HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ ŞƏFFAFLIQ AMİLİ VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİ YENİ MƏRHƏLƏDƏ

Auditorlar Palatasının sədri Vahid Novruzovun Respublika qəzetində məqaləsi dərc etdirilmişdir.(http://www.respublica-news.az/images/pdf/2020.05.08.pdf 08 may 2020-ci il )

Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində şəffaflığın artırılması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Hələ yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdığı ilk vaxtlar dövlətin iqtisadi və siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların mülkiyyət hüquqları əleyhinə cinayətlər, maliyyə-kredit fırıldaqları və iqtisadi xarakterli başqa pozuntular çoxalaraq, cəmiyyət üçün təhlükəli bir həddə gəlib çatdığı bir dönəmdə ulu öndər 1993-cü il dekabrın 8-də keçirilən müşavirədə çıxış edərkən demişdi: “Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tutursa və cürbəcür qeyri-qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır”. Bunu nəzərə alan ölkə rəhbəri təsirli tədbirlər gördü. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli fərman bu cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi.


Azərbaycan cəmiyyətində şəffaflığın bərqərar olunması sahəsində Prezidentin “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli fərmanı və “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncamı da xüsusi qeyd olunmalıdır.
Ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu dövlət sənədləri bazar münasibətlərindən irəli gələn yeni növ cinayətlərin aradan qaldırılmasında mühüm rol oynadı. Xarici ölkələrə milyardlarla manat məbləğində mal göndərilib haqqının ödənilməməsi, ayrı-ayrı adamların belə vəziyyətdən istifadə edərək dövlətin, xalqın vəsaitini mənimsəməsi, idxal əməliyyatlarından respublikaya gəlməli olan vəsaitlərin başqa ölkələrin banklarında “ilişib” qalması və s. Heydər Əliyevin kəskin etirazına səbəb olurdu.
Qeyri-qanuni yollarla mənimsənilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradan halların qarşısını almaq tədbirlərinə dair Dövlət Proqramının təxirə salınmadan hazırlanmasını tələb edən Heydər Əliyev cəmiyyətimizdə şəffaflığın artırılması istiqamətində ardıcıl mübariz olduğunu bir daha sübut etdi.
Araşdırmalar göstərir ki, bu cür neqativ və cəmiyyət üçün təhlükəli vəziyyət ölkəmizdə 1995-ci ilədək müşahidə edilmişdir. Memarı ulu öndərimiz Heydər Əliyev olan və ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar konsepsiyası reallaşdırılarkən şəffaflıq üçün zəruri olan və idarəetmənin mühüm vəsiləsi olan nəzarətin beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi. Məhz elə buna görə ulu öndərin imzaladığı vergitutmaya və maliyyə nəzarətinə dair silsilə qanunlarla ölkəmizdə şəffaflığın hüquqi təminatının əsası qoyulmuşdur.
Xüsusilə əlamətdardır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf və tərəqqi konsepsiyası reallaşdırılarkən şəffalığın təmin edilməsi sahəsində işlər qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla daha da gücləndirilmişdir. Azərbaycan Prezidentinin son dövrlərdə imzaladığı fərman və sərəncamlarda maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunmuşdur.
Bu mənada aprelin 14-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video konfransda qeyd etdiyi belə bir tapşırığı xatırlatmaq yerinə düşərdi: “Vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır”.
Dünyanı bürüyən pandemiya şəraitində bütün ölkələrin iqtisadiyatında qeyri-müəyyənliyin hakim olduğu müasir durumda idarəetmənin mühüm vəsiləsi olan nəzarətin rolu qat-qat artır. İqtisadi tarix sübut edir ki, belə çətin durumlarda vəsaitlərdən səmərəli, düzgün və qənaətlə istifadə qələbə üçün çox mühüm amildir. Eyni zamanda çox önəmlidir ki, hələ 2003-cü il 24 noyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanda cənab İlham Əliyev ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan vəsaitin şəffaflığının qorunmasını, müəssisələrdə maliyyə intizamının möhkəmləndirilməsini və bu sahələrdə mövcud olan nöqsanların aradan qaldırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdu.
Azərbaycan Respublikasında dərin sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi, daim güclənən investisiya və sosial yönümlü iqtisadiyyatın bərqərar olduğu şəraitdə ümumi nəzarətin mühüm bir qolu olan maliyyə nəzarətinin rolu ikiqat artır. Məhz mükəmməl maliyyə nəzarətinin mövcudluğu: a) idarəetmədə optimal qərarların qəbul edilməsi və normal fəaliyyətin təmin olunması üçün əsas verən informasiya bazasının formalaşmasına (informasiya funksiyası); b) mövcud nöqsan və çatışmazlıqların üzə çıxarılması ilə yanaşı, onların gələcəkdə təkrar olunmamasına zəmin yaratmağa (profilaktik funksiya); c) təsərrüfat subyektlərinə bütün ehtiyat və vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində öhdəliklərə əməl edilməsinə (səfərbəredici funksiya); və ç) məsul şəxslərə qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi və öz öhdəliklərinin dəqiq yerinə yetirilməsi sahəsində tələblər aşılanmasına (tərbiyəvi funksiya) yardım edir.
Qeyd etmək lazımdır ki, son dövrlərdə ölkəmizdə nəzarətin təkmilləşdirilməsi, dövlət nəzarəti ilə bərabər qeyri-dövlət nəzarətinin, o cümlədən ictimai nəzarətin və kənar auditin geniş tətbiqi istiqamətində mühüm addımlar atılmaqdadır. Buna ən son nümunələrdən biri kimi Nazirlər Kabinetinin 2020-ci il 11 aprel tarixli “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurasının yaradılmasını göstərmək olar. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə edilən uğurlu nəticələrlə yanaşı, maliyyə resurslarından səmərəsiz istifadə, vergidən yayınma, qanunsuz sahibkarlıq, inhisarçılıq, qeyri-formal məşğulluq və digər qanunazidd hərəkətlər hələ də tam aradan qaldırılmamışdır ki, bunlar da öz növbəsində, ölkə iqtisadiyyatında şəffaflıq probleminin həlli yolunda əngəllər yaradır.
Belə halların yolverilməzliyini kəskin və davamlı olaraq tənqid edən Prezident İlham Əliyev 2020-ci il 17 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasında vurğulamışdır: “... indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır”.
Hər bir ölkədə mövcud nəzarətin təkmilliyinə dəlalət edən amillərdən biri, bəlkə də birincisi müşahidə olunan kölgə iqtisadiyyatının səviyyəsidir.
Aparılan təhlillər göstərir ki, iqtisadi inkişaf dərəcəsindən və siyasi sistemin xarakterindən asılı olmayaraq kölgə iqtisadiyyatı bütün ölkələrdə və bütün növ iqtisadiyyatlarda bu və ya digər dərəcədə mövcuddur. Bəzi hesablamalara görə, bu fərq İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində 8,5%-dən 30%-ə qədər (Ümumi Daxili Məhsul), keçid iqtisadiyyatı ölkələrində 18,1%-dən 65,8%-ə qədər, inkişaf etməkdə olan ölkələrdə isə 12,8%-dən 66,6%-ə qədər fərqlənir. Son illərdə Avropada aparılan tədqiqatların nəticələri göstərir ki, kölgə iqtisadiyyatının ümumi həcmi 2,15% trilyon avro təşkil etmişdir ki, bunun da üçdə iki hissəsi bəyan edilməmiş işlərin, üçdə bir hissəsi isə keyfiyyətsiz hesabatlılığın payına düşür. Bütün dünyada isə kölgə iqtisadiyyatının həcmi 10 trilyon dollar həcmində qiymətləndirilir. Əgər kölgə iqtisadiyyatı ayrıca bir milli dövlət kimi təsəvvür edilərsə, onun iqtisadiyyatının ölçüsü dünyada 2-ci, əhalisinin sayı isə 1,8 milyard nəfər olardı.
ACCA-in 2018-ci ildə hazırladığı “Kölgədən çıxış: 2025-ci ilə qədər kölgə iqtisadiyyatı” adlı hesabatında göstərilir ki, dünya üzrə kölgə iqtisadiyyatının həcminin Ümumi Daxili Məhsula nisbəti 2011-2025-ci illər ərzində 23%-dən 21%-ə qədər azalması gözlənilir. Təbii ki, bu dinamika müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə özünü fərqli şəkildə büruzə verəcəkdir. Hesablamalara görə, ən yüksək ÜDM-in həcminə malik olan ABŞ-ın Kaliforniya ştatında işçi qüvvəsinin 15-17%-i gizli iqtisadiyyatda çalışır. Kaliforniyanın kölgə iqtisadiyyatı ildə 60-140 milyard dollar həcmində məhsul istehsal edir. Hesablamalara görə, mövcud kölgə iqtisadiyyatı digər müəssisələr kimi öz vergilərini ödəmiş olsaydılar Kaliforniya 8,5-28 milyard dollar gəlir əldə etmiş olardı.
İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 21 ölkədə kölgə iqtisadiyyatının təhlili göstərir ki, 30 il ərzində kölgə iqtisadiyyatının ölçüsü 2 dəfə, yəni Ümumi Daxili Məhsul 10%-dən (1970-ci ildə) 20%-ə qədər artmışdır.
Bununla belə mükəmməl nəzarətin məhsulu kimi dəyərləndirilən şəffaflıqla kölgə iqtisadiyyatının səviyyəsi arasında güclü əlaqənin mövcudluğu bütün mütəxəssislər tərəfindən etiraf edilir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi strategiyasında kölgə iqtisadiyyatına qarşı mübarizə və nəzarətin təkmilləşdirilməsi üzvi surətdə əlaqələndirilir. Məsələn, 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr edilmiş video konfransda ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “... hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq”.
Bir qədər əvvəl isə mart ayının 31-də cənab Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən demişdir: “Bizim əsas məqsədimiz, - mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, - kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.
Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir. Bir daha özəl sektorun nümayəndələrinə müraciət etmək istərdim və artıq mən bunu bir neçə dəfə demişəm ki, biz köklü islahatlar aparırıq. Bu, kölgə iqtisadiyyatının sonu deməkdir”.
Bu sahədə indiyə kimi səbir göstərildiyini xatırladan Prezident cənab İlham Əliyev demişdir: “Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə, hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək”.
Ölkə iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının istiqamətlərindən biri kimi beynəlxalq standartların və qabaqcıl xarici təcrübənin tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq standartlar dedikdə, istər beynəlxalq maliyyə hesabatı standartları, istər beynəlxalq mühasibat uçotu və audit standartları, istərsə də beynəlxalq nəzarət prosedur və qaydaları əhatə olunmalıdır. Bütün bunlar möhtərəm Prezidentimizin diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir.
Şəffaflığı cəmiyyətin səmərəli inkişafının mühüm ünsürü hesab edən ölkə başçısı hələ 2008-ci il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində demişdir: “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir”.
I rübün yekunlarına həsr olunmuş video konfransda şəffaflığın əhəmiyyətindən danışarkən cənab İlham Əliyev demişdir: “Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin 3 ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır, təkliflər hazırlanmalıdır”.
Göründüyü kimi, maliyyə şəffaflığı dedikdə, ölkə Prezidenti təkcə büdcə vəsaitlərinin xərclənməsini yox, eyni zamanda və bəlkə də, ilk növbədə, büdcəyə daxilolmalarda şəffaflığın təmin olunmasını zəruri hesab edir.
İqtisadi təhlükəsizlik baxımından milli iqtisadiyyatın dözümlülüyü və sabitliyinin mahiyyəti ölkə iqtisadiyyatının bütün elementlərinin etibarlılığını və bütün mülkiyyət formalarının müdafiəsini nəzərdə tutur.
İqtisadi təhlükəsizliyin inkişaf və tərəqqi yönümünün gücləndirilməsi yolları, o cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Dünya praktikası göstərir ki, iqtisadi təhlükəsizlik hakimiyyətin bütün qollarının və səviyyələrinin birgə fəaliyyətindən, vətəndaş cəmiyyətinin formalaşma dərəcəsindən birbaşa asılıdır. Bu ilk növbədə, onunla əlaqədardır ki, iqtisadi təhlükəsizliyin obyektləri sırasına dövlətlə yanaşı, həm də cəmiyyət, ailə, ayrı-ayrı vətəndaşlar, müəssisələr, təşkilatlar, ərazi vahidləri daxildir. Xüsusi qeyd etmək lazımdır ki, son illərdə ölkə başçısı tərəfindən vətəndaş cəmiyyətinin bərqərar olması, ailə və qadın problemləri, gənclər siyasəti üzrə böyük miqyaslı tədbirlər sistemi işlənib hazırlanmış və həyata keçirilməkdədir.
İlham Əliyevin dövlət quruculuğu siyasətində xüsusi önəm verdiyi məsələlərdən biri də vətəndaşlarla dövlət məmurları arasında yaranan ziddiyyətlərdə vətəndaşların iqtisadi təhlükəsizliyinin qorunmasıdır.
Sübut etməyə ehtiyac yoxdur ki, istər ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə və hətta ondan da əvvəlki onilliklərdə (Naxçıvanski adına hərbi məktəbin yaradılması, Azərbaycanda son məhsul istehsalı ilə məşğul olan və dünya bazarına rəqabət qabiliyyətli məhsul ixrac edən müəssisələrin yaradılması; elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində atılan uzaqgörən addımlar və s.), istərsə də ölkə Prezidenti cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi dövlət quruculuğu siyasəti ölkəmizin milli təhlükəsizliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi göz qabağındadır.
İqtisadi təhlükəsizliyin inkişaf və tərəqqi yönümünün gücləndirilməsi yolları, o cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə həlli vacib mühüm vəzifə kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.

Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor.