Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinə M Ü R A C İ Ə T 08.04.2020

 

Əziz həmkarlar!
Mən Sizə pandemiya ucbatından dünya iqtisadiyyatında qeyri-müəyyənliyin höküm sürdüyü, iqtisadiyyatın bütün sahələrinin və sahibkarlığın gözlənilməz və qəfil olduğu qədər də qlobal xarakterli çətinliklərlə üzbəüz qaldığı bir şəraitdə müraciət edirəm. 
Təəssüf hissi ilə etiraf olunmalıdır ki, mövcud durum iqtisadiyyatda şəffaflığın təmin olunmasında, iqtisadi resurslardan səmərəli istifadə edilməsində və iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən bizim peşə - müstəqil audit üçün də təsirsiz ötüşmür.
Bu həm də bizim xidmətin sifarişçiləri olan təsərrüfat subyektlərinin üzləşdikləri mürəkkəb durumla əlaqədardır.
Onu da nəzərinizə çatdırmaq istərdim ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə şirkətlərin maliyyə hesabatlarının hazırlanması və onların auditinin aparılması sahəsində praktik çətinliklər meydana gəlmişdir. Bu ilk növbədə sifarişçilərlə auditorların görüşlərinin keçirilməsində yaranan problemlər, auditi aparılan təsərrüfat qurumlarının sənədləri ilə yerlərdə tanışlıq və digər audit üçün zəruri prosedurların həyata keçirilməsindəki çətinliklərlə əlaqədardır. Bütün bunlar təkcə ölkəmizdə yox, hətta ən inkişaf etmiş dövlətlərdə belə bizim peşə mənsublarını ciddi qayğılandırmaqdadır. 
Əziz dostlar!
Yeni dövr bizlərin hər birindən ruhdan düşməməyi, bütün çətinliklərin gəlib keçəri olduğunu, təşviş və həyəcanın yersizliyini, gələcəkdə iqtisadiyyatımızın daha güclü olacağına dərin inam bəsləməyinizi, peşəmizin ali məqsədlərinə vicdanla və şərəflə xidmət etməyi tələb edir.
Mən tam əminəm ki, müstəqil Azərbaycanımızın gələcək inkişafı naminə sizlər də məhz bu fikirdəsiniz.
Məndə bu əminlik Sizləri şəxsən tanımağım və Sizin yüksək vətənpərvərliyiniz və peşəsini sevən səriştəli mütəxəssis olmağınıza bələd olmağımdan irəli gəlir.
Ən əsası odur ki, düşdüyümüz mürəkkəb durumun çözülməsi, ölkə iqtisadiyyatının böhrandan xali olması şəxsən hər birimizin və yaxınlarımızın, hər bir Azərbaycan vətəndaşının sağlığı naminə ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında və təsirli tədbirlər görüldü, Nazirlər Kabineti başda olmaqla bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları səfərbər olundu və digər ölkələrə nümunə ola biləcək cəsarətli addımlar atıldı. Tam yəqinliklə deyə bilərəm ki, cənab Prezidentin göstəriş və tövsiyələri, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımıza ünvanlanmış xeyirxah arzu və duaları tezliklə ölkəmizdə yeni bir vətəndaş həmrəyliyinin yaranmasının, rəvan iqtisadi inkişafın və xoşbəxt gələcəyimizin təşkilati-mənəvi özülü kimi real nəticələrini göstərəcəkdir. 
Hörmətli dostlar!
Yeni dövrün çağırışları işimizdə mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin mütləq Beynəlxalq Audit Standartlarına və digər normativ hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşəmizin imicinin yüksədilməsinə nail olmağı zəruri edir. Bu məqsədlə mənim tərəfimdən 8 aprel 2020-ci il tarixində 1/11 saylı “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran vəzifələrin həllinə dair” sərəncam imzalanmışdır. Sərəncamın məqsədi müasir şəraitdə ölkədə müstəqil auditin qarşısında duran problemlərin müəyyənləşdirilməsi, bu problemlərin operativ və səmərəli həll edilməsi üzrə yeni dövrün çağırışlarına uyğun tövsiyələrin işlənib hazırlanması, Auditorlar Palatasının üzvlərinə əməli köməkliyin göstərilməsi, Palata üzvlərindən daxil olan təklif və tövsiyələrin təxirə salınmadan öyrənilməsi, həll edilməsi və zəruri hallarda müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırılması, pandemiya dövründə qabaqcıl xarici təcrübənin Azərbaycan auditində tətbiqini təmin etmək təşkil edir. Sərəncama müvafiq olaraq Auditorlar Palatasında İşçi Qərargahı yaradılmışdır. Xahiş edirəm ki, həmin Qərargahla distant əlaqə yaratmaqla peşəmiz üçün vacib hesab etdiyiniz təklif və tövsiyələrinizi ən qısa zamanda təqdim edəsiniz. Sizlərin hər birinizi ölkəmizdə uğurla həyata keçirilən və yaxın zamanlarda müsbət nəticələrin şahidi olacağımız iqtisadi siyasətin reallaşdırılması istiqamətində ölkəmizin Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram! Unutmayaq ki, biz birlikdə güclüyük!
Ulu tanrı hər birinizə yar olsun!

Dərin hörmətlə,
Azərbaycan Respublikası 
Auditorlar Palatasının sədri                                    Vahid Novruzov

08.04.2020