Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov "BDO AZƏRBAYCAN" MMC-nin kollektivini 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir.

“BDO AZƏRBAYCAN” 
MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN 
DİREKTORU CƏNAB YUNİS SALAYEVƏ


Hörmətli Yunis müəllim!

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri adından “BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyətinin fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivin üzvlərini səmimi qəlbdən təbrik edirəm.
Dünyanın 5-ci ən böyük mühasibat, audit və peşəkar xidmətləri üzrə beynəlxalq firmalar şəbəkəsi olan “BDO İnternational Limited” şirkətinin üzvü “BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyəti 10 il bundan əvvəl 2010-cu ilin oktyabr ayından etibarən öz işçi heyəti ilə birlikdə Azərbaycanda da öz ofisini açaraq, respublikada və regionda peşəkar xidmətlər göstərən şirkət olmuşdur. “BDO Azərbaycan” MMC dünyada 5-ci ən böyük auditor şəbəkəsi olan BDO qlobal şəbəkəsinin Azərbaycanda ilk və yeganə rəsmi üzvüdür. 
Bu gün gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda fəaliyyət göstərən ən böyük audit və biznes xidməti şirkətlərindən biri olan “BDO Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti Azərbaycanda şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı müxtəlif peşəkar xidmətlər göstərir. 
Ümummilli liderimizin uzaqgörən müdrik siyasətinə əsaslanaraq, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən cəmiyyət həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda aparılan əzəmətli quruculuq işləri hər gün yeniləşən, sürətlə inkişaf edən Azərbaycana həm neft, həm də qeyri-neft sahəsində fəaliyyət göstərən xarici şirkətlərin marağı artmışdır. “BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyəti daim öz müştərilərinin yanında olmuş, onları hər zaman dəstəkləmiş və bu səbəbdən xarici şirkətlərlə birgə Azərbaycanda fəaliyyətinin miqyaslarını kifayət qədər genişləndirmişdir.  
“BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyəti Azərbaycanda yaranan beynəlxalq firmalar şəbəkəsi olmaqla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar və tərəfdaşlıq etdiyi ölkələrin audit və mühasibatlıq qurumları ilə ikitərəfli əlaqələrin qurulması istiqamətində mühüm işlər görərək uğurlar əldə etmişdir. Belə ki, şirkətin əməkdaşları öz peşə və bilik səviyyəsini daim artırmaqla yanaşı, eyni zamanda beynəlxalq konfranslarda, simpoziumlarda, forumlarda, seminarlarda və s. fəal iştirak edirlər. Bunun nəticəsidir ki, şirkətiniz iqtisadiyyatın müxtəlif sektorları (audit, mühasibat uçot, korporativ maliyyə, İslam maliyyəsi, qiymətləndirmə, korporativ idarəetmə sistemləri, biznes konsaltinq və s.) üzrə audit və məsləhət xidmətləri göstərməklə müştərilərin böyük etimadını qazanmışdır.
“BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyətinin rəhbəri və Auditorlar Palatasının Şurası yanında Auditdə innovasiyaların tətbiqi və informasiya siyasəti üzrə komitənin sədri olaraq, Siz və mütəxəssisləriniz uzun illərdir ki, Auditorlar Palatasında gündəliyə çıxarılan məsələlərin müzakirəsində fəal iştirakınızla daim diqqət mərkəzində olmusunuz. Şirkətiniz Auditorlar Palatasına  2019-cu il üzrə təqdim etdiyi hesabat göstəricisinə əsasən reytinq cədvəlində 5-ci yerə layiq görülmüşdür. Eyni zamanda, şirkətinizin əməkdaşlarının Azərbaycan Respublikasında  auditor xidmətinin inkişaf  konsepsiyasının (2012-2020-ci illər) və yeni (2021-2023-cü illər), ”Auditor fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının yeni Qanun layihəsinin, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi”nin, Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanmasında, eləcə də Auditorlar Palatasının ictimai həyatında (Komitələrdə, iclaslarda, tədbirlərdə və s.) iştirakı danılmazdır. Xüsusən qeyd etməliyik ki, Auditorlar Palatasının keçirdiyi beynəlxalq tədbirlərə “BDO Azərbaycan” məhdud  məsuliyyətli  cəmiyyəti daim sponsorluq etməklə yanaşı, həmin tədbirlərdə fəal iştirakınız rəğbətlə qarşılanmışdır. Sizin ötən dövr ərzində audit qanunvericiliyinin təkmilləşdirilməsi, normativ aktların, metodik vəsaitlərin, proqramların və digər sənədlərin hazırlanması və tətbiqində əməyiniz yüksək qiymətləndirilərək, dəfələrlə təşəkkür elan edilmiş, “Fəxri Fərman”lara və 2019-cu ildə isə Auditorlar Palatasının yüksək mükafatı olan “Fəxri Auditor” adına layiq görülmüsünüz.
Biz ölkəmizin inkişafı naminə fəaliyyətinizin gələcəkdə daha da genişləndirilməsi istiqamətində səylərinizin davam etdirilməsinə ümid bəsləyirik.

 

Hörmətli Yunis müəllim!
 “BDO Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə kollektivinizi bir daha təbrik edir və ölkəmizdə yeni dövrün çağırışları nəzərə alınmaqla şirkətinizin auditor təşkilatları arasında daim ön sıralarda olmağını arzulayırıq.


Dərin hörmətlə,


Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor