Moskvada dərc olunan beynəlxalq elmi-praktiki “AUDİT” jurnalının 2020-ci ilin I (yanvar) nömrəsində Azərbaycan auditinin əldə etdiyi uğurlar və qarşıda duran problemlər barədə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovla geniş müsahibə dərc olunmuşdur.

Jurnalın bu nömrəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin azərbaycan Respublikasında auditor sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 2020-ci ilin 6 yanvar tarixli sərəncamının azərbaycan və rus dillərində mətnləri nəşr olunmuşdur.

Eyni zamanda üz qabığında həmyerlimizin fotoşəkili yerləşdirilmiş nəşrdə professor Vahid Novruzovun müfəssəl tərcümeyi-halı da əks olunmuşdur.

Jurnalda həmçinin, Vahid Novruzovun yubileyi ilə əlaqədar daxil olmuş müxtəlif beynəlxalq və xarici qurumların rəhbərlərindən təbrik mətnləri də çap olunmuşdur.

O cümlədən, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti İn-Kİ-Cu`nun, Rusiya Federasiyası Özünütənzimləyən Auditor təşkilatlarının «СОДРУЖЕСТВО» Assosiasiyasının prezidenti, idarə heyətinin sədri A.D.Şeremet, həmin assosiasiyanın icraçı direktoru, idarə heyətinin üzvü O.Nosova və vitse-prezidenti V.Çayanın, Litva Auditorlar Palatasının prezidenti İ.Purinenin, Latviya Respublikası Mühasiblər Assosiasiyasının prezidenti A.Ponomaryovun, Sank-Peterburq Auditorlar Palatasının prezidenti A.Kuznetsovun, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri G.Rusunun, Rumıniya Maliyyə Auditorları Palatasının fəxri prezidenti H.Neamtunun, «Теневая экономика» jurnalının baş redaktoru V.Burovun, Peşəkar Mühasiblər, Samara Maliyyə menecerləri və İqtisadçılar Milli İnstitutunun prezidenti M.Xanjova, fəxri prezidenti D.Yakovenko və direktor V.Kamenskixin, Belorusiya Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərin və mütəxəssislərin İxtisasartırılması Mərkəzinin direktoru K.Veliçkoviçin və “AUDİT” jurnalının redaksiya heyətinin təbrikləri dərc edilmişdir.

Professor Vahid Novruzov eyni zamanda Rusiyanın paytaxtı Moskvada nəşr olunan “AUDİT” və «Теневая экономика» jurnalının beynəlxalq redaksiya heyətinə üzv seçilmişdir. Hər iki jurnal Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının siyahısına daxil olunan səlahiyyətli jurnallar sırasındadır.

Qalareya