MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan qəzetində "25 il dövlətin,mülkiyyətçilərin və auditorların mənafeləri keşiyində" adlı məqalə dərc olnumuşdur

2019-09-09

Azərbaycan qəzetində "25 il dövlətin,mülkiyyətçilərin və auditorların mənafeləri keşiyində" adlı məqalə dərc olnumuşdur

Şəffaflığın təminatçısı kimi səmərəli və stimullaşdırıcı nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafa təminatın vacib amillərindən biri hesab edilir.

Bu mənada çox səciyyəvidir ki, Azərbaycanda mövcud nəzarət sisteminin təkmilləşdirilməsi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur. Beynəlxalq təcrübə göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi qeyri-şəffaf, kölgəyə meyilli sistemdən qat-qat yüksək olur və iqtisadiyyatın idarə edilməsində optimal qərarların qəbulu təkcə sahibkarların deyil, bütövlükdə cəmiyyətin mənafelərinin qorunması sahəsində real zəmin yaradır.

Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev 1993-cü il dekabrın 8-də keçirilən müşavirədə çıxış edərkən demişdir: "Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tutursa və cürbəcür qeyri-qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır”.

Xarici ölkələrə milyardlarla manatlıq mal göndərilib haqqının ödənilməməsi, ayrı-ayrı adamların belə vəziyyətdən istifadə edərək dövlətin, xalqın vəsaitini mənimsəməsi, "məşhur” klirinq əməliyyatlarındakı "unutqanlıq”, idxal əməliyyatlarından respublikaya gəlməli olan vəsaitlərin başqa ölkələrin banklarında "ilişib” qalması, bu məbləğin inflyasiya nəticəsində öz dəyərini itirməsi Heydər Əliyevin kəskin etirazına səbəb olurdu.

Bunu nəzərə alan ölkə rəhbəri təsirli tədbirlər gördü. "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” imzaladığı 1994-cü il 9 avqust tarixli fərman bu cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan cəmiyyətində şəffaflığın bərqərar olunması sahəsində Prezidentin "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli fərmanı və "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncamı da xüsusi qeyd olunmalıdır. Həmin illər Azərbaycanda beynəlxalq meyarlara uyğun müstəqil audit sisteminin bərqərar olması istiqamətində də mühüm əhəmiyyət kəsb edən normativ hüquqi aktlar, o cümlədən 1994-cü il sentyabrın 16-da "Auditor xidməti haqqında” qanun qəbul edildi.

Ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan, Azərbaycanda auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ hüquqi aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində "Auditor xidməti haqqında” qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılan və 1996-cı il aprelin 5-dən fəaliyyətə başlayan Auditorlar Palatası ötən illər ərzində Azərbaycanda auditor xidmətini mütərəqqi dünya təcrübəsinə uyğun şəkildə təşkil etmək və tənzimləmək, milli audit sisteminin inkişafını təmin etmək üçün ən əvvəl mükəmməl normativ hüquqi bazanın yaradılması qayğısına qalmış və bu məsələni daim diqqət mərkəzində saxlamışdır. Bunun nəticəsində Ümummilli Lider Heydər Əliyevin maliyyə nəzarəti siyasətinin əsasını təşkil edən auditin tənzimlənməsinin Azərbaycan modeli xarici peşəkar qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Bir misal: ötən ilin sentyabrında Belarus Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndə heyəti üç gün ərzində bizim Auditorlar Palatasında işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi Belarusda Auditorlar Palatasının yaradılması üçün zəngin audit təcrübəsinə malik Azərbaycanın təcrübəsini öyrənmək, bu sahədə görülən genişmiqyaslı işlər barədə məlumat əldə etmək və məsləhətləşmələr aparmaqdan ibarət olmuşdur. Yeni yaradılacaq Belarus Auditorlar Palatasının funksiya və vəzifələrinin yerinə yetirilməsində zəruri olan 50-dək təlimat, tövsiyə, metodik göstəriş, qayda, sahəvi audit proqramı və digər sənədlər qonaqlara təqdim edilmişdir. Onu da qeyd edim ki, Rusiyada da auditin Azərbaycan modelinin tətbiqi qənaətinə gəlmişlər.

Müasir şəraitdə şəffaflığın artırılması və bununla bilavasitə bağlı olan kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə dünyəvi bir problem olaraq bütün ölkələrdə xüsusi diqqət tələb edir. Araşdırmalar göstərir ki, nəinki keçid iqtisadiyyatı ölkələrində, hətta inkişaf etmiş dövlətlərdə də maliyyə şəffaflığının lazımi səviyyədə təmin edilməməsi korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizə sahəsində ciddi problemlər doğurur. Ekspertlərin hesablamalarına görə, dünya təsərrüfat sistemində kölgə iqtisadiyyatının xüsusi çəkisi 20 faizdir. Hətta bir sıra inkişaf etmiş ölkələrdə bu göstərici nəinki azalmır, əksinə, daha da genişlənir. Məsələn, Böyük Britaniyada kölgə iqtisadiyyatının payı XX əsrin 90-cı illərinin ortalarında ümumi iqtisadiyyatın 6-8 faizini təşkil edirdisə, son 10 ildə 2 dəfəyə qədər çoxalaraq 13 faizə çatmışdır. Bu göstərici Almaniyada 16, İtaliyada 25, yaxın qonşumuz Rusiyada 45 faizdən çoxdur. ABŞ-da isə maliyyə fırıldaqları nəticəsində dəymiş ümumi zərər bu ölkə şirkətlərinin gəlirinin təxminən 5 faizinə bərabər olmuşdur.

Belə bir zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl görülən tədbirlər - maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunmuşdur.

Auditor xidmətinin hüquqi bazasının təkmilləşdirilməsi də Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələlərdəndir. MDB ölkələri arasında ilk olaraq Azərbaycanda daxili auditor fəaliyyətinin həyata keçirilməsi qanunvericiliklə hüquqi təsbitini tapmışdır. "Daxili audit haqqında” qanun Prezident İlham Əliyevin şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə strategiyasının hüquqi təməlində özünəməxsus yer tutmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına əvəzedilməz bir töhfədir.

İlkin layihəsi Auditorlar Palatası tərəfindən hazırlanmış başqa bir qanun - Azərbaycanda auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyən, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirən "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” 2007-ci il 22 may tarixli qanun da bilavasitə dövlət başçısının qanunvericilik təşəbbüsünün nəticəsi, auditorun əməyinə verdiyi yüksək qiymətin ifadəsidir.

Bu qanun auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılması, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin ödənilməsi üçün münbit şəraitin yaradılmasının təmin edilməsini nəzərdə tutur.

Ümumiyyətlə, Azərbaycanda auditə dövlət qayğısının əsasında Prezidentin auditə verdiyi önəm durur. Bu mənada cənab İlham Əliyevin sözlərini xatırlatmaq istərdim: "Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir”.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində Auditorlar Palatası tərəfindən bir sıra mühüm işlər görülmüşdür. Belə tədbirlərdən biri Auditorlar Palatası və "Deloitte and Touche” MMC-nin təşkilatçılığı ilə keçirilən "Korporativ idarəetmədə hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın keçirilməsində əsas məqsəd iqtisadi islahatların indiki mərhələsində hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində qabaqcıl korporativ idarəetmə metodlarının tətbiqi və yeni dövrün çağırışları nəzərə alınmaqla audit sistemini yenidən qurmaq məqsədilə müəssisələrdə fəaliyyət göstərən audit komitələrinin təsirliyini artırmaq, daxili audit qurumlarının fəaliyyətini gücləndirmək üzrə mövcud problemlərin həllinə yönəlmiş tövsiyələrin hazırlanmasından ibarət idi.

Auditorlar Palatasının səyləri nəticəsində ötən illər ölkədə auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 25, xidmətin həcmi isə 40 dəfəyə qədər artmışdır. O cümlədən təkcə 2018-ci ildə 59,4 milyon manat məbləğində 3943 müqavilə icra olunmuşdur.

Palata özünün beynəlxalq əlaqələrinin qurulması üzrə fəaliyyətinə - beynəlxalq və regional peşə qurumlarında təmsilçiliyə, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi, milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla ölkədə tətbiq edilməsi baxımından yanaşır. Palatanın nüfuzlu peşə qurumlarında - 1977-ci ildə təsis edilmiş, hazırda 130 ölkə və yurisdiksiyada fəaliyyət göstərən 175 tamhüquqlu və assosiativ üzvdən ibarət olan Beynəlxalq Mühasiblər Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların "Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında tamhüquqlu üzv, Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında isə assosiativ üzv sifətilə təmsilçiliyi, habelə 30-dan çox ölkənin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması həm də Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

Xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi Azərbaycanda auditor xidmətinin inkişafına və keyfiyyətinin yüksəldilməsinə, eləcə də auditor xidmətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ciddi kömək edir. Bununla əlaqədar Auditorlar Palatası beynəlxalq audit praktikası əsasında auditin keyfiyyətinin yüksəldilməsinə dair geniş tədbirlər planı hazırlamış və onu mərhələlər üzrə həyata keçirir. Cari ildə də Auditorlar Palatasının kollektivi və üzvləri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan islahatlara öz töhfələrini verməklə "Auditor xidməti haqqında” qanunun qəbul edilməsinin 25 illiyini layiqincə qeyd edirlər.

Auditorlar Palatasının arxada qalmış illərdə fəaliyyətinə nəzər saldıqda, ölkə auditorlarının və audit mütəxəssislərinin, bütövlükdə isə Auditorlar Palatası əməkdaşlarının və üzvlərinin "Auditor xidməti haqqında” qanundan irəli gələn vəzifələrin öhdəsindən ləyaqətlə gələcəyinə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə, ardıcıllıqla və uğurla davam etdirdiyi yeni Azərbaycan quruculuğu strategiyasının reallaşdırılmasına töhfələrini verəcəklərinə əminik.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor




(http://www.azerbaijan-news.az/view-173548/25-il-dovletin-mulkiyyetcilerin-ve-auditorlarin-menafeleri-kesiyinde)

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur