qorunmalıdır. Əks halda Nizaminin özü demişkən, sərvət azalar, vergilər ödənilməz, xəzinə boşalar.
Bütün bu göstərilənlər rəqəmsal və innovasiyalı iqtisadiyyatımızın özəllikləri nəzərə alınmaqla konfransda əsas müzakirə mövzuları sırasında özünə yer tutmuşdur. Bu özəlliklər isə sənaye inqilabları, idarəetmədə informasiya texnologiyalarından geniş istifadə, ağıllı şəhər (kənd) və yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin formalaşması, risklər və onların xüsusiyyətləri, korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri, elektron ticarət və süni intellektin imkanları qismində müzakirə obyekti olmuşlar.
Konfransın əsas məziyyətlərindən biri də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun Şanlı Qələbəsi sayəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatımızın dirçəldilməsi problemlərinə çoxsaylı və kifayət qədər elmi maraq kəsb edən mövzuların mövcudluğudur.
Heç şübhə yoxdur ki, möhtərəm Prezidentin rəhbərliyi ilə dahi Nizaminin bu sözləri də öz real həllini tapacaqdır ki, «Torpağa mərhəmət göstərsən gül verər, zülm etsən isə tikan verər».
30 il yağı düşmən tərəfindən zülm verilən və tikanlığa çevrilən doğma Qarabağımızın Prezidentimizin mərhəməti və qayğısı sayəsində gülüstana çevriləcəyi gün heç də uzaqda deyildir.
Konfrans barədə qısa mülahizələrimi dahi Nizaminin bu fikri ilə yekunlaşdırmaq istərdim: «İnsan üçün ən faydalı keyfiyyət qənaətcillikdir».
Çox xoşdur ki, Nizami irsinin iqtisadi davamlıqla əlaqəsinə həsr olunmuş beynəlxalq elmi konfransda qənaətcillik üçün zəmin yaradan hesabatlılıq, uçot, nəzarət, audit, istehlak mədəniyyəti, hər kəskin öz biliyini artırmaq və düzgün vəzifələrə yiyələnməyin aspektləri də müasir baxımdan müzakirəyə çıxarılmışdır.
Ölkəmizdə davamlı iqtisadiyyatın elmi əsaslarla inkişaf etməsində bu konfransın mühüm rol oynayacağına əminliyimi bildirməklə çox uğurlu və əhəmiyyətli nailiyyətə imza atmaları münasibəti ilə təşkilatçıları ürəkdən təbrik etmək istərdim.