Auditorlar Palatasının sədri işğalçı Ermənistanın növbəti təxribatı ilə bağlı xarici həmkarlarına müraciət edib

Bakı, 10 oktyabr, AZƏRTAC

Auditorlar Palatasının sədri Vahid Novruzov işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı və Azərbaycan Ordusunun erməni silahlı qüvvələri üzərində uğurları ilə bağlı öz xarici həmkarlarına müraciət edib.

Palatadan bildirilib ki, sülhsevər xalqımızın haqq yolunda olduğu, Ermənistanın məkrli və onilliklər ərzində yeritdiyi işğalçılıq siyasəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatların Azərbaycanın iqtisadi və hərbi gücünün artmasına zəmin yaratdığı və regionda lider dövlətə və əmin-amanlıq diyarına çevrilməsi, Azərbaycan Prezidenti ətrafında yaranmış monolit vətəndaş həmrəyliyi ölkəmizin cəlb olunduğu mübarizədə öz doğma və tarixi torpaqlarını azad etmək əzmində olduğu 30-a yaxın beynəlxalq və xarici audit və mühasibatlıq qurumlarına, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasına (ACCA) oktyabrın 9-da ünvanlanan müraciətdə öz əksini tapıb.