Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevə

 

 Möhtərəm cənab Prezident,

 

 Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri adından Zati-alilərinizi, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində qazandığınız tarixi zəfərlər münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz, misilsiz cəsarətiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə  dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Zati-alilərinizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir. Ən böyük zəfəri isə Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq  Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq. Bu sevinci xalqımıza, dünya Azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə, müzəffər Azərbaycan ordusuna borcluyuq. Bu məqamda Azərbaycanın görkəmli şairi Səməd Vurğunun bu misralarını xüsusi vurğulayaraq, buradakı hər bir fikrin bu günlərdə gerçəkliyə qovuşduğu sevinci bütün dünyada yaşayan Azərbaycan sevərlər də yaşadı:

 

Əymə sən başını, başımın tacı

Nəhayət tapılar dərdin əlacı.

Ər-aslan oğullar ayağa qalxar,

Ayaqlar altında qalan bayrağı,

Şuşa qalasının başına taxar.

Sən azad olarsan qəmdən, kədərdən,

Bağlı qapıların açılar birdən.

Açılar qaralmış Günəşin üzü,

Onda bayram edər bütün Yer üzü.

 

Müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə  müdafiəsinə, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn  aliliyinə ehtiramınıza hər birmiz şahidik. Lakin Zati-alilərinizin doğru vurğuladığı kimi, sülhsever Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi.

Sizin dərin zəkanız, mükəmməl  diplomatik fəaliyyətiniz və xalqımıza olan sevginiz sayəsində tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın diplomatiya sahəsində olduğu kimi,  döyüş meydanında də haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkəmizin tərkibinə daxil olmasını təmin etdi.   Bu fikirlərimizə qüvvət olaraq olaraq Azərbaycanın xalq şairi Fikrət Qocanın bu misraları tam yerinə düşür:

 

Qarabağ - böyük bağdı,

Dağı da - böyük dağdı.                                                                                                             

Qarabağ bizim olub,                                                                                                          

Bizim də olacaqdı!

                                                                                                                                

Beləliklə, müdrik rəhbərliyiniz ilə Dağlıq Qarabağ işğaldan azad olundu və bu həsrət sona çatdı. Qələbəmiz mübarək olsun!

                                                                      

  Möhtərəm cənab Prezident,

Sizi bir daha işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində inamlı qələbə çalmağınız münasibətilə bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər  və möhkəm can sağlığı arzulayıram.

Müzəffər Ali Baş Komandan, fəxr hissi ilə qeyd etmək istərdik ki, bundan sonra da Sizin rəhbərliyinizlə, işğaldan azad edilən torpaqlrarımızın yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün Azərbaycan Respublikasının Auditorlar Palatası olaraq üzərimizə düşən vəzifələri yerinə yetirmək əzmindəyik və əlimizdən gələni edəcəyik.

 

 

         Dərin hörmət və ehtiramla,  

 

                                                                                                                                                         Vahid NOVRUZOV, 

                                         Azərbaycan Respublikası

    Auditorlar Palatasının sədri,

  iqtisad elmləri doktoru, professor

 

10.11.2020-ci il