Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında kölgə iqtisadiyyatının azaldılmasına xüsusi önəm verilməsi müasir dövrün tələbləri baxımından aktualdır

Bakı, 29 aprel 2020-ci il, AZƏRTAC

Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunub. Bu Fəaliyyət Planında ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən mühüm vəzifələr müəyyənləşdirilib. AZƏRTAC bununla əlaqədar Auditorlar Palatasının sədri, professor Vahid Novruzovla müsahibəni təqdim edir.

- Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının qəbulunu şərtləndirən amillər hansılardır?

- Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən əsas xüsusiyyətlərdən biri idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir. Məsələ bundadır ki, şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, bu gün də Prezident İlham Əliyev şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizəni və qanunsuz gəlirlərin qarşısının alınmasını ən prioritet məsələ kimi dəyərləndirməkdə israrlıdır ki, bu da Azərbaycan Prezidentinin son çıxışlarında özünü bir daha biruzə verib.

Dövlət başçısı bu ilin əvvəlindən yayılmağa başlamış və dünyanı bürümüş pandemiya kimi bir bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxmasına nail olub. Bu sahədə möhkəm qətiyyət nümayiş etdirən Prezident İlham Əliyev mövcud gərgin şəraitdə şəffaflığı yüksəltmək, kölgə iqtisadiyyatını aradan qaldırmaq, resurslardan səmərəli istifadə etmək istiqamətində tədbirlərin daha qətiyyətlə aparılması zərurətini bu günlərdə dəfələrlə vurğulayıb.

Dünya təcrübəsi göstərir ki, açıq hökumətin təşviqiyönümlü iş dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə edilir. Bu baxımdan Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olaraq aparılması öz müsbət nəticələrini verməkdədir. Ən önəmlisi isə bu mübarizədə ölkə rəhbərinin möhkəm siyasi iradə nümayiş etdirməsidir. Belə bir siyasi iradəninin mövcudluğu Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda təsbit olunmuş və öz sistemliliyi ilə fərqlənən tədbirlər kompleksinin mahiyyətində özünü bir daha biruzə verir.

Milli Fəaliyyət Planının (MFP) qəbulunu şərtləndirən əsas amillər isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında göstərildiyi kimi, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.

Yeni MFP-nı əvvəlkilərdən fərqləndirən cəhətlərdən biri kimi hesabatlılıq prinsiplərinin tətbiqinin yeni şəraitdə genişlənməsi zərurətinin ön plana çəkilməsidir. Maliyyə şəffaflğının yüksəldilməsi sahəsində əks olunmuş vəzifələr də mövcud resurslardan səmərəli istifadəyə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu MFP-da ehtiva olunan informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılmasına da şamil etmək olar.

- “Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyətini bir cümlə ilə necə ifadə etmək olar?

- Şübhə yoxdur ki, MFP-dan irəli gələn vəzifələrin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcək. Bu, həm də müasir dünyamızda hökm sürən maliyyə-iqtisadi böhran şəraitində çox vacib sosial-iqtisadi, mənəvi-psixoloji baxımından da böyük əhəmiyyət kəsb edir.

- MFP-da nəzərdə tutulan hansı vəzifələri xüsusi qeyd etmək istərdiniz?

- Milli Fəaliyyət Planında yaxın 2 ildə dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində bir sıra mühüm tədbirlərin icrası nəzərdə tutulur ki, bunlar da öz növbəsində korrupsiyanın və kölgə iqtisadiyyatının qarşısının alınması baxımından çox əhəmiyyətli, önəmlidir. Diqqətçəkən məqamlardan biri də budur ki, tədbirlər sırasında etik davranış qaydalarının təbliği və tətbiqi üzrə müasir tələblərə cavab verən konkret vəzifələr qoyulub.

Yuxarıda qeyd etdiyim kimi, maliyyə şəffaflığının təmin olunması üzrə tədbirlərə də MFP-da xüsusi diqqət yetirilib ki, bu da fikrimizcə müasir dövrün çağırışları və mövcud problemlərin həlli baxımından böyük aktuallıq kəsb edir. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar idarəetmənin mühüm vəzifəsi olan nəzarətin, o cümlədən maliyyə nəzarətinin və ictimai nəzarətin beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurulmasını özündə ehtiva edir. Xüsusilə əlamətdardır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf və tərəqqi konsepsiyası reallaşdırılarkən qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizə mühüm vəzifələr kimi ön plana çıxıb. Bu baxımdan heç də təsadüfi deyildir ki, MFP-da maliyyə vəsaitlərinin səmərəli istifadə edilməsi, təkmil nəzarət sisteminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti və açıq hökumətin bir atributu kimi təsbit olunub.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzərdə tutulmuş tədbirlər isə öz əhəmiyyətliliyi ilə bərabər beynəlxalq təcrübə ilə sıx uzlaşması baxımından səciyyələndirilə bilər. Bu nöqteyi nəzərdən risk qiymətləndirilməsi amilinin xüsusi vurğulanması öz preventiv, qabaqlayıcı xüsusiyyətinə görə daha müasir yanaşma olaraq diqqəti cəlb edir.

Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı ardıcıl və sistemli mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın davamlı sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların yuyulması, istərsə də onun törədicisi olan korrupsiya və kölgə iqtisadiyyatı hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda, çirkli pulların yuyulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını azaldır. Bu baxımdan MFP-da nəzərdə tutulmuş tədbirlər kompleksinin öz bəhrəsini verəcəyi şübhə doğurmur.

Açıq hökumətin təşviqinə həsr olunmuş bir sənəddə dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin də əhatəliliyi və sistemli qoyuluşu MFP-nın uğurları üçün əsas yaradır. Ölkəmizdə son vaxtlarda daha güclü hiss olunmaqda olan yeni vətəndaş həmrəyliyinin və siyasi dialoqun davamlılığı və məhsuldarlığı baxımından da MFP-da çox əhəmiyyətli vəzifələrin həlli qarşıya qoyulub. Bütün bu göstərilənlərlə yanaşı, açıq hökumətin təşviqinə dair MFP-da özəl sektorda şəffaflığın və məsuliyyətin artırılmasına, kölgə iqtisadiyyatının azaldılmasına da xüsusi önəm verilməsi yeni bir yanaşma olduğu qədər də müasir dövrün tələbləri baxımından həm aktual, həm də önəmlidir.

- Qeyd etdiyiniz kimi MFP-da hesabatlılığın təkmilləşdirilməsinə də xüsusi önəm verilib. Bu nə ilə əlaqədardır və sizin qurumun MFP-nın icrasında rolu nədən ibarət olacaq?

- Dünya təcrübəsində sübut olunub ki, korrupsiya, kölgə iqtisadiyyatı, əhali təbəqələri arasında ədalətsiz və əsassız təbəqələşmə, qanunsuz yollarla əldə edilmiş pulların və ya əmlakın leqallaşdırılmasının mümkünlüyü maliyyə hesabatlarının dürüstlüyündən birbaşa asılıdır. Başqa sözlə, belə hallara qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir ki, bu işdə də auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən obyektiv təsdiqlənmiş maliyyə hesabatlılığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında, kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizədə preventiv (qabalayıcı) tədbir kimi dəyərləndirilir.

Müasir şəraitdə müəssisə və təşkilatların inkişafının, o cümlədən, nəzarətin əsas şərtlərindən biri risklərin səmərəli şəkildə idarə edilməsidir. Beynəlxalq standartlarda göstərildiyi kimi, risklərin qiymətləndirilməsi yarana biləcək neqativ şərait və hadisələr haqqında peşəkar dəyərləndirmə aparmaq üçün sistemli prosedurdur.

Yoxlanılacaq bütün fəaliyyətlər və mövcud risk amillərini müəyyən etmək, onların vacibliyini qiymətləndirmək sahəsində, müasir informasiya sistemlərinin imkanlarından istifadə edilməsi çox mühümdür. Bu baxımdan, MFP-da bir sıra mühüm müddəalar öz əksini tapıb və bizim qurumun da qarşısına bir sıra vəzifələr qoyulub. Həmin vəzifələr açıq hökumətin təşviqinə dair nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Auditorlar Palatasında 2020-ci il üzrə təsdiq edilmiş tədbirlər planında öz əksini tapıb, müvafiq məsul şəxslər və icra müddətləri müəyyənləşdirilib.

Ümumiyyətlə ölkə auditorlarının istər şəffaflığın artırılmasında, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, istərsə də Açıq hökumətin təşviqinə dair MFP-da nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlət başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir.

Bu baxımdan Prezident İlham Əliyevin sözlərini xatırlatmaq istərdim: “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır”.