MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2017-ci ilin 21-23 sentyabr tarixlərində Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

2017-09-28

2017-ci ilin 21-23 sentyabr tarixlərində Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı və  Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

2017-ci ilin 21-23 sentyabr tarixlərində Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı və  Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

 

        “... Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və hesabatlılığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir.

             İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlılığın və auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaqdır”

                                

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və

şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın

iştirakçılarına 22 sentyabr 2017-ci il tarixli təbrik məktubundan

                                            

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir.

Bunları nəzərə alaraq, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 21-23 sentyabr tarixlərində “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransın keçirilməsində əsas məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, mütərəqqi idarəetmə və nəzarət metodlarından istifadə edilməsi, prudensial nəzarət mexanizmlərinin yaradılması və riskəsaslı nəzarətə keçidin təmin edilməsi üzrə tövsiyələrin hazırlanması təşkil etmiş, bununla yanaşı konfransda maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının kiçik və orta sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqinin gücləndirilməsi, büdcədənkənar vəsaitlərin idarə olunması və monitorinqi sisteminin təkmilləşdirilməsi, ilkin uçotun təşviqi və statistika infrastrukturunun yaxşılaşdırılması, maarifləndirmə və əməkdaşlıq sahəsində də təcrübə mübadiləsi və müzakirələr aparmaqdan ibarət olmuşdur.

2017-ci il 21 sentyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə bölmə iclasları ilə başlamışdır.

Bölmə iclaslarında ölkənin elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları iştirak etmişlər. Birinci bölmə iclası “Milli İqtisadiyyatın Yol Xəritəsi: iqtisadi perspektivlər, maliyyə mexanizmləri” mövzusuna həsr olunmuşdur. İclasın həmsədrləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov və “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Nizami Xudiyev, Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov olmuşdur.

İkinci bölmə iclası isə “Hesabatlılıq və şəffaflığın strateji hədəflərin reallaşmasında rolu” mövzusuna həsr olunmuşdur. İclasın həmsədrləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev və Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov, Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov olmuşdur. Bölmə iclaslarında dinlənilən məruzələr və təqdim olunan materiallar ətrafında geniş müzakirələr aparılmış və dinləyicilərin sualları cavablandırılmışdır.

2017-ci il 22 sentyabr tarixində tədbir iştirakçıları “Fəxri Xiyaban”da xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etdilər.

“JW Marriott Absheron Baku” otelində keçirilən Plenar iclasını Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, iştirakçıları və qonaqları salamladılar. Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu diqqətə çatdırmışdır (Məktub əlavə olunur).

 

Müraciətdə bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü surətlə artan irimiqyaslı layihələr icra edən ölkə olduğu və bu konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlılığın və auditin gələcək inkişaf konteksində əhəmiyyəti vurğulanır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov qeyd edib ki, 2016-cı il 6 dekabr tarixində Prezident İlham Əliyev tərəfindən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" təsdiq olunub. Dövlətimizin başçısının iqtisadi siyasətinin, o cümlədən strateji yol xəritəsinin əsasını da hesabatlılıq və şəffaflıq prinsipi təşkil edir. Bu yaxınlarda ölkə başçısının tapşırığı ilə strateji yol xəritələrinin bu ilin altı ayında icrasının ilkin nəticələri, monitorinq və qiymətləndirmə nəticələri açıq şəkildə mətbuatda dərc olunub. Natiq Əmirov bildirib ki, bugünkü tədbir Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilir və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı dövlətimizin başçısı tərəfindən Azərbaycanda həyata keçirilən islahatlara, o cümlədən hesabatlılıq və şəffaflıq tədbirlərinə olan diqqəti özündə ehtiva edir.

Plenar iclas ilk olaraq Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadənin məruzəsi ilə başlamışdır.

Ziyad Səmədzadə Qloballaşma şəraitində milli inkişaf strategiyası ilə bağlı çıxışında son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dünyada baş verən hadisələri izləyərkən şəffaflığın pozulmasının, korrupsiyaya qarşı mübarizənin zəif olmasının dünyanın bir çox ölkələrində təlatümlü problemlər yaratdığını, sosial gərginliyi artırdığını, bütövlükdə iqtisadi tərəqqinin qarşısını aldığını görürük.

Ziyad Səmədzadə qeyd etdi ki, Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar gərgin işlər aparılır. Strateji yol xəritəsi mühüm fundamental sənəddir, iqtisadi inkişafın, sosial həyatın bütün sahələrini əhatə edir. Bu yaxınlarda aparılan monitorinq və qiymətləndirmələr bir daha sübut edir ki, Azərbaycanda dövlət nəzarət sistemi uğurla davam etdirilir, sistemin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atılır. Bütün bunlar ölkəmizdə iqtisadi inkişafın, sosial tərəqqinin daha da genişlənməsinə imkan yaradacaq.

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov “Hesabatlılıq və yeni dövrün çağırışları” mövzusunda çıxış edib. Bildirib ki, "Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır".

V.Novruzov diqqətə çatdırıb ki, bugünkü tədbirdə mövcud problemlər göstərilməklə bərabər müasir şəraitdə iqtisadiyyatda hesabatlılığın və şəffaflığın səviyyəsinin yüksəldilməsi üzrə çox mühüm konkret təklif irəli sürülüb ki, onlar da konfransımızın tövsiyələrinə daxil edilib. Ümidvarıq ki, tövsiyələrin tətbiqi ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən yol xəritəsində nəzərdə tutulan islahatların reallaşmasına öz töhfəsini verəcək və burada iştirak edən beynəlxalq qurumların nümayəndələri əldə etdiyi təcrübəni öz ölkələrində tətbiq etmək imkanı qazanacaqlar.

“Maliyyə məlumatlarında şəffaflıq: sifarişçilərin maliyyə auditinə etimadının yüksəldilməsi” mövzusu ilə çıxış edən Rumıniya Maliyyə Auditorlar Palatasının fəxri prezidenti Horia Neamtu maliyyə məlumatlarının şəffaflığı maliyyə hesabatlarında əks olunduğunu söyləmişdir. Şəffaflığın investorlara nə qədər risk almalarında və investorların pullarını hara yatırmaqda  dəqiq və savadlı qərar almaqda kömək olur. Bundan əlavə o, şəffaflıq üzrə hüquqi bazadan da söhbət açmışdır. 

Azərbaycan Respublikasının baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev “Azərbaycan Respublikasında antikorrupsiya siyasəti” adlı məruzəsində qeyd edib ki, korrupsiyaya qarşı mübarizə elə bir məsələdir ki, burada ən əsas amil siyasi iradədir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində düzgün siyasi iradə mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsi məhz korrupsiyaya qarşı mübarizədir. 2003-cü ildən etibarən Azərbaycan Respublikası güclü siyasi iradə nümayiş etdirərək bu sahədə mövcud olan bütün beynəlxalq və regional konvensiyalara qoşulub. Həmin bu konvensiyalara qoşulmaqla yanaşı, hətta onların bütün müddəaları Azərbaycan qanunvericiliyinə implementasiya edilib. Hazırda əminliklə deyə bilərik ki, respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur. Qanunvericilik məsələsi daim dinamik bir prosesdir.

Kamran Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildən bu günədək 3 dövlət proqramı qəbul edilib, onların müddəaları müvəffəqiyyətlə icra edilib. Hazırda "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" mövcuddur. Biz hazırda onun implementasiyası ilə məşğuluq. "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" da özündə korrupsiyaya qarşı mübarizə məsələlərini ehtiva edir.

Azərbaycanda mövcud olan güclü antikorrupsiya sahəsində siyasi iradə qanunvericilikdən başqa digər mühüm məsələlərə də söykənir. Onlar bazalar üzərində qurulub ki, bu da, ilk növbədə, idarəçilikdə şəffaflıqdır. İdarəçilikdə şəffaflıq deyəndə korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Əminliklə deyirəm ki, “ASAN xidmət"in yaranmasından və bu qurumun Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur. "ASAN xidmət" mərkəzləri alternativ xidmət növüdür. "ASAN xidmət" Azərbaycan brendi kimi qəbul edilib. Prezident İlham Əliyev bu xidmətlərin inkişafına xüsusi diqqət yetirir", - deyə Kamran Əliyev qeyd edib.

Azərbaycan güclü iqtisadiyyata malikdir. Ölkəmizdə bütün sahələrdə inkişaf davam edir. Biz öz fəaliyyətimizdə çalışırıq ki, iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edək və öz təkliflərimizi verək.

Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin vitse-prezidenti Cemal Yükselen “Korporativ idarəetmədə hesabatlıq və şəffaflıq” mövzusunda çıxış edib. Qloballaşmanın əks olunmalarını sxem formasında konfrans iştirakçılarına məruzə edib. Qeyd edib ki, sabit iqtisadiyyatın; balanslı xarici ticarət siyasətinin; ədalətli gəlir bölüşdürülməsinin; sərmayə təcrübəsi və məhsuldarlığın; beynəlxalq əməkdaşlıq və sərmayə axınlarının birləşməsi inam yaradır. İnam öz növbəsində isə düzgün işləyən hüquq sistemi, doğru məlumatı cəmiyyətə şərh etmək və korporativ idarəetmə prinsiplərini meydana gətirir. Bütün bunlar ümumilikdə şəffaflıq və korporativ quruluş deməkdir.  Korporativ idarəetmə prinsiplərinə xüsusilə şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğunluq  özündə inamı, beynəlxalq inteqrasiya və likvidlik mərkəzini birləşdirir. Bunların nəticəsində doğru, zamanında, ortaq dillə hazırlanmış, etibarlı məlumatlar əldə edilir. Bu da Beynəlxalq Maliyyə Hesabatı Standartlarına, Etik dəyərlərə uyğun hesabat və yoxlama ilə nəticələnir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov "Şəffaflığın təmin edilməsində insan kapitalı amili" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, iqtisadiyyatda şəffaflığın artırılması və informasiyaya çıxış imkanlarının genişləndirilməsi prosesi fasiləsiz prosesdir. Bu baxımdan da bütün ölkələr üçün daim aktual mövzular sırasındadır. Azərbaycanın Strateji Yol Xəritəsində də iqtisadiyyatda şəffaflığın və açıqlığın artırılması prosesinə xüsusi yer verilib. Belə ki, qeyd olunan sənəddə fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi, qanunların icra mexanizminin təkmilləşdirilməsi istiqamətində şəffaflıq və hesabatlılıq məsələlərinə xüsusi önəm verilib. Biznes mühitinin cəlbediciliyinin artırılması və bununla bağlı konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ədalət Muradov deyib: "Tədqiqatlar göstərir ki, iqtisadiyyatın sərbəst düşüncəli və demokratik prinsiplərə yiyələnmiş peşəkar kadrları artdıqca həmin iqtisadiyyatda açıq və şəffaflıq səviyyəsi də yüksəlir. Bu gün ölkədə insan kapitalı, ilk növbədə, təhsil sistemi ilə bağlıdır və qarşıda duran əsas vəzifə kimi dayanır. Təhsil müəssisəsi insan kapitalının formalaşdırılması üzrə ixtisaslaşmış müəssisədir". Rektor bu istiqamətdə UNEC-də görülən işlərdən də bəhs edib, aparılan islahatlardan söz açmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov “Korporativ idarəetmə sistemi şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda çıxış edib. "SOCAR yüksək işgüzar nüfuzuna mənfi təsir edəcək, onun bazardakı mövqeyini zəiflədəcək halların önünə keçmək üçün şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb. Şirkət korrupsiya ilə mübarizə fəaliyyətinin artırılması üzrə standartlar hazırlayaraq tətbiq edir. Hər bir standartda şəffaflığın artırılması əsas götürülməklə korrupsiya ilə mübarizə, bu halların minimuma endirilməsi və digər müxtəlif məqamların əks olunduğunu bildirib.

Süleyman Qasımovun sözlərinə görə, SOCAR korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beynəlxalq təcrübədən yararlanır: "Bu prinsiplər əsasən SOCAR-ın idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərini müəyyən etməklə fəaliyyətindəki effektliyin artırılmasına, aparılan əməliyyatların şəffaflığının təmin olunmasına şərait yaradıb. Həmin prinsiplər həm də idarəetmənin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, fəaliyyətin səmərəliliyinin artırılması, dövlətin və digər maraqlı tərəflərin mənafelərinin qorunmasını təmin edib.

Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının sədri Sandra Vilcane “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə  auditin rolu” mövzusunda çıxış edib. Sandra Vilcane rüşvətin növlərinin açıqlanmasında rüşvətin qanunsuz retroksiya, qanunsuz ödənişlər, ödənişlərin asanlaşdırılması, təsir altında ticarət kimi növlərindən bəhs etmişdir.

AMEA-nın müxbir üzvü Akif Musayev “Vergi hesabatlılığı şəffaflığın zəruri şərtidir” mövzusu ilə bağlı çıxışında aparılan islahatların iqtisadi inkişaf üçün çox vacib olduğunu deyib. Bildirib ki, iqtisadi inkişafın ayrı-ayrı mərhələlərində müxtəlif səpkili islahatların aparılması zərurəti yaranıb. Bunların əsasında 3 amil - hər bir subyekt üzrə fərdi proqram, institusional norma və qaydalar, həmçinin cəmiyyət tərəfindən bəyənilmiş strategiyalar dayanır. Hər üç amil üzrə sənədlərdə hesabatlılıq əksini tapır ki, bu da onların yerinə yetirilməsində şəffaflıq üçün çox vacib şərtdir. Aparılan islahatlar bu proqramların davamlılığından çox asılıdır.

Strateji Yol Xəritəsi qəbul olunan ərəfədə geniş ictimai müzakirələr aparılıb təklif və tövsiyələr səsləndirilib. Bütün təkliflər nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Strateji Yol Xəritəsində xüsusi olaraq hesabatlılıq da öz əksini tapıb ki, bu da şəffaflığın tərkib hissəsidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət auditinin maliyyə nəzarəti sistemində rolu” adlı məruzəsində diqqətə çatdırıb ki, müasir dövrün mühüm tələblərindən olan hesabatlılıq və şəffaflıq məsələlərinə həsr olunan bugünkü konfrans dövlət maliyyə nəzarəti sistemində xüsusilə əhəmiyyətlidir. Belə ki, bütün ölkələrdə zəruri dövlət maliyyə nəzarəti sisteminin yaradılması dövlət quruculuğunun əsas funksiyalarından biridir və dövlətin nəzarət mexanizminin tərkib hissəsidir. Effektiv dövlət maliyyə nəzarəti sistemi hər bir dövlətin iqtisadi və maliyyə stabilliyinin və davamlı inkişafının mütləq şərtidir. Məlumdur ki, dövlət maliyyə nəzarəti sistemi daxili və kənar maliyyə nəzarətindən ibarət ikipilləli sistemdir.

Daxili dövlət maliyyə nəzarəti dedikdə icra hakimiyyəti orqanlarının və ya təşkilatların öz fəaliyyətlərinə nəzarəti başa düşülür. Bu fəaliyyəti həm funksiyalarına nəzarət səlahiyyəti də həvalə edilmiş icra hakimiyyəti orqanı, həm də müstəsna nəzarət səlahiyyəti verilmiş ixtisaslaşdırılmış orqanlar yerinə yetirə bilər. Hər iki halda bu orqanlar müəyyən mənada yuxarı icra hakimiyyəti orqanı ilə tabeçilik münasibətində olduqlarından təşkilati müstəqilliyə malik olmurlar.

Vüqar Gülməmmədov deyib: "Kənar nəzarət isə yoxlanan təşkilata, hakimiyyət orqanına və ya təsisata münasibətdən kənar olan və onun strukturuna daxil olmayan müstəqil orqan tərəfindən həyata keçirilir. Kənar nəzarət orqanı dövlət auditini həyata keçirir, tabeli təsisat deyil, ümumdövlət xarakterlidir. O, özündə müəyyən maliyyə əməliyyatlarına gətirib çıxaran bütün qərarlar üzərində nəzarəti ehtiva edir. Dövlət auditinin və daxili maliyyə nəzarətinin fəaliyyətlərinin obyektləri, subyektləri və həyata keçirilən nəzarətin nəticələrində xeyli fərqlər var. Bununla belə, dövlət auditi və daxili maliyyə nəzarəti sıx qarşılıqlı təmasda olmalıdır, çünki bu, mövcud resurslardan daha səmərəli istifadə etməyə və bir-birinin funksiyalarını təkrarlamamağa imkan yaradır. Eyni zamanda, dövlət auditini həyata keçirən qurum həm təşkilati, həm maliyyə müstəqilliyinə malik olmalı və həyata keçirdiyi auditi dövlətin adından aparmalıdır.

"Dövlət auditinin artan əhəmiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2012-ci və 2014-cü illərdə qəbul edilmiş iki Qətnaməsi ilə də bir daha təsdiq edilib. Ali Audit Qurumlarının gücləndirilməsi yolu ilə dövlət idarəetməsində səmərəliliyin, nəticəliliyin və şəffaflığın təmin edilməsi haqqında olan bu qətnamələrdə ali audit qurumlarının dövlət idarəetməsinin səmərəliliyinin, hesabatlılığının, nəticəliliyinin və şəffaflığının inkişaf etdirilməsində əsas rol oynadığı qeyd edilib. Eyni zamanda, həmin sənədlərdə vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv yığılması və istifadəsi sahəsində kənar nəzarət orqanının yeri və bu orqanların gücləndirilməsi zərurəti vurğulanıb", - deyə Palata sədri bildirib.

Litva Auditorlar Palatasının prezidenti Saulius Lapsinkas “Yeni iqtisadi şəraitdə audit və onun tətbiqi sahələrində ictimai etimadın təkmilləşdirilməsi” mövzusunda çıxış edib. Bildirib ki, audit peşəsinin tarixi 1990-cı ildən bəri Litva müstəqillik qazandıqdan sonra başlamışdır. O, qeyd edib ki, son illərdə audit peşəsinə inam və etimad azalıb. Əsasən gənc mütəxəssislər arasında audit peşəsinə seçimin azalmasını və 2008-ci ilə nisbətən 2015-ci ildə təxminən 45 faiz az auditor köməkçisi qeydiyyata alındığını vurğulayıb. İlk audit qanununun 1999-cu ildə qəbul olunduğunu qeyd edən Saulis Lapsinkas son 18 ildə qəbul olunmuş Audit qanununun 19 dəfə dəyişdirildiyini söyləyib. Auditə etimadın yüksəldilməsi istiqamətində hər gün yeni addımların atıldığını da bildirib.

Rusiya Auditorlar İttifaqının İdarə Heyətinin sədri Lyudmila Kozlova “Bələdiyyələrdə şəffaflığın artırılmasında auditin rolu və  əhəmiyyəti” mövzusunda çıxış etmişdir. O, neftdə bazar qiymətlərinin azalmasının Rusiya iqtisadiyyatına mənfi təsir göstərməsi və bu zaman büdcə vasitələrinin iqtisadiyyatına və idarə sisteminin müasirləşdirməsinə kəskin ehtiyac yaranmasından, sonrakı inkişafın və bələdiyyələrin vasitələrinin istifadəsi üçün  nəzarət sisteminin təkmilləşdirilməsinin istiqamətləri müxtəlif amillərlə təyin edilməsindən söz açmışdır. Bildirib ki, müstəqil audit bələdiyyə maliyyə nəzarəti sisteminin ayrılmaz hissəsidir və büdcə vasitələrinin, şəffaflığın artımının və onların istifadəsinin effektivliyinin xərclənməsinin monitorinqinin aləti kimi çıxış edir.

Lyudmila Kozlova deyib ki, xarici auditin hədəfi maliyyə haqq-hesabının etibarlılığı haqqında müstəqil fikirin ifadəsindən ibarətdir, hansı ki, əlaqədar istifadəçilərə verilir. Xarici auditin məsələlərinə o haqda nəticəni aid edilə bilər ki, mühasibat uçotunun, haqq-hesabın, maliyyələşdirmənin və idarənin (idarə etmənin) sistemləri düzgün təşkil edilmişdir və rəhbərliyə orqanın və ya təşkilatın hədəflərinin nailiyyətini təmin etməyə icazə verirlər, bu halda hədəflərin nailiyyəti ən qənaətli, effektiv və səmərəli üsullarla həyata keçirilir.

Rusiya Federasiyasında maliyyə auditi artıq beynəlxalq standartları və yoxlamaların keçirilməsinin çoxillik ənənələrini nəzərə alan öz tarixinə və inkişaf etmiş metodologiyaya malikdir.

"Strateji yol xəritələrinin icrası prosesi: Mərkəzi Bankın fəaliyyətində hesabatlılıq və şəffaflıq məsələləri" mövzusunda məruzə ilə çıxış edən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev diqqətə çatdırıb ki, qabaqcıl dünya təcrübəsi də göstərir ki, korporativ idarəetmənin ən mühüm təməl prinsiplərindən biri də şəffaflıq və hesabatlılıqdır. Ən mütərəqqi korporativ idarəetmə standartlarını öz işində daim rəhbər tutan Mərkəzi Bankda bu prinsiplərə böyük əhəmiyyət verilir. Mərkəzi Bank 1996-cı ildən öz fəaliyyətində maliyyə hesabatlılıq standartlarına tam keçidi təmin edib, 2000-ci ildən etibarən ölkənin bank sektorunda bankın rəhbərliyi ilə maliyyə hesabatlarının beynəlxalq standartları tam tətbiq olunur.

Strateji yol xəritələri üzrə Mərkəzi Banka həvalə olunmuş vəzifələri iki istiqamətdə qruplaşdırmaq olar: effektiv pul siyasəti rejiminin tətbiq edilməsi və dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması. Effektiv pul siyasəti rejiminin tətbiqi iqtisadiyyatda neftin qiymətinin kəskin aşağı düşməsi ilə başlayan yenidənbalanslaşma prosesləri fonunda pul-məzənnə siyasətinin yeni çağırışlara uyğun olaraq sərtləşdirilməsi ilə bağlıdır. Mərkəzi Bank konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb.

"Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank xüsusi monetar islahatlar proqramı hazırlayıb. Hazırda proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur. Proqramın qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq", - deyə Alim Quliyev diqqətə çatdırıb.

Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər maliyyə bazarlarında rəqəmsallaşmanın, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılmasına yönəldilib. Bu tədbirlərin məqsədi biznes subyektlərinin maliyyə resurslarına səmərəli çıxışının təmin edilməsi və iqtisadiyyatda maliyyə inklüzivliyinin artırılmasıdır.

Alim Quliyev deyib: "Rəqəmsal ödənişlərin genişləndirilməsi ilə əlaqədar beynəlxalq "Mastercard" təşkilatı ilə ciddi əməkdaşlığa başlanılıb. Hazırda rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində 3 illik dövrü əhatə edən geniş fəaliyyət proqramı hazırlanıb. Yaxın zamanlarda təsdiq olunaraq icrasına başlanılacaq".

Mərkəzi Bankın həyata keçirdiyi pul-məzənnə siyasəti, valyuta tənzimlənməsi sahələrində hesabatlılıq şəffaflıq məsələlərinə, son illər bu sahədə görülmüş işlərə, qarşıda duran vəzifələrə, eyni zamanda, strateji yol xəritələri ilə Mərkəzi Bankın məsul olduğu vəzifələrə toxunub.

Gürcüstan Peşəkar Auditorlar və Mühasiblər Federasiyasının Şura üzvü Nodari Ebanoidze “Audit işinin planlaşdırılmasında risk əsaslı nəzarət modelinin prinsiplərinin tətbiqi – innovativ yanaşma” mövzusunda  çıxış edib. Bildirib ki, İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatın İctimai Maliyyə Menecmenti sistemindəki islahat prosesləri və dəyişikliklərlə yanaşı resurs limitlərinin də ictimai audit işinin ortaya çıxan risklərə cavab verməsindən danışır. Audit işinin planlanmasında ardıcıl bir yanaşmanın təmin edilməsi və audit işinin təsirini maksimuma çatdırmaq üçün audit iş planlanmasında Riskə əsaslanan nəzarət metodunun prinsipləri tətbiq edilə bilər. Bu prinsiplər Hökumət Hesabatlılıq İdarəsi tərəfindən ən yüksək risk sahələrini müəyyənləşdirmək üçün tətbiq edilir.

Bundan əlavə plenar iclasda xarici və yerli qurumların nümayəndələridə öz məruzələri ilə çıxış etmişdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Sahibkarlığın inkişafının təmin olunmasında şəffaflığın rolu” mövzusunda, Azərbaycanda Amerika Ticarət Palatasının  prezidenti Nuran Kərimov “Korporativ idarəetmənin şəffaflığın və hesabatlılığın təmin  olunmasında oynadığı vacib rol” mövzusunda, Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun İdarə Heyətinin üzvü, “Jelyazkov Audit 2004” MMC Diplomlu ekspert-mühasib və icazəli auditoru Dimitar Jeliazkov “Mühasibat uçotunun və müstəqil maliyyə auditinin mütərəqqi inkişafını şərtləndirən amillər” mövzusunda, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Birliyinin icraçı direktoru Giorgi Rusiashvili “SMP-lərə risk əsaslı yanaşma üzrə auditin tətbiqi” mövzusunda, Azərbaycan Mühasibat və Risk Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud “Hesabatlılıqda şəffaflıq və mühasiblərin bilik səviyyəsinin inkişaf etdirilməsində sertifikatlaşdırmanın rolu” mövzusunda, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun prezidenti Lyudmila Xorujiy “Mühasiblər və Auditorların peşəkar hazırlığında müasir problemlər: Rusiya təcrübəsi” mövzusunda, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev “Audit peşəsinin müasir problemləri, həlli yolları və inkişafı” mövzusunda, Rusiya Federasiyası Uzaq Şərqin İnkişafı  Nazirliyinin Hüquqi təminat və nəzarət departamentinin direktor müavini, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli  institutunun fəxri prezidenti Dmitriy Yakovenko “Regional qrupların inkişafı üzrə dövlət-xüsusi partnyorluğun reallaşması çərçivəsində dövlət investisiyalarının istifadəsinə nəzarət” mövzusunda, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Strateji yol xəritələri: qarşıya qoyulmuş hədəflərlə bağlı statistik hesabatlılıq” mövzusunda, Ukrayna Milli Hüquq Universitetinin “Maliyyə hüququ” kafedrasının müdiri, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının akademiki, hüquq elmləri doktoru Nikolay Kuçeryavenko “Vergi uçotunun və hesabatlılığın xüsusiyyətləri: vəziyyət, problemlər və perspektivlər” mövzusunda, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji departamentinin direktoru Asim Zülfüqarov “Risk əsaslı nəzarət” mövzusunda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı Vergilər Nazirliyi tərəfindən görülən işlər barədə” mövzusunda, Estoniya Auditorlar Assosiasiyasının Direktorlar Şurasının üzvü Sergey Tsistyakov “7 illik məcburi BAS tətbiqi: Estoniya” mövzusunda, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü Elşad Səmədzadə "Strateji yol xəritəsi – dövlətin qlobal çağırışlara cavabı kimi” mövzusunda, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraedici direktoru Rade Scekic “Monteneqronun hesabatlıq və şəffaflıq sahəsindəki təcrübələri” mövzusunda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə “Korporativ idarəetmə sistemində hesabatlıq və şəffaflıq” mövzusunda, “Deloitte & Touche” MMC-nin Audit üzrə baş partnyoru Kelly Allin “Rəqəmlərin əhəmiyyəti, mühasibat uçotunun Azərbaycanın iş dünyasında təzahürü, habelə mühasibat uçotu biznes üçün nə deməkdir” mövzusunda çıxış etmişlər. Konfrans dövründə 40-a yaxın məruzə və 100-dən artıq tezis müzakirə edilmişdir.

Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankının, Hesablama Palatasının, Auditorlar Palatasının, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycanda Amerika Ticarət Palatasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA İqtisadiyyat İnstitutunun, AMEA Şərqşünaslıq İnstitutunun, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, “Azərsu” ASC-nin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Tibb Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Odlar Yurdu Universitetinin, Bakı Biznes Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Texniki Kollecinin, Azərbaycan Mühasibat və Risk Peşəkarları Assosiasiyasının, “Barattson” MMC-nin, “Rabitəbank” ASC-nin, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının, “KPMG Azərbaycan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, “Deloitte & Touche” MMC-nin, “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC-nin, “Xalq Sığorta” ASC-nin, “Tarsa Kompozit Boya Makina” MMC-nin, “Q.R.T.” MMC-nin, “VXA - Audit” MMC-nin, “L.B Audit xidməti” MMC-nin, yerli və beynəlxalq audit şirkətlərinin, eyni zamanda xarici qurumların o cümlədən, Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının, Litva Auditorlar Palatasının, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun, Rumıniya Maliyyə Auditorları Palatasının, Polşa Milli Auditorlar Palatasının, Rusiya Federasiyası Uzaq Şərqin İnkişafı Nazirliyinin, Rusiya Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli institutunun, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının, Estoniya Auditorlar Assosiasiyasının, Rusiya Auditorlar İttifaqının, Gürcüstan Peşəkar Auditorlar və Mühasiblər Federasiyasının, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Birliyinin, Ukrayna Milli Hüquq Universitetinin, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının, Belarusiya Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma Mərkəzinin, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun, Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin və.s nümayəndələri iştirak etmişdir. Konfransda 15 ölkənin 65 qurumundan 300 nümayəndə iştirak etmişdir.

Tədbirdə söylənilən hər bir məruzə iştirakçılar və qonaqlar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

Auditorlar Palatası məruzələrdə və tezislərdə təklif olunan maraqlı tövsiyələri təhlil edərək istər auditin qanunvericilik bazasının təkmilləşdirilməsində, istərsə də auditə dair normativ sənədlərin hazırlanmasında istifadə edəcəkdir.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. 

 

2017-ci il 23 sentyabr tarixində konfransda iştirak edən xarici qurumların nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Sonra xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

Hesab edirik ki, belə tədbirlərin həyata keçirilməsi ölkəmizdə hesabatlılığın və şəffaflığın təmin edilməsində auditorların fəaliyyətlərinə əhəmiyyətli müsbət təsir göstərməklə, bu sahədə onların qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsində geniş imkanlar yaradacaqdır.

Tədbirdə çəkilmiş foto-şəkilləri Sizə təqdim edirik.


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur