2020-ci il oktyabrın 14-də Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və nəşr olunmuş “Auditorların müstəqillik qaydaları» kitabının videokonfrans formatında təqdimat mərasimi keçirilib

2020-ci il oktyabrın 14-də auditor xidmətinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən auditorların müstəqilliyinin artırılmasına dəstək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və nəşr olunmuş “Auditorların müstəqillik qaydaları» kitabının videokonfrans formatında təqdimat mərasimi keçirilib.
Təqdimatda Auditorlar Palatasının əməkdaşlıq etdiyi qurumların rəhbərləri, Palatanın Şurası yanında komitə sədrləri, peşəkar mühasiblər və auditorlar iştirak ediblər.
Videokonfransı açılış nitqi ilə başlayan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ilk öncə sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun Ermənistanın növbəti təxribat xarakterli hücumunun qarşısının alınması, işğalda olan torpaqlarımızın azad edilməsi məqsədilə başlatdığı əks-hücum əməliyyatlarından bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında və qətiyyəti sayəsində tezliklə zəfər çalacağımıza ümid etdiyini bildirərək şanlı ordumuza uğurlar arzu edib. Daha sonra V.Novruzov nəşr edilən kitab barədə öz fikirlərini bildirərək müstəqilliyin auditin ən əsas prinsiplərindən biri olduğunu, auditorların öz müstəqilliklərini qorumaqla keyfiyyətli xidmət göstərmələrini və auditə ictimai etimadın səviyyəsinin yüksəldilməsi ilə bərabər dempinq, haqsız rəqabət, auditin nüfuzunun aşağı düşməsi və digər bir sıra xoşagəlməz halların qarşısının alınmasına zəmin yaratmalarını vurğulayıb. O, bildirib ki: “Auditin və mühasibatlığın tənzimlənməsini həyata keçirən beynəlxalq qurumlar auditorların müstəqilliyinin qorunması və müvafiq prosedurların tətbiq edilməsini özündə ehtiva  edən normativ metodik materialların hazırlanmasına xüsusi əhəmiyyət verirlər. Bu baxımdan 2018-ci ildə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən dərc edilmiş mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının hazırladığı «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) çox mühüm əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə olaraq “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” “Beynəlxalq  Müstəqillik Standartları” ilə  birlikdə nəşr olunmuşdur. IFAC tərəfindən nəşr olunmuş  və 2019-cu ilin sonlarında Auditorlar Palatası tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq dərc edilmiş «Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsində (Beynəlxalq Müstəqillik Standartları» ilə birlikdə) ehtiva olunmuş müddəaların mahiyyətinin üzvlərimizə, habelə ölkə mühasiblərinə çatdırılması,  Məcəllənin prinsipləri əsas  götürülməklə yeni normativ hüquqi aktların və xüsusi milli sənədlərin hazırlanmasını və tətbiqini ön plana çəkir. Bu baxımdan Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə iş planının  1.16-cı bəndinə uyğun olaraq Palatada yaradılmış işçi qrup tərəfindən «Auditorların və auditor təşkilatlarının müstəqillik qaydaları» işlənib hazırlanmış və Sizlərə təqdim edilir.” V.Novruzov kitabın müəlliflərinə və bu kitabın hazırlanmasında əməyi keçmiş şəxslərə öz minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, Auditorlar Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq standartları üzrə komitənin sədri Namiq abbaslı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Auditorlar Palatası Şurasının üzvü Altay Cəfərov, “Barattson” MMC-nin rəhbəri Elşən Rəhimov, Auditorlar Palatanın Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin sədri Vəli Kərimov, Azərbaycan Mühasibat və Risk Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri Günay Şahbazova çıxış edərək kitabın  peşənin inkişafında və onun müstəqilliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.