Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci il 11 sentyabr tarixində Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin operativ monitorinqinin həyata keçirilməsi məqsədilə püşkatma keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm bir istiqaməti kimi şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və sahibkarlığın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu sahədə reallaşdırılan siyasətə yaxından dəstək olmaq məqsədi ilə sifarişçilərimizə göstərilən auditor xidmətinin keyfiyyətini yüksəltməklə fəaliyyətimizdə auditorların Peşə Etikasına uyğun olmayan hərəkətlərə yol verməməklə dempinq və haqsız rəqabət hallarına birlikdə mübarizə aparmaqla ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə öz layiqli töhfəmizi verə bilərik.

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və həmin neqativ hallara qarşı mübarizəni qanunvericilik çərçivəsində davam etdirmək əzmindədir.

Bununla belə, təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, AuditorlarınPeşə Etika Məcəlləsinin, İFAC-ın mövcud normativ sənədlərinin tələblərinə riayət edilməməsi səbəbindən göstərilən auditor xidmətinin keyfiyyəti aşağı olur ki, bunun da nəticəsində müvafiq dövlət qurumlarından, iş adamlarından və Auditorlar Palatasının üzvlərindən daxil olan müraciətlər son dövrlərdə artmışdır.

Bütün bu neqativ halların qarşısının alınması və Palata üzvlərinin də dəfələrlə Palataya olan müraciətlərini nəzərə alaraq, Auditorlar Palatası Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə tərəfindən “Auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Qaydalar”a təklif olunan dəyişikliklərə müvafiq olaraq, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin operativ monitorinqinin həyata keçirilməsi məqsədilə Auditorlar Palatasında yaradılmış komissiya tərəfindən püşkatma keçirilmişdir.

Monitorinqin nəticələrinə uyğun olaraq auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditin nəticələri qiymətləndirilərək yeni qaydalarda nəzərdə tutulmuş dörd təsnifat qrupdan birinə aid ediləcəkdir. Qaydalara uyğun olaraq monitorinqin nəticələrinə əsasən keyfiyyət göstəriciləri aşağı olan auditor təşkilatlarına və sərbəst auditorlara auditor xidməti göstərməsinə dair müəyyən məhdudiyyətlər tətbiq ediləcəkdir.

Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə