Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsi müzakirə edilmişdir

Auditor xidmətinə ictimai etimadın yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin təmin edilməsi auditorlar tərəfindən yol verilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hərəkətlərə qarşı adekvat cəza tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan auditor xidməti bazarında haqlı rəftar üçün zəruri şəraitin yaradılması auditor peşəsinin imicinin yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin bərqərar olması nöqteyi-nəzərindən vacib olmaqla auditor xidmətinin stabil fəaliyyəti və inkişafı üçün imkanlar yaradır.

Bu məqsədlə haqsız rəqabətə yol verən auditorlara və onların mütəxəssislərinə qarşı təsirli tədbirlər sisteminin işlənib hazırlanması və onların tətbiqi “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın hazırlanmasını zəruri etmiş, və Auditorlar Palatasinin 2020-ci il üzrə iş planının “Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanması” maddəsinə əsasən həmin Təlimat hazırlanmışdır.

2 sentyabr 2020-ci il tarixində Təlimatın Palata üzvlərindən ibarət “Dəyirmi masa”da onlayn müzakirəsi keçirilmiş, auditorlar tərəfindən haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təkliflər verilmiş, işgüzar müzakirələr aparılmışdır.