Auditorlar Palatasının 25 illik yubileyi ilə əlaqədar ən yaxşı “Müxbir yazısı” müsabiqəsi başlıqlı məqaləsi AZƏRTAC-da dərc edilmişdir

Bakı, 5 mart, AZƏRTAC

Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 1996-cı il aprelin 5-dən fəaliyyətə başlayan Auditorlar Palatasının 25 ili tamam olur.

Palatadan AZƏRTAC-a bildirilib ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturu olan, habelə Auditorlar Palatası tərəfindən tənzimlənən auditor fəaliyyəti ölkəmizin iqtisadi həyatında özünəməxsus yer alıb. Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar kompleks tədbirlər görülməsi nəzərdə tutulur. Həmin tədbirlərdən biri də kütləvi informasiya vasitələrində yer almış məqalələrin müsabiqəsinin təşkil olunmasıdır. Ötən ay baş tutmuş həmin müsabiqənin nəticələrinə görə Müsabiqə Komissiyası tərəfindən “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova “İqtisadiyyatda şəffaflıq və nəzarətin səmərəliliyinin artmasına xidmət edən vacib struktur” məqaləsinə görə 1-ci yerə, AZƏRTAC-ın müxbiri Samirə Quliyeva “Azərbaycanda şəffaflığın artırılması istiqamətində konseptual yanaşmalar formalaşdırılıb” və müstəqil jurnalist Akif Cabbarlı “Müasir və təkmil audit sistemi şəffaf idarəetmənin əsasını təşkil edir” məqalələrinə görə 2-ci yerə, “Vergilər.az” qəzetinin müxbiri Fərqanə Allahverdiqızı “Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu” və “Bakı-Baku.az” informasiya agentliyinin müxbiri Samir Mustafayev “Maliyyə intizamının təmini əsas hədəfdir” məqalələrinə görə 3-cü yerə layiq görülüb.

Öz məqalələrində müstəqil auditin ölkə iqtisadiyyatının inkişafında, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, kölgə iqtisadiyyatının azaldılmasında, maliyyə hesabatlılığının təkmilləşdirilməsindəki rolunu və Palatanın 25 ildə keçdiyi uğurlarını geniş işıqlandırdıqlarına görə müsabiqədə iştirak edən müxbirlərə Auditorlar Palatası adından təşəkkür bildirilib və müvafiq mükafatlarla təltif ediliblər.

Müsabiqə qaliblərinə müvafiq diplomlar təqdim olunub.