MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 25 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

2019-09-17

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası  Qanununun qəbul edilməsinin 25 illiyinə həsr edilmiş  tədbir keçirilmişdir

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü il 16 sentyabr tarixində imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 25 illiyinin qeyd edilməsi məqsədilə, Auditorlar Palatasında tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq qeyd etmişdir ki, Vətənimizin bu günü və sabahı üçün qanuni iftixar hissi doğuran bütün nailiyyətlər kimi, “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi də bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanmış, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.

2003-cü ildən başlayaraq ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi daimi diqqət və qayğının nəticəsində audit keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş və onun ölkənin iqtisadi-sosial həyatında rolu və əhəmiyyəti daha da artmışdır. Bunlar, eyni zamanda, ölkə Prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyev auditi belə dəyərləndirmişdir:

“Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.”

Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, maliyyə hesabatlığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən Dövlət Proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir.

2010-cu il yanvarın 1-dən ölkənin audit sistemində Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılmasını, Auditor xidmətinin inkişafına dair 2020-ci ilə qədər nəzərdə tutulmuş inkişaf Konsepsiyasının işlənib hazırlanmasını və reallaşdırılmasına rəvac verilməsini, Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu beynəlxalq peşəkar qurumlara tam hüquqlu üzvlüyə qəbul olunmasını, dünyanın 30-dan artıq ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələr qurulmasını və digər nailliyyətləri qeyd edə bilərik.

Auditorlar Palatasının uğurları sırasına MDB məkanında ilk olaraq Beynəlxalq Daxili Auditorlar İnstitutunun regional bölməsinin təsis olunmasını da aid etmək olar. Sonradan müstəqil İnstituta çevrilən Audit Azərbaycan İnstitutu Avropa və Asiya Konfederasiyalarının üzvlüyünə də Auditorlar Palatasının dəstəyi ilə nail olmuşdur.

Auditorlar Palatası müstəqil Azərbaycanın dövlət auditinin də beynəlxalq aləmdə tanınmasına öz mühüm töhfəsini vermişdir. Belə ki, 1997-2000-ci illər ərzində Auditorlar Palatası ölkəmizin ali audit qurumları təşkilatı olan INTOSAY-a, onun Avropa və Asiya Konfederasiyalarına qəbuluna nail olmuş, bir sıra tədbirlərə ev sahibliyi etmiş, Azərbaycan Respublikası Hesablama Palatası fəaliyyətə başladıqdan sonra isə öz üzvlük səlahiyyətlərini və əldə etdiyi resursları müvafiq qaydada həmin quruma təhvil vermişdir. Məhz Auditorlar Palatasının bu səyi sayəsində müstəqil Respublikamızın beynəlxalq ali audit qurumlarına üzvlüyü ən azı bir neçə il tezləşdirilmişdir.

Auditorlar Palatası ötən 23 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən, auditə dair 46 kitab, Ali məktəblər üçün "Audit" dərs vəsaiti-2 nəşr, "Daxili audit" dərs vəsaiti, 43 Milli audit standartları, Beynəlxalq Audit Standartları-2 nəşr, "Audit.Qanunvericilik və normativ sənədlər" toplusu - 9 cilddə, "Sahəvi auditlərin aparılmasına dair proqramlar"- 4 nəşr hazırlamış, "İqtisadiyyat və audit" jurnalını təsis etmiş, 25 Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş, on səkkizi regionlarda olmaqla 100-dək seminar və dəyirmi masa təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirmək əzmindədir.

Azərbaycan Respublikasının Auditorlar Palatası 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Palatanın nümayəndə heyətinin bir çox xarici ölkələrdə (London, Vyana, Amsterdam, İstanbul, Kiyev, Berlin, Brüssel, Sinqapur, Minsk, Tbilisi, Alma-Ata, Daşkənd, Kişinyov, Vilnüs, Podqoritsa, Lissabon, Buxarest, Madrid,  Riqa, Mauila, Tehran, Bratislava, Pekin, Paris, Seul, Budapeşt, Montevideo, Varşava, Moskva, Ankara, Nyu-York, Vaşinqton və s.) təşkil edilmiş mötəbər beynəlxalq tədbirlərdə iştirakı və səmərəli çıxışları həm qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və həm də Azərbaycanın dünya birliyinə tanıdılması məqsədlərinə xidmət edir.

Ötən dövr ərzində Auditorlar Palatasının təşəbbüsü ilə çoxlu sayda mötəbər beynəlxalq elmi-praktik konfranslar, o cümlədən 2004-cü il 15 sentyabr  tarixində “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar  “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri”, 2006-cı il 16 sentyabr tarixində Auditorlar Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafın sürətlənməsində maliyyə nəzarətinin rolu”, 2008-ci il 18-19 sentyabr tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə  “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti”, 2009-cu il 16-17 oktyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu”, 2012-ci il 15-16 mart tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu”, 2012-ci il 03-04 may tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Universiteti və "Audit-Azərbaycan İnstitutu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daxili audit: reallıqlar və perspektivlər”, 2014-cü il 14-15 may tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Bakı Biznes Universiteti, Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu, Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri İnstitutunın birgə təşkilatçılığı ilə “Müasir şəraitdə audit qanunvericiliyi”, 2016-cı il 05-06 aprel tarixlərində “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri”, 2017-ci il 21-23 sentyabr tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri", 2017-ci il 21-23 sentyabr Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri" mövzularında keçirilmişdir. Habelə, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanmış və onun nəticəsi olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Hazırda Palatanın nüfuzlu peşə qurumlarında - Beynəlxalq Mühasiblər Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında tamhüquqlu üzv kimi təmsilçiliyi, habelə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarusiya, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi sahəsində də böyük işlər həyata keçirilir.

Xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi Azərbaycanda auditor xidmətinin inkişafına və keyfiyyətinin yüksəldilməsinə, eləcə də auditor xidmətinin qanunvericilik bazasının dahada təkmilləşdirilməsinə ciddi kömək edir. Bununla əlaqədar Auditorlar Palatası beynəlxalq audit praktikası əsasında auditin keyfiyyətinin yüksəldilməsinə dair geniş tədbirlər planı hazırlamış və həmin planı mərhələlər üzrə həyata keçirir. Cari ildə də Auditorlar Palatasının kollektivi və üzvləri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan islahatlara öz töhfələrini verməklə, “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsinin 25 illiyini layiqincə qeyd  edirlər.

Auditorlar Palatası yerli qurumlarla da səmərəli əməkdaşlıq edir və həmin qurumlarla birgə konfrans, seminar, simpozium, “dəyirmi masa” və digər tədbirlər həyata keçirir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dək müəssisə və təşkilatları ilə  əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalanmış, onların iştirakı ilə   mühüm əhəmiyyətə malik bir sıra  beynəlxalq elmi-praktik konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir.

Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin və kölgə iqtisadiyyatının aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Auditorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr və 2016-cı il 4 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası işçilərinin və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir.

25 illik yubileyə həsr olunmuş tədbirdə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, “Azel - Audit” MMC-nin direktoru-auditor Elzadə Süleymanova, “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Şirvan Abbasov, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Xəqani Vəliyev, Sərbəst auditor Novruz Pənahov çıxış edərək Palatanın ötən dör ərzində keçdiyi uğurlu yoldan danışdılar.

Sonra ölkədə auditin inkişafında və auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə, Palatanın ictimai həyatında fəal iştiraklarına və Auditorlar Palatasında uzun müddət səmərəli əmək fəaliyyətlərinə görə Auditorlar Palatasının aşağıdakı əməkdaşları və üzvlərinə “Fəxri auditor” döş nişanı və “Fəxri fərman”lar təqdim edilmişdir:

 

“Fəxri auditor” döş nişanı

1. “Deloitte & Touche” MMC-nin partnyotu Kərimov Nuran Qüdrət oğlu;

2. “Kaspian Audit Kompani” MMC-nin direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu;

3. “Caspian Business Consultants” MMC-nin direktoru-auditor Həsənov Rauf Kamil oğlu;

4. “BDO Azərbaycan” MMC-nin direktoru-auditor Salayev Yunis Elxan oğlu;

5. “Baltik Kaspian Audit” MMC-nin direktoru-auditor Əsədullayev Samir Sədulla oğlu;

6. “Azel - Audit” MMC-nin direktoru-auditor Süleymanova Elzadə Süleyman qızı;

7. “COMPASS Audit-Consulting” MMC-nin direktoru-auditor İsgəndərov Səməd Mahmud oğlu;

8. Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Cəfərov Altay Mürsəl oğlu;

9. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət komitəsinin sədri, Sərbəst auditor Kərimov Vəli Məmməd oğlu;

10. Sərbəst auditor Pənahov Novruz İsmayıl oğlu.

 

“Fəxri fərman”

1. Auditorlar Palatası Sədrinin müşaviri Qarayev Fəqan Şakir oğlu;

2. “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Abbasov Şirvan Veyis oğlu;

3. “Davud Mamedov” MMC-nin direktoru-auditor Məmmədov Davud Zahid oğlu;

4. “VXA - Audit” MMC-nin direktoru-auditor Qurbanov Elçin İbad oğlu;

5. Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Vəliyev Xəqani Yəhya oğlu.

Auditorlar Palatasının arxada qalmış illərdə fəaliyyətinə fikrən nəzər saldıqda, ölkə auditorlarının və audit mütəxəssislərinin, bütövlükdə isə Auditorlar Palatası əməkdaşlarının və üzvlərinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin də öhdəsindən ləyaqətlə gələcəyinə, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qətiyyətlə, ardıcıllıqla və uğurla davam etdirdiyi yeni Azərbaycan quruculuğu strategiyasının reallaşdırılmasına  şəxsi töhfələrini  verəcəklərinə əminik.

Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoymuşlar.



 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur