Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu (2010-2020-ci illər)” nəşr etdirilmişdi

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu maliyyə hesabatlarında şəffaflığın təmin edilməsində böyük əhəmiyyətə malik olan auditor xidməti qarşısında da xüsusi öhdəliklər yaratmışdır. Belə ki, həmin qanunla auditor təşkilatları və sərbəst auditorlar monitorinqdə iştirak edən digər şəxslər qismində təsbit olunmuş, Auditorlar Palatası isə bu sahədə öz səlahiyyətləri daxilində nəzarət orqanı kimi müəyyən edilmişdir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin müvafiq dövlət proqramlarına və Milli Fəaliyyət Planlarına daxil edilməsi bu işin əhəmiyyətini daha da aktuallaşdırmışdır.

Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı ardıcıl və sistemli mübarizə aparmaqla belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların leqallaşdırılması, istərsə də onun törədicisi olan korrupsiya və kölgə iqtisadiyyatı hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda çirkli pulların yuyulması və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını sarsıdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 18/59 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”na 3-cü “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər” adlı 9 tədbirdən ibarət ayrıca bölmə daxil edilmişdir. Nəzərdə tutulmuş vəzifələr öz əhəmiyyətliliyi ilə bərabər, beynəlxalq təcrübə ilə sıx uzlaşması baxımından səciyyələndirilə bilər. Bu nöqteyi nəzərdən Milli Fəaliyyət Planında risk qiymətləndirilməsi amilinin xüsusi vurğulanması öz preventiv xüsusiyyətinə görə diqqəti cəlb edir.

Qanunvericiliyin və dövlət proqramlarının auditorlar qarşısında yaratdığı öhdəliklərin icrasını günün tələbləri səviyyəsində təmin etmək məqsədilə Auditorlar Palatası bu sahədə öz fəaliyyətini ilk növbədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ bazanın yaradılmasından başlamışdır. 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən az bir müddət sonra Palata tərəfindən ilk normativ sənəd tərtib olunmuş, növbəti illərdə isə qanunvericiliyin və dövlət proqramlarının yaratdığı öhdəliklərin hər bir istiqaməti üzrə müvafiq qayda, təlimat, metodik göstəriş və s. materiallar hazırlanmışdır. Eyni zamanda bu istiqamətdə zəruri təlim proqramları, nəzarət, araşdırma və intizam tədbirləri üzrə də müvafiq sənədlər tərtib edilmişdir.

Həmin materiallar xidməti istifadə üçün “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu (2010-2020-ci illər)” şəklində hazırlanaraq çap etdirilmişdir.

Bu Topluya daxil olan sənədlərin auditor fəaliyyəti ilə məşğul olanların, auditor xidməti istifadəçilərinin, digər maraqlı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuşdur, habelə nəzarət orqanlarının fəaliyyətində faydalı olacağını düşünürük.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

20 avqust 2020-ci il

Qalareya