YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirildi

Dekabrın 11-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirildi. Videokonfransda iştirak edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının Rayon Şurası və İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının rəhbər şəxsləri, partiya veteranları və fəal gənclər müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, Ulu Öndərin fenomenal həyat yolu və zəngin dövlətçilik irsi, Azərbaycan xalqının əbədi yaddaşına qızıl hərflərlə həkk olunmuş misilsiz xilaskarlıq missiyaları, Azərbaycanın müstəqilliyinin qorunması və dönməzliyinin təminindəki əvəzsiz xidmətlərindən bəhs etdilər.

Videokonfransda çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, həm Sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycan xalqının milli maraqlarına xidmət edən dövlətçilik fəaliyyəti, müasir müstəqil Azərbaycanın quruculuğu üçün ən taleyüklü məqamlarda böyük fədakarlıq və məharətlə yerinə yetirdiyi xilaskarlıq missiyaları və dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin sözün əsl mənasında cahanşümul siyasətinin başlıca aspektləri haqqında geniş danışdı. Qeyd olundu ki, 44 günlük İkinci Qarabağ, Vətən müharibəsində Azərbaycanın parlaq hərbi və diplomatik qələbəsinin, Azərbaycan xalqının bugünkü möhtəşəm, şanlı, tarixi zəfərinin bünövrələri məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşdırılıb. 1990-cı illərin əvvəllərində Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri kimi o dövr üçün son dərəcə cəsarətli qərarlar qəbul edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırılıb və məhz üçrəngli Azərbaycan bayrağı meydan hərəkatında Azərbaycan xalqının dirçəlişinin, milli oyanışının, müstəqilliyinin rəmzinə çevrilib. Müasir müstəqil Azərbaycanın və Azərbaycan xalqının bugünkü möhtəşəm zəfərlərinin əsası isə məhz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində təsis olunması ilə başlayıb. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Ulu Öndər dağılmaq, parçalanmaq ərəfəsində olan Azərbaycanın müstəqilliyini qorumağa, dərin siyasi-iqtisadi-sosial-mədəni böhran şəraitində olan ölkəni tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxartmağa və cəmiyyət həyatının istisnasız bütün sahələrində əsaslı, sistemli struktur islahatlarının icrası nəticəsində Azərbaycanda tamamilə yeni iqtisadiyyat, sənaye, ordu quruculuğuna nail oldu və müasir Azərbaycanın fundamental təməlləri formalaşdırıldı. Ş.Hacıyev xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması üçün Azərbaycan xalqı qarşısındakı ən böyük xilaskarlıq missiyası məhz sağlığında öz layiqli siyasi davamçısını müəyyənləşdirməsi oldu. Tarix və zaman Heydər Əliyevin bu qərarının da nə dərəcədə doğru olduğuna şahidlik etdi. Dahi Heydər Əliyev məktəbinin yetirməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunan möhtəşəm siyasi, iqtisadi, diplomatik uğurlar, Azərbaycanın ildən-ilə yüksələn müsbət beynəlxalq nüfuzu, hərbi qüdrəti 44 günlük şanlı zəfər hərəkatı nəticəsində ən ağrılı və yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması və cəmiyyətimizdə uzun müddətdir mövcud olan sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin, həmrəyliyinin inamlı, parlaq zəfəri, əzəli düşmənlərimiz üzərində tarixi qələbəmiz və işğal altındakı torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması ilə nəticələndi. Ş.Hacıyev bildirdi ki, “Xalqımızın, Müzəffər Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun bu tarixi Qarabağ Zəfəri sözsüz ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin və Xalq-İqtidar-Ordu birliyinin təcəssüm etdiyi “dəmir yumruğ”un təntənəsidir. Əminik ki, bu qəhrəmanlıq və şanlı qələbə salnaməsinin ilk təməllərini formalaşdıran, Azərbaycan xalqı üçün müxtəlif tarixi dövrlərdə mümkün olan, hətta mümkünsüz görünən hər şeyi siyasi dühanın bənzərsiz fədakarlığı ilə reallaşdıran Ümummilli Lider Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki canından çox sevdiyi Azərbaycanın ərazi bütövlüyü, dövlət sərhədləri uzun illərin həsrətindən sonra bərpa olundu. Doğma Qarabağ artıq aid olduğu Ana Vətəninə qovuşdu və bu möhtəşəm nəticələr məhz döyüş meydanında, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun, Azərbaycan əsgər-zabitinin dillərə dastan olan misilsiz qəhrəmanlığı nəticəsində əldə olundu. Düşmən rəzil-rüsvay vəziyyətdə təslim olmağa məcbur oldu və Azərbaycan xalqının əzəli düşmənlərindən bütün şəhidlərimizin, faciə qurbanlarının qisası alındı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün erməni miflərini, yalanlarını ifşa etdi, düşməni döyüş meydanında darmadağın etdi, Azərbaycan BMT-nin 4 qətnaməsini özü, təkbaşına icra etdi. Azərbaycan xalqının bu tarixi hərbi-diplomatik qələbəsi hələ uzun illər təhlil olunacaq və dərk olunacaqdır. Azərbaycan bütün dünya üçün son dərəcə mürəkkəb il olan 2020-ci ildə üç cəbhədə mübarizə apardı: döyüş meydanında və beynəlxalq informasiya mübarizəsində qətiyyətli qələbə qazandı. Gözə görünməz düşmən olan COVID-19 koronavirus pandemiyası ilə mübarizəmiz isə hələ də davam edir. Biz müzəffər Ali Baş Komandanımızla fəxr edirik. Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev güclü, qüdrətli Azərbaycanın tamamilə yeni, şərəfli, möhtəşəm tarixini yaradır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü Liderimizin müsəlləh əsgəridir, bütün xalqımız Prezidentimizin ətrafında yumruq kimi birləşib və Xalq-İqtidar-Ordu birliyinin təcəssümü olan bu “Dəmir Yumruq” ildən-ilə daha da möhkəmlənəcək, əbədi olacaqdır. Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Nə qədər Azərbaycan, Azərbaycan xalqı var, Heydər Əliyevin ideyaları və siyasəti yaşayacaqdır.”

Videokonfransda YAP Səbail rayon İdarə Heyətinin üzvləri, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılovAdilə Abbasova, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli və YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva çıxış edərək Ulu Öndər Heydərin tarixi xidmətlərindən, zəngin dövlətçilik irsindən bəhs etdilər.

“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev qeyd etdi ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin əmanətinə ləyaqətlə sahib çıxdı, atanın müqəddəs vəsiyyətini yerinə yetirdi, mənfur düşmənin işğalına son qoydu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müstəqilliyin ilk illərində Azərbaycanda elə bir böhran yaranmışdı ki, xalqımızın gələcəyə heç bir ümidi qalmamışdı, hakimiyyətdə olan rəhbərlərə etimad yox idi. Birinci Qarabağ müharibəsində qələbəyə inam yox idi, çünki nizami ordu, bu ordunu idarə edən və rəhbərlik edən Ali Baş Komandan yox idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan xalqına, müstəqil dövlətçiliyimizə sahib çıxdı, müstəqilliyimizi qorudu, möhkəmləndirdi və Ulu Öndərin yaratdığı bünövrələr, təməllər üzərində Azərbaycan xalqı, müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ordumuzun gücü, xalqımızın birliyi, Liderimizə olan etibar xalqımızın bu qələbəsini təmin etdi. 10 dekabr tarixində keçirilən Zəfər paradı Azərbaycanın şanlı qələbəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bundan sonra da Ulu Öndərin əbədiyaşar ideyaları və müzəffər sərkərdəmiz, Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasi kursu ilə inkişaf edəcək və ildən-ilə qüdrətlənəcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov bütün xalqımızı qazanılmış tarixi qələbə münasibətilə təbrik edərək bildirdi ki, 2020-ci il Azərbaycan xalqı üçün ərsəyə gəlməz, müqayisə olunmaz və əbədi yaddaşlara həkk olunan yadda qalan bir il oldu. Bu il Azərbaycanın qazandığı möhtəşəm hərbi və diplomatik qələbənin mühüm amillərindən biri xalqımızın möhtərəm Prezidentimizin ətrafında birləşməsi, cəmiyyətimizdə əldə olunan vətəndaş həmrəyliyi, birliyi, vahid ideya ətrafında birləşməyə nail olmağımız oldu. Azərbaycan xalqı məğlub, məzlum xalqdan məğrur, qalib xalqa çevrildi. Bu misilsiz qələbəyə xalqımızın Ali Baş Komandanımıza olan məhəbbəti, hörməti, etimadı, Ordumuzun şücaəti, ən əsası isə Ulu Öndər Heydər Əliyevin dünyaşöhrətli siyasəti, Azərbaycanın müstəqil dövlətçiliyinin qurulmasındakı əvəzolunmaz xidmətləri və Prezident İlham Əliyevin dərin, düşünülmüş, cəsur, bütün dünyaya səs salan siyasəti nəticəsində nail olundu. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqdır ki, bizim Heydər Əliyev kimi görkəmli dövlət xadimimiz və hazırda Azərbaycana rəhbərlik edən Liderimiz İlham Əliyev var. Xalqımız bundan sonra da Prezidentimizin ətrafında sıx birləşəcək və Azərbaycanın gələcəyi daha mükəmməl, daha müzəffər, daha möhtəşəm olacaq.

YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edərək bildirdi ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin, Onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir və xalqımızın bugünkü qələbələrinin təməlində bu iki böyük şəxsiyyətin, görkəmli dövlət xadimlərinin dərin iqtisadi və diplomatik siyasi kursu dayanır. Allah Prezidentimizi, xalqımızı, igid əsgərlərimizi qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə tezliklə şəfalar arzu edirik.

YAP Səbail rayon İdarə Heyətinin üzvü Adilə Abasova diqqətə çatdırdı ki, başda Ali Baş Komandanımız, Prezidentimiz olmaqla bütün Ordumuzla qürur duyuruq. Möhtərəm Prezidentimizin vüqarlı nitqləri, qələbə xəbərlərini, işğaldan azad olunan torpaqlarımız haqqında müjdələrini dinlədikcə bütün xalqımız fərəhlənir, böyük sevinc, fəxarət hissləri keçirirdi. Azərbaycan xalqı daim Ulu Öndərimizə, Onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olmalıdır. Xalqımızın işğal altında olan torpaqlarımızın azad olunmasına dair həmişə ümidləri var idi. Müzəffər Ali Baş Komandanımız, şücaətli Ordumuz xalqımızın xəyallarını reallaşdırdı. Qarabağın və ətraf rayonların işğaldan azad olunması böyük qəhrəmanlıq dastanı və tarixi qələbədir. Ulu Öndərin qurub-yaratdığı Azərbaycan bütün dünyaya öz gücünü, əzəmətini, tarixini nümayiş etdirdi. Allah Prezidentimizi, xalqımızı qorusun!

6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova müasir Azərbaycanın tarixini yazan iki görkəmli dövlət xadiminin – Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə 6 saylı məktəb-liseyə tarixi ziyarətləri haqqında unudulmaz xatirələrindən bəhs etdi. Məktəbin kollektivinin daim bu etimada layiq olmaq üçün çalışdığını vurğulayan G.Orucova bildirdi ki, hamımız qürur duyduğumuz ən məşhur məzunumuz olan möhtərəm Prezidentimizə layiq gənc nəsil formalaşdırmaq üçün çalışırıq. Yeni gələn gənc nəsillər Ulu Öndər Heydər Əliyevin, Prezidentimiz İlham Əliyevin həyat yolu, zəngin dövlətçilik tərübələrini daim öyrənir və Vətənə, dövlətə layiq vətəndaşlar kimi böyüyürlər. Qədirbilən Azərbaycan xalqı Ulu Öndərimizin xatirəsini əbədi olaraq yaşadacaq və hər zaman Prezidentimizə sadiq olacaqdır.

YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yerinə yetirdiyi xilaskarlıq missiyaları haqqında danışaraq bildirdi ki, Ulu Öndərin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə örnək bir Xalq-Lider modelini yaratdı. Məhz bu həmrəylik, birliyin qızıl standartı 44 günlük Vətən müharibəsində möhtəşəm, tarixi qələbəni təmin etdi. Prezidentimiz bütün xalqımıza Qarabağın azadlıq sevincini bəxş etdi. İşğal nəticəsində viran qalmış torpaqlarımızda indi möhtəşəm bərpa, yenidənqurma işləri aparılacaq. Bu qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bütün dünya Azərbaycan nümunəsində Xalq-Ordu birliyinin böyük təntənəsini gördü. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev və İlham Əliyev kimi siyasi dühaların idarəçiliyi dövründə yaşadı və yaşayır.

YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin gənclər siyasəti, gənclərə hər zamanki böyük diqqət və qayğısı haqqında danışaraq vurğuladı ki, dünyanın istənilən nöqtəsində Azərbaycanı məhz Heydər Əlyevin adı, şəxsiyyəti sayəsində tanıyırlar. Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı, İlham Əliyev isə xalqımızı, dövlətimizi, bayrağımızı daha da ucaltdı və Azərbaycanı şanlı qələbə dövlətinə çevirdi. Bütün Azərbaycan gəncliyi müstəqil Azərbaycan dövləti ilə, Ulu Öndərimizlə, Prezidentimizlə, Ordumuzla fəxr edir.

YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan gəncliyinə örnək olan alicənablığı, yüksək intellekti, cəsurluğu və əsl Azərbaycan-Türk oğluna xas fenomenal xüsusiyyətlərindən danışaraq gənclərimizə Ümummilli Liderimizin, möhtərəm Prezidentimizin zəngin dövlətçilik irsini dərindən öyrənməyi və yüksək vətənpərvərlik ruhunda formalaşmağı tövsiyə etdi.

Natiqlər Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını, Ordumuzu Vətən müharibəsindəki möhtəşəm, tarixi qələbə münasibətilə təbrik etdilər, Şəhidlərimizin əziz, əbədiyaşar xatirələrini ehtiramla yad etdilər və qazilərimizə şəfalar dilədilər.

 

Qalareya